Papa ispan gənclərinə: Dürüst və ləyaqətli insan olmağa çalışın
MÜQƏDDƏS ATANIN MÜRACİƏTİ
Madrid, “Plaza de Lima” meydanı
Şənbə, 6 iyun 2026-cı il
1. Bilirik ki, Müqəddəs Avqustin sizin üçün xüsusi əhəmiyyət daşıyır. Bəs xristian həyatınızın formalaşmasına və iman yolunda yetişmənizə təsir göstərmiş digər müqəddəslər və örnək şəxsiyyətlər kimlər olub?
2. İndi isə Peruda missioner kimi keçirdiyiniz illər haqqında soruşmaq istərdim. Həmin dövrdən hansı xatirələri və ya təcrübələri xüsusilə əziz tutursunuz?
Əvvəla, hamınızı salamlayıram! Burada olduğunuz və imanınızı Madridin, eləcə də bütün İspaniyanın insanları ilə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm. Müqəddəslər haqqında verdiyiniz birinci suala gəlincə, uşaqlıq və gənclik illərimdə, eləcə də sonradan yepiskop və Roma Papası kimi xidmətimdə mənim üçün örnək olmuş bir çox müqəddəslər var. Müqəddəs Avqustinin adı artıq çəkildi və hamımız bilirik ki, o, bütün Kilsə üçün son dərəcə mühüm şəxsiyyətdir. Lakin bu sual mənə Şərq Kilsəsinin Atalarından biri olan Müqəddəs İoann Xrizostomu (Fəsahətli Yəhya – red.) da xatırladır. Onun ləqəbi «qızıl ağız» mənasını verir və o, bu ləqəbi özünün qeyri-adi natiqlik qabiliyyətinə görə qazanmışdı. O, 368-ci ildə vəftiz olunmazdan əvvəl fəlsəfə təhsili almışdı. Daha sonra o, doğulduğu Antakya şəhərində digər gənclərlə birlikdə özünü Müqəddəs Yazıları öyrənməyə və təfsir etməyə həsr etdi. Bir müddət zahid həyatı yaşadıqdan sonra özünü Kilsəyə xidmətə həsr etdi, əvvəlcə keşiş, sonra isə yepiskop kimi fəaliyyət göstərdi. Bu fürsətdən istifadə edərək hamınıza demək istəyirəm: keşişliyə, dini həyata və ya Kilsədə hər hansı başqa xidmət formasına çağırışı nəzərdən keçirməkdən heç vaxt qorxmayın! Müqəddəs İoann Xrizostom Allahın Kəlamına dərin məhəbbət bəsləyirdi. Keşiş və yepiskop olduqdan sonra o, hər şeydən əvvəl həyatının ardıcıllığı ilə güclü şahidlik göstərdi. O, təbliğ etdiyini əvvəlcə özü yaşayırdı və məhz buna görə onun sözləri təsirli idi. Mən xüsusilə onun katexizislərindən, moizələrindən və digər yazılarından təsirlənmişəm. Bu əsərlərdə həqiqətə məhəbbət onun şəxsi həyatının bütövlüyü ilə vəhdət təşkil edir. O, həmçinin çox cəsarətli insan idi. İmperatorun qarşısında həqiqəti söyləməkdən çəkinmirdi, ədaləti müdafiə edir, insanları razı salmaq üçün deyil, doğru olanı söyləmək üçün danışırdı. O, sözünün sahibi olan bir insan idi.
Yadıma düşən digər bir müqəddəs isə avqustinian rahibi və Kilsədə pastırlıq xidmətinə çağırılmış Müqəddəs Vilyanovalı Tomasdır. O, ispan idi. Alkala Universitetində təhsil almış, müdrikliyi sayəsində imperator V Karlın böyük hörmətini qazanmışdı. Daha sonra Valensiya yepiskopu təyin edilən Müqəddəs Tomas Kilsədə, xüsusilə də ruhanilər arasında geniş islahat fəaliyyətinə başladı. O, keşiş qardaşlarını dua həyatına sadiq olmağa, iffəti və itaəti qorumağa çağırırdı. Onun alovlu məhəbbəti və yoxsullara göstərdiyi qayğı səbəbindən bu günə qədər «Yoxsulların Yepiskopu» kimi tanınır. Onun xeyriyyəçilik nümunəsi və ehtiyacı olanlara xidmət ruhu sınaq və xidmət illərində mənə dəfələrlə ilham və güc verib.
