Papa XIV Leo: Münaqişələr insanlardan daha asan «qidalandırılır»
Debora Kastellano Lubov tərəfindən
«Biz aclıq və qida çatışmazlığı ilə mübarizə aparmaq, eyni zamanda bu problemləri doğuran və davam etdirən struktur səbəbləri aradan qaldırmaq kimi təxirəsalınmaz bir vəzifəni birlikdə bölüşürük. Bu missiyanın öhdəsindən layiqincə gəlmək üçün qarşımızda duran çağırışları, onların kökündə dayanan səbəbləri və davamlı həll yollarını diqqətlə araşdırmalıyıq».
Roma Papası XIV Leo bu fikirləri bazar ertəsi BMT-nin Dünya Qida Proqramının (WFP) Romadakı qərargahında İcra Şurasının üzvləri qarşısında çıxışı zamanı səsləndirib.
Müqəddəs Ata vurğulayıb ki, bugünkü qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq həyati əhəmiyyət daşıyır. O qeyd edib ki, su, ərzaq və tibbi xidmətlər kimi əsas insan ehtiyacları heç vaxt geosiyasi maraqlara tabe etdirilməməlidir.
Papa bu hökumətlərarası quruma fövqəladə vəziyyətlərdə insanların həyatını xilas etmək, münaqişələr və təbii fəlakətlər zamanı ərzaq yardımı göstərmək sahəsindəki fədakar xidmətinə görə təşəkkür edib. O qeyd edib ki, Dünya Qida Proqramının bu fəaliyyəti insan ləyaqətinin qorunmasına və qardaşlığın təşviqinə yönəlmiş Katolik Kilsəsinin missiyası ilə dərindən səsləşir. Bu missiya isə öz növbəsində İncilin insanı yaxınını sevməyə çağıran təliminə əsaslanır.
Papa qeyd edib ki, müasir böhranlar artıq ayrı-ayrı və müvəqqəti hadisələr deyil. Bu gün dünya uzunmüddətli münaqişələr, davamlı ərzaq çatışmazlığı, iqtisadi qeyri-sabitlik və iqlim dəyişikliklərinin yaratdığı artan risklərlə səciyyələnən davamlı böhranlar dövrünü yaşayır.
Müqəddəs Atanın sözlərinə görə, bu vəziyyət mühüm bir sual doğurur: «Belə şəraitin yaranmasına, təkrar olunmasına və bəzən hətta normaya çevrilməsinə səbəb olan qlobal nizamın mahiyyəti nədir?»
Papa vurğulayıb ki, məsələ artıq yalnız bu problemlərə necə müdaxilə etməkdən ibarət deyil. Əsas məsələ, onun sözləri ilə desək, «sistemin niyə sonradan aradan qaldırmağa məcbur qaldığı problemləri davamlı şəkildə özü istehsal etdiyini anlamaqdır».
Getdikcə daha çox parçalanan beynəlxalq nizam
Papa XIV Leo beynəlxalq nizamın getdikcə daha çox parçalandığını təəssüflə qeyd edib və bunun səbəblərindən birinin çoxtərəfli əməkdaşlıq sisteminin böhranı olduğunu bildirib. Onun sözlərinə görə, dövlətlər son illərdə öz resurslarını daha çox milli təhlükəsizlik, iqtisadi inkişaf və daxili sabitliyin təmin edilməsinə yönəldirlər. Halbuki bu sahələrin çoxtərəfli əməkdaşlıqla sıx bağlı olduğu çox vaxt nəzərdən qaçırılır.
Müqəddəs Ata vurğulayıb ki, bu tendensiya diqqətçəkən bir paradoks yaradır: «Bəşəriyyət tarixində görünməmiş istehsal imkanlarının mövcud olduğu bir dövrdə, eyni zamanda ifrat həssaslıq və yoxsulluq bölgələri də genişlənməkdə davam edir».
