Papa XIV Leo: Biz qarşılaşdığımız insanlar üçün ümid əlamətinə çevrilməliyik
MÜQƏDDƏS ATANIN VƏZİ
Zati-aliləri və zati-möhtərəmləri,
əziz keşişlər, rahib və rahibələr,
Əlahəzrətlər,
əziz bacı və qardaşlar!
İspaniyaya səfərimin başlanğıcında, Məsihin Əqdəs Bədəni və Qanı bayramında bu müqəddəs ibadətə başçılıq etməkdən dərin sevinc duyuram.
Biz burada, Məsihin aramızdakı canlı hüzurunun ənamı olan Yevxaristiya ətrafında toplaşmışıq. Ata ilə birlikdə yaşaya bilməyimiz və Onun övladları ola bilməyimiz üçün Öz həyatını bizim uğrumuzda qurban verən Rəbb bu gün də aramızdadır. O, göydən enmiş diri Çörək kimi bizi Allahın Öz həyatı ilə, ölümdən daha qüdrətli olan məhəbbətlə qidalandırır.
Rəbbin Yevxaristik Çörəkdə həqiqətən mövcud olmasına iman İspaniya xalqının dini şüurunda və tarixi yaddaşında xüsusi yer tutur. Madrid şəhərində və ölkənin bir çox bölgəsində qeyd olunan Məsihin Əqdəs Bədəni və Qanı bayramı sadəcə liturgik təqvimin növbəti mühüm günü deyil. Bu bayram imanımızın qaynaqlarına qayıdaraq Allaha olan məhəbbətimizi və sədaqətimizi yenidən alovlandırmağa çağırır. Əsrlər boyu keçirilən “Corpus Christi” yürüşləri İspaniyanın dini və mədəni simasının ayrılmaz hissəsinə çevrilmişdir. Xalqın təqvası, incəsənəti, musiqisi, memarlığı və mənəvi həyatı bu ənənənin təsiri altında formalaşıb. Bu gün də küçələri bəzəyən gül kompozisiyaları, şəhər küçələrində qurulan altarlar, sənətkarlıq nümunəsi olan monstransiyalar, liturgik ilahilər və təntənəli geyimlər xalqın imanını görünən və hiss olunan şəkildə ifadə edir. Lakin bütün bunlar sadəcə gözoxşayan mərasim və ya keçmişdən qalmış bir ənənə deyil. Bu, dirilmiş və yaşayan Məsihə iman şahidliyidir. O Məsihə ki, bu gün də Öz xalqının arasında yaşayır və yol gedir; insan qəlbinin həyat, məna və sevgi aclığını doyurmaq üçün Özünü Çörək kimi bəxş edir; qəlbimizin ən gizli guşələrinə və tariximizin ən qaranlıq səhifələrinə belə daxil olaraq onları Öz nuru ilə işıqlandırır.
Məsih Yevxaristiyada Özünü bizə qida olaraq bəxş etdiyi kimi, “Corpus Christi” yürüşü də bizə xatırladır ki, O, yalnız kilsə divarları arasında qalmır. Rəbb insanları qarşılamaq üçün onların arasına çıxır. İsa, şəhər küçələrindən keçir, meydanlara gəlir, məhəllələrimizi ziyarət edir və gündəlik həyatımızın içində Öz hüzurunu göstərir. O, bizə yaxın olan Allahdır. O, xalqı ilə birlikdə yol gedir, tarixui idarə edir və insanın həyatına daxil olur. O, zəiflər üçün təsəlli, ailələr üçün nur, xəstələr üçün ümid, əzab çəkənlər üçün isə sülh mənbəyidir. Monstransiyada şəhər küçələrindən keçən Məsih, eyni zamanda yoxsulların, kənarda qalanların, tənha və unudulmuş insanların simasında bizimlə qarşılaşan Məsihdir. Buna görə də təsadüfi deyil ki, İspaniyada “Corpus Christi” bayramı uzun illərdir xeyriyyəçilik və mərhəmət günü ilə birlikdə qeyd olunur.
Söhbət yalnız monstransiyanın küçələrə çıxarılmasından getmir. Əsas məsələ odur ki, biz də öz xudbinliyimizdən, laqeydliyimizdən və rahatlıq axtaran, yalnız şəxsi məkanla məhdudlaşan iman anlayışımızdan çıxmağı bacaraq. Rəbb bizi düşüncə tərzimizi yeniləməyə, Onun çevrilmək çağırışını qəbul etməyə və həyatımızı dəyişdirən hüzuruna qəlbimizi açmağa dəvət edir. Məhz bu hüzur insanı yeniləyir və onu daha ədalətli, daha qardaşcasına və daha insani bir dünyanın qurucusuna çevirir.
Məhz buna görə “Corpus Christi” yürüşlərinin tarixi irsi keçmişə nostalji ilə baxmaq üçün deyil. Əksinə, bu ənənə bu gün də bizə müraciət edir: gündəlik həyatımızda, insanlararası münasibətlərimizdə, cəmiyyətin qurulmasında və gələcəyə dair məsuliyyətimizdə. Bu baxımdan birinci oxunuşda eşitdiyimiz «xatırla» çağırışını düzgün anlamaq vacibdir: «Allahın Rəbbin səni qırx il boyunca səhrada apardığı yolu xatırla» (Qanunun Təkrarı 8,2). Xatırla ki, aclıq içində olanda səni manna ilə qidalandırdı. Müqəddəs Yazılar bizi keçmiş hadisələri sadəcə yada salmağa deyil, Allahın həyatımızdakı fəaliyyətini yenidən dərk etməyə çağırır. Xatırlamaq ona görə vacibdir ki, Rəbbi unutmayaq, Ona olan etibarımızı itirməyək və bizi həqiqi həyatla doyura bilməyən saxta bütlərə üz tutmayaq.
