Papa İspaniyada: Mən İncilə sədaqəti yeniləmək üçün gəlmişəm
Debora Kastellano Lubov tərəfinfən
«Mən sizin yanınıza möminləri İncilə sədaqətdə möhkəmləndirmək, ruhlandırmaq və yeniləmək, eyni zamanda bu xalqın müxtəlif təbəqələri arasında daha dərin barışıq və əməkdaşlığın inkişafına töhfə vermək üçün gəlmişəm».
Roma Papası XIV Leo bu sözləri İspaniyaya bir həftəlik Apostol səfəri çərçivəsində şənbə günü Madrid Kral Sarayında dövlət rəhbərliyi və diplomatik korpus nümayəndələri qarşısında çıxışı zamanı söyləyib.
İncili iki min il öncə qəbul etmiş böyük ölkə
Çıxışı zamanı Roma Papası XIV Leo İspaniyaya beynəlxalq hüquqa və çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiqliyinə görə təşəkkür edib. Onun sözlərinə görə, bu mövqe ölkənin xalqlar arasında sülhün və həmrəyliyin təşviqi istiqamətində göstərdiyi fəal səylərdə öz əksini tapır.
Müqəddəs Ata eyni zamanda İspaniyanı ölkə daxilində dialoq və vətəndaş həmrəyliyini inkişaf etdirməyə, gələcəyi qurarkən yoxsulların və gənclərin baxışlarını nəzərə almağa, muxtariyyət və birlik arasında tarazlıq yaratmağa, həmçinin Avropada birliyin möhkəmlənməsinə töhfə verməyə çağırıb. Onun sözlərinə görə, bu birlik başqa güclərə qarşı deyil, bütün bəşəriyyət üçün bir töhfə kimi inkişaf etdirilməlidir.
Roma Papası onu İspaniyaya dəvət etdiklərinə və bu Apostol səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İspaniyanı «təxminən iki min ildir İncili qəbul etmiş böyük bir ölkə» adlandıraraq xatırladıb ki, ənənəyə görə Pireney yarımadasının ilk müjdələnməsi Müqəddəs Həvari Böyük Yaqubun fəaliyyəti ilə əlaqələndirilir.
Xalq təqvası ispanları İsa Məsihə aparır
Roma Papasının sözlərinə görə, bu bağlılıq mühüm teoloji əhəmiyyət daşıyır. Çünki o, yerli Kilsənin Pentikost günündə başlanmış həvari missiyasının davamçısı olduğunu dərk etməsinin ifadəsidir.
Müqəddəs Ata həmçinin qeyd edib ki, xristian inancı ilə bu torpaqlar arasındakı qədim və dərin bağ ölkənin mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, bu irs bu gün də bəşəriyyətin vahid ailə kimi üzləşdiyi çağırışlar qarşısında ümid və istiqamət mənbəyi olaraq qalır.
«Mən şəhər və kəndlərdə ilin axarı və insan həyatının müxtəlif mərhələləri ilə səsləşən, xilas sirrini canlı şəkildə ifadə edən xalq təqvası ənənələri haqqında düşünürəm. Bu ənənələr, zəngin incəsənət və musiqi irsi, eləcə də çoxsaylı dini qardaşlıqlar və xeyriyyə təşkilatları ilə birlikdə İsa Məsihlə həyatı sevən və bu sevgini açıq şəkildə ifadə edən xalqınız arasında baş vermiş səmərəli görüşün şahididir».
Roma Papası vurğulayıb ki, o, məhz bu imanı möhkəmləndirmək və ruhlandırmaq üçün İspaniyaya gəlib.
Dini etiqad və vicdan azadlığı qorunmalıdır
Müqəddəs Ata həmçinin İspaniyanın müxtəlif təbəqələri arasında daha dərin barışıq və əməkdaşlığın inkişafına çağırış edib. Onun sözlərinə görə, ölkənin tarixi göstərir ki, sabitlik və rifah qarşıdurma deyil, görüş və dialoq mədəniyyəti üzərində qurulur.
Bu fikri davam edən Papa Müqəddəs Xuan de la Kruz və Müqəddəs Avilalı Terezanı xatırladıb. O qeyd edib ki, ilahi Sirrə olan dərin məhəbbət bu iki müqəddəsi dostluq bağları ilə birləşdirmişdi. Müqəddəs Ata vurğulayıb ki, bu görkəmli ispan müqəddəsləri artıq beş əsrdir ki, yalnız İspaniyada deyil, onun hüdudlarından kənarda da Kilsənin həyatını və saysız-hesabsız insanların ruhani yolunu zənginləşdirirlər. Papa çıxışında həmçinin Müqəddəs İqnatiy Loyolalını da yad edib.
Müqəddəslərin şahidliyi üzərində düşünən Roma Papası XIV Leo qeyd edib: «Dərin böhranlar və münaqişələrlə sarsılmış dövrümüz sülhə, insan şəxsiyyətinin və onun toxunulmaz ləyaqətinin yenidən kəşf olunmasına, məhəbbət sivilizasiyasının qurulmasına böyük ehtiyac duyur».