Papa əlavə edib ki, «prinsip etibarilə qəbul edilən dəyərlərlə onların praktikada prioritetə çevrilməsi arasındakı boşluqda həmrəyliyin getdikcə bürokratikləşdiyinin və insan həyatının səssizcə əmtəəyə çevrildiyinin şahidi oluruq».
Onun sözlərinə görə, bir tərəfdən humanitar yardım fəaliyyəti ehtiyac içində olan insanlara yardımın çatdırılmasını ləngidən mürəkkəb bürokratik prosedurların təsiri altına düşür, digər tərəfdən isə ərzaq da daxil olmaqla həyati əhəmiyyət daşıyan əsas nemətlərə çıxış çox vaxt iqtisadi və ya strateji maraqlardan asılı vəziyyətə salınır.
Münaqişələr insanlardan daha asan «qidalandırılır»
Papa qeyd edib ki, bu vəziyyətin nəticəsində iqtisadi və ya statistik baxımdan ölçülə bilən dəyər yaratmayan insanlar getdikcə görünməz hala gəlmək riski ilə üzləşirlər.
Müqəddəs Atanın sözlərinə görə, «bu ikili proses ciddi etik problem yaradır: insan şəxsiyyəti artıq beynəlxalq fəaliyyətin mərkəzində ardıcıl şəkildə yer almır».
Bu kontekstdə Papa XIV Leo sələfi Papa Fransiskin sözlərini xatırladıb: «Yardım proqramlarının və inkişaf layihələrinin mürəkkəb və anlaşılmaz siyasi qərarlar, ideoloji yanaşmalar və keçilməsi çətin olan gömrük maneələri ilə əngəlləndiyini qəbul etmək vacibdir. Lakin silahlar üçün belə maneələr mövcud deyil».
Papa əlavə edib: «Əslində, bu gün münaqişələr insanlardan daha asan “qidalandırılır”. Bu reallıq təkcə əməli fəaliyyət sahəsindəki çatışmazlıqları deyil, həm də siyasi və mənəvi prioritetlərdə mövcud olan dərin balanssızlığı üzə çıxarır».
Dünya Qida Proqramı humanitar böhranların dərinləşməsinin qarşısını almağa kömək edir
Papa qeyd edib ki, aclığın və ərzaq çatışmazlığının nəticələri yalnız bu problemlərdən birbaşa əziyyət çəkən insanlarla məhdudlaşmır.
Müqəddəs Atanın sözlərinə görə, aclıq sadəcə humanitar məsələ deyil. O, cəmiyyətin birliyini zəiflədir, münaqişə riskini artırır və insanları məcburi miqrasiyaya sövq edir.
Bu baxımdan Papa vurğulayıb ki, humanitar fəaliyyət beynəlxalq nizamdan kənar bir məsələ deyil. O, beynəlxalq ictimaiyyətin həmrəyliyi gücləndirmək, ayrı-seçkiliyə qarşı çıxmaq və hər bir insanın Allah tərəfindən verilmiş ayrılmaz ləyaqətini tanımaq məsuliyyətini bir daha xatırladıb.
«Beynəlxalq təsisatlar təkcə böhranları idarə etmək üçün mövcud deyil. Onlar ortaq məsuliyyət prinsipini təcəssüm etdirir və göstərirlər ki, beynəlxalq birlik ən həssas vəziyyətdə olan insanlara qarşı qayğı hissi ilə bir-birinə bağlıdır», – deyə Papa bildirib.
Müqəddəs Ata əlavə edib ki, Dünya Qida Proqramı sadəcə siyasi, iqtisadi və ya texniki qurum deyil, beynəlxalq həmrəyliyin konkret ifadəsidir. «Milli institutların geri çəkildiyi və yerli həmrəylik şəbəkələrinin dağıldığı yerlərdə bu qurumun fəaliyyəti humanitar böhranların geri dönüşü olmayan fəlakətlərə çevrilməsinin qarşısını almağa kömək edir».