Məhz burada bugünkü və gələcək İspaniya üçün mühüm vəzifə ortaya çıxır: əsrlər boyu bu xalqın kimliyini formalaşdırmış imanın və dini irsin keçmişə aid bir muzey eksponatına çevrilməsinin qarşısını almaq. Əksinə, o, bu gün də iman məktəbi olaraq qalmalı, insanlara yol göstərməli və onları ruhlandırmalıdır. Bu elə bir məktəbdir ki, insana həm Allahın, həm də yaxınının qarşısında təvazökarlıqla baş əyməyi öyrədir. Çünki Rəbbin qarşısında diz çökən insan öz qardaşına yuxarıdan baxa bilməz. Bu elə bir məktəbdir ki, məhəbbətdən doğan minnətdarlığın paylaşmağa və özünü başqalarına hədiyyə etməyə çevrildiyini öyrədir. Beləliklə, məhəbbət insanlar arasında dövr edir və eqoizmin qurduğu sədləri dağıdır. Bu elə bir məktəbdir ki, Allahın yalnız bir ideya və ya uzaq xatirə deyil, canlı və həqiqi Hüzur olduğunu bizə xatırladır. Eyni zamanda, bizə öyrədir ki, biz də cəmiyyətin problemləri və çağırışları qarşısında kənarda qalmamalı, ümumi rifahın qurulması naminə şəxsi məsuliyyət daşımalı və bu işdə fəal iştirak etməliyik.
Əziz bacılar və qardaşlar, bu gün mən «tərk edilmiş Tabernakulun yepiskopu» kimi tanınan Müqəddəs Manuel Qonsalesi də xatırlamaq istəyirəm. Onun həyatı bizə göstərir ki, Yevxaristiyaya ehtiram yalnız böyük bayramlarda və təntənəli mərasimlərdə deyil, həm də Rəbbə göstərilən səssiz sədaqətdə təzahür etməlidir. Bu, gündən-günə sadə, təvazökar və səmimi dostluqla Onun yanında qalmağı bacaran insanların sədaqətidir. Eyni zamanda, Müqəddəs Xuan de la Kruzun bu gözəl misralarını da yada salmaq istəyirəm: «Axan və çağlayan o bulağı yaxşı tanıyıram, baxmayaraq ki, gecədir» (İman vasitəsilə Allahı tanımağın sevincini yaşayan ruhun nəğməsi). 1578-ci ildə, “Corpus Christi” bayramı günlərinə təsadüf edən bir vaxtda, Toledo monastırının həbsxanasında ağır şəraitdə saxlanılarkən Müqəddəs Xuan de la Kruz qaranlıq kamerasında belə Rəbbin gizli hüzurunu hiss edə bilmişdi. O, həmin hüzurda heç vaxt sönməyən bir nurun və heç vaxt tükənməyən bir həyat mənbəyinin mövcudluğunu kəşf etmişdi. Yevxaristik İsa məhz «gizli olan o əbədi bulaqdır». O, səssizcə axır, susuzluğu yatırır, lakin insanı kor etmir; Özünü zorla qəbul etdirmir, qüdrət nümayiş etdirmir və diqqəti cəlb edən zahiri möhtəşəmliklə çıxış etmir. O, sakit və təvazökar şəkildə insan qəlbinə daxil olur, onu daxilən yeniləyir və həyat bəxş edir (bax: İman vasitəsilə Allahı tanımağın sevincini yaşayan ruhun nəğməsi).
Gəlin Ona səmimi məhəbbətlə yenidən üz tutaq. Gəlin qəlblərimizi Onunla görüşə açaq və qoyaq ki, O, ürəyimizin ən dərin susuzluğunu doyursun. O zaman biz də həyatın və tarixin yollarına çıxaraq insanlara bu diri su mənbəyini – məhəbbət, sülh, ədalət və sevinc gətirə biləcəyik. Gəlin bu gün yenidən Yevxaristiyanın tükənməz bulağından içək. Bu bulaq insanı yalnız şəxsi təqva sərhədləri içində saxlamır, əksinə onu başqalarına doğru göndərir: ailələrimizə, ehtiyac içində olanlara, əzab çəkənlərə, ümidini itirmiş insanlara həyat və təsəlli aparmağa çağırır. Eucharistiyanın lütfü insanı daxilən dəyişdirir. O, bizi yalnız iman həqiqətlərinin daşıyıcısı deyil, həm də tarixin yenilənməsinin fəal iştirakçıları edir. Beləliklə, biz qarşılaşdığımız insanlar üçün ümid əlamətinə çevrilirik və Məsihin dünyaya bəxş etdiyi yeni həyatın şahidlərini oluruq.
Qoy Yevxaristiyada mövcud olan Rəbb İsa sizi də bölünən, paylaşılan və başqaları üçün təqdim olunan çörəyə çevirsin. Beləliklə, həyatın dolğunluğu sizin, ailələrinizin və bütün ölkənizin həyatında bol-bol bəhrə versin.