Yoluma işıq verən üçüncü müqəddəs isə yenə bir ispan olan Müqəddəs Toribio de Moqrovehodur. O, XVI əsrdə Peruda missionerlik fəaliyyəti göstərmiş və böyük həvari şövqü ilə Müjdəni yaymağa çalışmışdı. Bu məqsədlə yerli xalqların dillərini öyrənməyə xüsusi diqqət yetirmişdi. Müqəddəs Toribio dərin dua həyatı ilə ədalət uğrunda fəal mübarizəni birləşdirə bilmişdi. O, xüsusilə öz dövründə mövcud olan sui-istifadələrə və korrupsiyaya qarşı qətiyyətlə çıxış edirdi. Məhz buna görə o, mənim üçün Məsihin adı naminə insanlara, xüsusilə də yoxsullara və ehtiyac içində olanlara fədakar xidmətin parlaq nümunəsidir. Onun həyatı mənə insanların rifahına xidmət etməyin və onlara yaxın olmağın əsl mənasını öyrədib.
Bu müqəddəslərin həyat yolu üzərində düşünərkən, Müqəddəs Avqustin kimi mən də öz-özümə belə deyirdim: əgər onlar bunu bacarıblarsa, niyə mən bacarmayım? (bax: Etiraflar, VIII, 27). Bu sualı sizinlə də bölüşmək istəyirəm və hər birinizi həm özünüz, həm də başqaları üçün ilham mənbəyi ola biləcək gözəl həyat nümunələri seçməyə dəvət edirəm.
Peruda əvvəl missioner, daha sonra isə yepiskop kimi keçirdiyim illərə gəlincə, hər şeydən əvvəl insanların iman şahidliyini xatırlayıram. Bu, çoxsaylı çətinliklərdən keçmiş, lakin ümidini itirməmiş bir iman idi. Məhz insanların həm əzabları, həm də sevincləri ilə qarşılaşmağım İsanın ardınca getdiyim yolda mənim özümün də yetişməsinə kömək etdi. Mən İncili təbliğ etdikcə, İncil də məni dəyişdirirdi. Eyni zamanda, çox vaxt maddi baxımdan yoxsul, lakin iman baxımından zəngin olan bu insanların həyatı və imanı da mənə dərin təsir göstərirdi. Rəbbin sözünə olan bu imana şahid olaraq mən gördüm ki, Allahın Kəlamı münaqişəni sülhə çevirə bilir. O, barışığın, sülhün və ədalətin həqiqi mənbəyi ola bilər.
3. Sizcə, bütün digər səslər arasında Allahın səsini tanımağımıza nə kömək edə bilər?
4. Özümüz də həqiqət axtarışında olan insanlar kimi, başqalarına iman gözəlliyini kəşf etmək yolunda necə yoldaşlıq edə bilərik?
Əvvəla, Allahın səsini necə dinləmək və eşitdiyimizin həqiqətən Allahın səsi, yoxsa başqa bir şey - bir sınaq, bir vəsvəsə və ya başqa bir təsir olduğunu necə ayırd etmək barədə düşünə bilərik. Allahın səsini tanımağa çalışarkən bizə ən çox kömək edən şey sükutdur. Mən hesab edirəm ki, hər bir insan sükut etməyi öyrənməlidir. Biz çox vaxt qulaqlıqlarla gəzir, musiqi dinləyir, daim müxtəlif məşğuliyyətlər və diqqət yayındıran vasitələr axtarırıq. Nəticədə isə sükutun nə olduğunu unutmuş oluruq. Mənə elə gəlir ki, Allah məhz sükut içində bizimlə danışa bilər və ya biz Onun səsini ayırd etməyi öyrənə bilərik. Sükutu seçdiyimiz zaman hansı səsləri dinləməyəcəyimizə və hansı gurultuların bizi yayındırmasına imkan verməyəcəyimizə qərar veririk. Minlərlə fərqli səs-küydən uzaqlaşdıqda anlayırıq ki, bəzi səslər arzularımızı yanlış istiqamətə yönəldir, bəziləri bizi istismar edir, lakin bizə heç nə vermir, digərləri isə yalnız öz maraqlarını güdür. Məhz sükutda insan dərk edir ki, ideologiyalar gəlib keçir, həqiqət isə qalır. Burada bir məqama da xüsusi diqqət çəkmək istəyirəm: həmişə həqiqəti axtarın. Bu gün sosial şəbəkələrdə və informasiya məkanında çoxlu səslər, çoxlu məlumatlar insanları aldadır və yalan təqdim edir. Buna görə də həqiqəti axtarmaqdan vaz keçməyin. Allah həqiqətdir. Əgər hər hansı fikir və ya yol sizi Allahdan uzaqlaşdırırsa, o, həqiqət ola bilməz. Bunu heç vaxt unutmayın!
