Roma Papası XIV Leo din xadimi olmayan bir qadını Kommunikasiya Dikasteriyasının Prefekti təyin edib
Vatican News tərəfindən
Roma Papası XIV Leo, hazırda "EWTN News" şəbəkəsinin prezidenti və əməliyyatlar üzrə baş direktoru olan Maria Monserrat Alvaradonu 1 noyabr 2026-cı il tarixindən etibarən Kommunikasiya Dikasteriyasının Prefekti təyin edib.
Mexikoda anadan olan Alvarado Florida Beynəlxalq Universiteti və Corc Vaşinqton Universitetində elmi dərəcələrə yiyələnib. 2009-cu ildən 2023-cü ilə qədər o, Dini Azadlıq naminə Beket Fondunda (Becket Fund for Religious Liberty) rəhbər vəzifələrdə çalışıb, dini azadlığın müdafiəsinə və insan ləyaqətinin təşviqinə həsr olunmuş təşəbbüslərdə fəal iştirak edib.
2023-cü ildən o, "Eternal Word Television Network" (EWTN) şəbəkəsinin xəbər bölməsi olan "EWTN News"-un prezidenti və əməliyyatlar üzrə baş direktoru kimi fəaliyyət göstərir. O bu vəzifəsində televiziya, radio, mətbuat, rəqəmsal və sosial media daxil olmaqla, yeddi dildə məzmun istehsal edən beynəlxalq media platformalarına rəhbərlik edir.
Alvaradonun təyinatı ilə Papa XIV Leo, Papa Fransisk tərəfindən əsası qoyulan Roma Kuriyasının islahatı və yenilənməsi yolunu davam etdirir. Bu islahat, din xadimi olmayan imanlıların, həm kişi, həm də qadınların, Ümumdünya Kilsəsinin xidmətində rəhbər və məsul vəzifələrə gətirilməsini nəzərdə tutur. Alvarado Müqəddəs Taxt-Tacın dikasteriyasına prefekt təyin edilən ilk dünyəvi (din xadimi olmayan) qadındır.
Roma Kuriyası islahatının bir hissəsi kimi Papa Fransisk tərəfindən 27 iyun 2015-ci ildə yaradılmış Kommunikasiya Dikasteriyası Müqəddəs Taxt-Tacın kommunikasiya sistemlərinə nəzarət edir. Buraya Vatican News, Vatican Radio, L’Osservatore Romano, Vatican Media (foto, audio və video xidmətləri), Müqəddəs Taxt-Tac Mətbuat Xidməti, Vatikan Nəşriyyatı, Vatikan Mətbəəsi və Vatikan Filmotekası daxildir. Dikasteriya, ona həvalə edilmiş əməliyyat və texnoloji funksiyalarla yanaşı, həmçinin Kilsənin kommunikasiya sahəsindəki fəaliyyətinin teoloji və pastoral aspektlərini də inkişaf etdirir və dərinləşdirir. Alvarado gələn oktyabr ayında 70 yaşı tamam olacaq Paolo Ruffinini əvəz edəcək. Ruffini 2018-ci ildə Papa Fransisk tərəfindən Roma Kuriyasının dikasteriyasına təyin edilən ilk dünyəvi prefekt idi.
Qərardan sonra yayımlanan açıqlamasında Alvarado bunları bildirib:
"Bu təyinat gözlənilməz olsa da, Müqəddəs Ataya papalıq xidmətinə başladığı bu vaxtda xidmət etmək kimi səmimi bir arzu ilə bunu qəbul edirəm. Mən həmçinin, ötən illər ərzindəki rəhbərliyinə görə Paolo Ruffiniyə minnətdaram. Dikasteriyanın gücləndirilməsi istiqamətindəki vacib işləri dostluq və ümid içində davam etdirməyi səbirsizliklə gözləyirəm. Beləliklə o, Romada və hər yerdə Kilsəyə xidmət edərək İsanı dünyaya çatdırmağa davam edə biləcək."
Ruffini Kommunikasiya Dikasteriyasının əməkdaşlarına məktub göndərərək qeyd edib:
"Dikasteriyanın genetikasına sürətlə dəyişən kommunikasiya dünyası ilə daim ayaqlaşmaq vəzifəsi həkk olunub. Təşkilat olaraq yarandığımız andan etibarən rəhbər ulduzumuz bu olub və belə də qalır: heç vaxt dayanmamaq, yarışda qaçmağa davam edərkən bayrağı başqasına ötürmək, zamanla böyüyən və birliyə xidmət edən kommunikasiyanın təməl daşı kimi burada və indi, məhz bu saatda mövcud olmaq. Mən artıq yarışın son dövrəsinə qədəm qoymuşam. İş həyatımız adlanan bu uzun səyahətdə təqaüd üçün müəyyən edilmiş 70 yaşa çataraq, bayrağı növbəti prefekt kimi Monserrat Alvaradoya təhvil verəcəyəm. Biz bir-birimizi yaxşı tanıyırıq və önümüzdəki aylarda Kilsədə bizi birləşdirən birlik ruhu daxilində sıx əməkdaşlıq edəcəyik".
O əlavə edib: "Bu səkkiz il ərzində çiyin-çiyinə qət etdiyimiz yola görə Dikasteriyanın böyük ailəsinə minnətdaram. İndi isə qarşıdakı aylarda vəzifənin heç bir axsaqlıq olmadan, problemsiz şəkildə təhvil verilməsi prosesinə başlayırıq. Məqsədimiz Dikasteriyanın Müqəddəs Ataya xidmət yolunda inkişafına dəstək olmaq və onun bu missiyanı həmrəylik və şəffaflıq ruhunda davam etdirməsinə şərait yaratmaqdır.”
EWTN-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru Maykl P. Varşav bildirib ki, Alvarado şəbəkədə çalışdığı illər ərzində “onunla işləmək şərəfinə nail olan hər kəsin etimadını və hörmətini qazanıb”. O əlavə edib: “Roma Papası XIV Leo-nun pontifikatının bu mühüm mərhələsində ona xidmət etmək missiyasına başlayan Monserrat Alvaradonu dualarımız, xoş arzularımız və EWTN ailəsinin tam dəstəyi ilə müşayiət edirik”