Çoxtərəfli əməkdaşlığa sadiq qalmağın vacibliyi
Papa XIV Leo vurğulayıb ki, mövcud çağırışlara cavab vermək üçün çoxtərəfli əməkdaşlığa yenidən və daha qətiyyətlə sadiq qalmaq zəruridir.
«Mən dünya hökumətlərinə və xalqlarına müraciət edərək onları öz öhdəliklərini yeniləməyə və gücləndirməyə çağırıram. Aclıqla və onun kökündə duran səbəblərlə mübarizəyə ayrılan resurslar artırılmalı, yardımların ehtiyac içində olan insanlara çatmasına mane olan əngəllər aradan qaldırılmalıdır. Eyni zamanda, bu dəstək Kilsə və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın da gücləndirilməsinə xidmət etməlidir. Bütün bu tərəflərin imkanlarının birgə möhkəmləndirilməsi aclıqla mübarizədə ümumi səmərəliliyimizi artıracaq», – deyə Müqəddəs Ata bildirib.
Papa qeyd edib ki, bu çağırışın həyata keçirilməsi üçün lazımsız bürokratik maneələrin azaldılması vacibdir. Şəffaflıq və hesabatlılıq yardım prosesini çətinləşdirməməli, əksinə insanlara xidmət etməlidir.
Müqəddəs Ata əlavə edib ki, hökumətlərin ərazilərə tam nəzarət edə bilmədiyi və ya humanitar təşkilatların fəaliyyət imkanlarının məhdudlaşdırıldığı şəraitdə etibarlı yerli tərəfdaşların rolu əvəzsiz əhəmiyyət daşıyır.
Papa Kilsənin humanitar missiyasının əhəmiyyətini vurğulayıb
Papa XIV Leo qeyd edib ki, Katolik Kilsəsi prixodlar, yeparxiyalar, Caritas təşkilatları və digər kilsə təşəbbüsləri vasitəsilə çox vaxt beynəlxalq qurumların çata bilmədiyi bölgələrdə yaşayan həssas əhali qruplarına yardım göstərir. Bu səbəbdən Müqəddəs Ata Dünya Qida Proqramını və onun tərəfdaşlarını həmin fəaliyyətə dəstəyi davam etdirməyə çağırıb.
Papa vurğulayıb ki, insanların ərzaq ehtiyaclarının ödənilməsi yalnız onların əzablarını yüngülləşdirmir, eyni zamanda geosiyasi qeyri-sabitliyin əsas səbəblərinin aradan qaldırılmasına da xidmət edir. «Ərzaq təhlükəsizliyi qlobal və hərtərəfli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir», – deyə o bildirib.
Bu kontekstdə Müqəddəs Ata Dünya Qida Proqramının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, qurum təkcə fövqəladə hallara reaksiya verməklə kifayətlənmir, həm də məktəblilərin qidalanmasını təmin edən proqramlar kimi uzunmüddətli təşəbbüslərin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Beynəlxalq əməkdaşlığın etibarlılığı təhlükə altındadır
Çıxışının sonunda Papa XIV Leo ciddi xəbərdarlıq səsləndirib.
«Bu gün təhlükə altında olan yalnız bir qurumun fəaliyyətinin səmərəliliyi deyil, həm də beynəlxalq əməkdaşlığın özünə olan etimaddır», – deyə Müqəddəs Ata bildirib. O qeyd edib ki, Dünya Ərzaq Proqramının fəaliyyəti göstərir ki, yeni və daha səmərəli yol mümkündür.
Lakin Papa vurğulayıb ki, bunun üçün həddindən artıq mürəkkəbləşmiş prosesləri sadələşdirmək, əsas məsələləri prioritet kimi müəyyənləşdirmək və heç bir insanın diqqətdən kənarda qalmamasını təmin etmək üçün qəti iradə tələb olunur.
Nitqinin sonunda Papa XIV Leo iştirakçılara Allahın xeyir-duasını diləyərək belə dua edib: «Qoy hər kəs gündəlik çörəyini əldə etsin və insan ləyaqətinə uyğun həyat sürə bilsin».
