Axtar

Papa Leone XVI in partenza per la Spagna

Papa İspaniyaya Apostol Səfərinə başlayır

Roma Papası XIV Leo şənbə günü səhər Madridə enərək, İspaniyaya Apostol səfərini rəsmi olaraq başlayıb.

Debora Kastelano Lubov tərəfindən

Roma Papası XIV Leo-nu və onu müşayiət edən jurnalistləri daşıyan “ITA Airways” aviaşirkətinə məxsus təyyarə şənbə günü səhər saat 08:13-də Romanın Fiumicino Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:12-də Madrid-Baraxas Adolfo Suares Beynəlxalq Hava Limanına enib. Bununla da Müqəddəs Atanın İspaniyaya Apostol səfəri başlayıb.

Rəsmi qarşılama mərasimindən sonra Roma Papası XIV Leo Kral Sarayında İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə görüşəcək. Daha sonra o, dövlət rəhbərliyi, vətəndaş cəmiyyətinin nümayəndələri və diplomatik korpus qarşısında çıxış edəcək. Axşam isə Müqəddəs Ata Madridin mərkəzində yerləşən Lima meydanında gənclərlə birlikdə dua mərasiminə başçılıq edəcək.

İspaniya Papa XIV Leo-nu gözləyir
İspaniya Papa XIV Leo-nu gözləyir   (ANSA)

Səfərin ikinci günü, Məsihin Əqdəs Bədəni və Qanı Bayramı günündə, Roma Papası Madridin məşhur Sibeles meydanında Müqəddəs Messa keçirəcək. Bayram münasibətilə təşkil olunacaq ənənəvi yürüş də liturgik mərasimin bir hissəsi olacaq. Həmin gün Müqəddəs Ata Müqəddəs Avqustin Ordeninin üzvləri ilə görüşəcək. Daha sonra Madriddəki “Movistar Arena”-da mədəniyyət, incəsənət, biznes və idman sahələrinin tanınmış nümayəndələri ilə bir araya gələcək.

Bazar ertəsi Roma Papası İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcək, ardından isə Deputatlar Konqresində parlament üzvlərinə müraciət edəcək. Günün ikinci yarısında o, İspaniya Yepiskoplar Konfransının qərargahında ölkə yepiskopları ilə görüşəcək. Axşam isə Madriddəki Santyaqo Bernabeu stadionunda yerli katolik icması ilə axşam duası mərasimində iştirak edəcək.

Çərşənbə axşamı Müqəddəs Ata Barselonaya yola düşəcək. Günorta saatlarında o, Barselona Kafedralında “Angelus” duasına başçılıq edəcək, axşam isə Lüis Kompanis Olimpiya Stadionunda keçiriləcək axşam duasında iştirak edəcək.

Çərşənbə günü Roma Papası həbsxanaya baş çəkəcək, daha sonra Monserrat monastırında Rozari duası edəcək və Benediktin icması ilə birlikdə nahar edəcək. Bundan sonra o, Barselonaya qayıdaraq yeparxiyanın xeyriyyəçilik və sosial xidmət sahəsində fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə görüşəcək.

Səfərin ən mühüm məqamlarından biri həmin gün axşam baş tutacaq. Roma Papası XIV Leo vəfatının yüzüncü ildönümü qeyd olunan məşhur katalon memarı, möhtərəm Antoni Qaudinin layihələndirdiyi Müqəddəs Ailə Bazilikasını (Sagrada Familia) ziyarət edəcək. Bazilika 2010-cu ildə Roma Papası XVI Benedikt tərəfindən təqdis olunub. Müqəddəs Ata bazilikanın ən hündür qülləsi olan İsa Məsih qülləsinə xeyir-dua verəcək.

Cümə axşamı Roma Papası Kanar adalarına səfər edəcək. Afrika ilə Avropa arasında yerləşən bu arxipelaq Avropaya üz tutan çoxsaylı miqrantların əsas keçid məntəqələrindən biri hesab olunur. Müqəddəs Ata Las-Palmas və Santa-Krus şəhərlərində Müqəddəs Messa keçirəcək, həmçinin miqrantların qəbulu və onlara yardım göstərilməsi sahəsində çalışan şəxslərlə görüşəcək. Kanar adalarındakı proqramını başa vurduqdan sonra Roma Papası XIV Leo cümə günü axşam Romaya qayıdacaq.

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin direktoru Matteo Bruni səfər ərəfəsində jurnalistlərə bildirib ki, Roma Papasının proqramında zorakılıq qurbanları ilə görüş də nəzərdə tutulub. Onun sözlərinə görə, görüş yerli Kilsənin təşəbbüsü ilə təşkil olunur. Qurbanların şəxsi həyatının toxunulmazlığına hörmət məqsədilə görüşlə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd edilib.

06 iyun 2026, 12:43