«Müqəddəs Tereza bu prosesi “daxili qəsr” obrazı ilə təsvir edir. İnsan otaqdan otağa keçərək ən dərin məkana - öz qəlbinə, həqiqətin məbədinə doğru irəlilədikcə, məkan genişlənir, düşüncə açılır, çətinliklər aşılır, gərginliklər aradan qalxır, başqaları öz yerini tapır və bütün kainat insan üçün bir evə çevrilir. Bu, özünə qapanmaq deyil, əksinə, öz daxili aləminə qayıdaraq Tamamilə Başqa və Həmişə Yeni Olana (Totus Alius et Semper Novus) köklü şəkildə açılmaqdır».
Roma Papası əlavə edib ki, məhz insan şəxsiyyətinin bu ölçüsü dini etiqad azadlığının və vicdan azadlığının qorunmasını zəruri edir.
Artan qütbləşməyə qarşı durmaq lazımdır
Roma Papası XIV Leo təəssüflə qeyd edib ki, cəmiyyətdə qütbləşməni dərinləşdirməklə populyarlıq qazanmaq meyli azalmaq əvəzinə daha da güclənib. Eyni zamanda insan ləyaqətinin dəyərsizləşməsi halları da davam edir.
«Məhz buna görə bizim mədəniyyətə, daxili həyata və hamı üçün əlçatan olan keyfiyyətli təhsilə ehtiyacımız var. Bizim transsendentliyə ehtiyacımız var. Bununla belə, ən qaranlıq dövrlərdə belə, həqiqətə sadiq qalan insanlar otaqdan otağa irəliləyərək vicdanlarında ədalət və sülhün qovuşduğu nöqtəyə çatmışlar. Biz azad olmağı məhz onların azadlığından öyrənirik», – deyə Papa bildirib.
Müqəddəs Ata vurğulayıb ki, Katolik Kilsəsi insan qəlbinin ən dərin həsrətlərinə xidmət edir. «Bu xidmət məcburiyyətə deyil, çoxsaylı şəhidlərin və müqəddəslərin həyatında təsdiqini tapmış İncil şahidliyinə əsaslanır. Bu gün Kilsə barışıq və sülh axtarışında olan insanların gələcəyinə xidmət etməyə hazırdır».
Papa XIV Leo bildirib ki, həqiqətə sevgi naminə hər kəsi cəmiyyətin və tarixin dərk olunmasına mane olan bölücü və qütbləşdirici yanaşmalardan uzaqlaşmağa çağırır. Onun sözlərinə görə, səthi və nəticəsiz sadələşdirmələri aradan qaldırmaq yalnız hadisələrin mürəkkəbliyini düzgün qiymətləndirməklə mümkündür. Müqəddəs Ata qeyd edib ki, bu, xüsusilə Avropanın yerinə yetirməli olduğu mühüm bir vəzifədir və İspaniya bu prosesdə özünəməxsus və əsaslı rol oynayır.
Keyfiyyətcə yeni mərhələyə keçid zəruridir
Roma Papası ölkəni hadisələrin mürəkkəbliyini anlamağa və araşdırmağa çağıraraq vurğulayıb ki, bu mürəkkəbliyi inkar etmək deyil, onu bir imkan və zənginlik kimi qəbul etmək lazımdır.
Müqəddəs Ata daha sonra qeyd edib ki, yeni texnologiyalar «əsas seçimlərimizin sınağa çəkildiyi, qərəzlərin gücləndiyi, tənqidi düşüncənin zəiflədiyi və hakim maraqların dağıdıcı meyilləri yaydığı süni bir mühit formalaşdırıb». Bununla belə, o vurğulayıb ki, «yaxşılıq yenə də qalib gələ və yayıla bilər».
Roma Papasının sözlərinə görə, xüsusilə iqtisadi, siyasi və institusional məsuliyyət daşıyan şəxslər tərəfindən keyfiyyətcə yeni mərhələyə keçid təmin olunmalıdır. Bu isə məktəblərə, universitetlərə və elmi tədqiqatlara, eləcə də vətəndaş iştirakının və mədəni dialoqun inkişaf etdiyi yerli icmalara və vətəndaş cəmiyyətinə yönəldilən sərmayə prioritetlərinin yenidən nəzərdən keçirilməsini tələb edir.
Roma Papası çıxışında İspaniyanın sülhün və ictimai həmrəyliyin möhkəmlənməsinə verə biləcəyi töhfə üzərində də dayanıb.
«Biz çox vaxt təhlükəsizliyi silahlarda və divarlarda axtarırıq. Halbuki həqiqi təhlükəsizlik bir-birimizlə yanaşı irəliləməyi, birlikdə böyüməyi və ortaq yol getməyi öyrəndiyimiz zaman əldə olunur», – deyə Müqəddəs Ata bildirib.
«Sizin öz tarixiniz bunun şahididir», – deyə Roma Papası əlavə edib.
Müqəddəs Ata qeyd edib ki, İslamın Pireney yarımadasındakı mövcudluğu əsrlər boyu formalaşmış siyasi, mədəni və dini reallıqdır. Bu kontekstdə o, ölkəni dinlərarası dialoqu və dinc birgəyaşayışı daha da inkişaf etdirməyə çağırıb.
Roma Papası XIV Leo daha sonra İspaniyaya sülhün təşviqi, çoxtərəfli əməkdaşlıq və beynəlxalq hüquqa sadiqliyinə görə təşəkkürünü bildirib. O, ölkəni həm öz daxilində, həm də beynəlxalq münasibətlərdə sülh və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etməyə çağırıb.
«Allah İspaniyaya xeyir-dua versin!» – deyə Papa Leo çıxışını yekunlaşdırıb.