İkincisi, əmin ola bilərsiniz ki, Allah sizin səsinizi çox yaxşı tanıyır. O, sizi eşidir və sizə cavab verir. Buna görə də ürəyinizdə olanları Ona söyləməkdən qorxmayın. Məzmurlardan birində deyilir: «Qulağı yaradan eşitməzmi?» (Məzmur 94, 9). Daxili düşüncələrimiz və qəlbimizdəki söhbət Allahın hüzuruna yönəldikdə dua, həmd və yalvarışa çevrilir. Çünki bizi həqiqətən eşidə bilən yalnız Odur. Dua azadlığın səsidir. O, özümüzü sübut etmək, başqalarına nə qədər hazırlıqlı olduğumuzu göstərmək və ya özümüzü vacib hiss etmək üçün deyil. Dua insanın bütün varlığı ilə Allaha yönəlməsidir. Biz özümüz duaya çevriləndə, Rəbb də bizə Öz Kəlamı ilə cavab verir. Bizim üçün insan olmuş həmin Kəlamla. Beləliklə, O, bütün varlığı ilə bizi sevdiyini bizə göstərir.
Üçüncüsü, Allahın səsini tanımaq üçün Onun Kəlamını dinləməyi öyrənməliyik. Allahın Kəlamı diridir, çünki o, İsa Məsihdir. Onun səsi Öz Bədəni olan Kilsədə bu gün də eşidilməyə davam edir. Məhz Onda Müqəddəs Yazıların bütöv məzmunu - bəşəriyyətə xilas vədi kimi verilmiş Əhdi-Ətiq və Əhdi-Cədid – tam olaraq yerinə yetir. Bu axşam birlikdə iştirak etdiyimiz Yevxaristik səcdə insanın sükuta qərq olması, qəlbini açması və Rəbbin hüzurunda sadəcə özü olması üçün ən münasib məkandır. Burada insan Onunla söhbət edə, həm də bəşəriyyət üçün ruziyə çevrilmiş ilahi məhəbbətin öz qəlbinə danışmasına imkan verə bilər. Bu məhəbbət sözlərdən daha təsirli şəkildə insanla danışır və onu dəyişdirir.
Bundan əlavə, əziz gənclər, başqalarına imanımızın gözəlliyini kəşf etməyə kömək edərkən unutmayın ki, heç birimiz müəllim olaraq doğulmamışıq. Rəbbin qarşısında hamımız şagirdik. Buna görə də öz ruhani yolunuzu başqaları ilə bölüşün və bunu həyatınızın səmimiyyəti ilə təsdiqləyin. İsanın ardınca getmək qərarı, xüsusilə yorğunluq və sınaq anlarında, sizi daim yeniləyəcək. Bu yolda bir həqiqəti də dərk etmək vacibdir: heç kim İsaya təkbaşına iman etmir. Baxın, burada nə qədər insan toplaşıb! Məhz icmada, gənclər qruplarında və ailədə biz imanımızın gözəlliyini daha dərindən öyrənə və yaşaya bilirik. Ruhani yolunuzu başqaları ilə bölüşdükcə, İsanın ardınca getmək arzusu daima yenilənəcək. Çünki O, bizimlə birlikdə yol gedir və həyat yolumuzu işıqlandırır. Mən sizi Müəllimin nümunəsini izləməyə dəvət edirəm. Pastırlar, tərbiyəçilər və dostlar kimi məhz Onun kimi davranın. Əgər sevgi ilə dua edirsinizsə, gənclər də duanın əhəmiyyətini anlayacaqlar. Əgər imanınız ürəyinizdə alovlanırsa, onun canlı odunu başqalarına da ötürəcəksiniz. Gəlin hamımız qəlbimizdə Allah məhəbbətinin bu odunu axtaraq! Çünki İsanın hüzuru məhz oradadır. Onun yaxınlığı hətta yıxıldığımız anlarda belə hiss olunur. Çünki İsa bizi heç vaxt tərk etmir. Biz, əlimizi uzatdığımızda, qardaşcasına qucaq açdığımızda və ya başqalarına xidmət etmək üçün fürsətlər axtardığımızda, insanların yaralarına, kədərlərinə və çətinliklərinə toxunmağın yollarını tapırıq. Məhz orada İsa Məsihə iman canlı gerçəkliyə çevrilir və məhz orada İsa bizə yol boyu bir-birimizi dəstəkləməyi öyrədir.
5. Bu günün cəmiyyətində Məsihə sadiq gənclər kimi necə yaşaya bilərik?
6. Siz Kilsənin üzvləri olan gənclərə hansı xüsusi missiyanı etibar etmək istərdiniz?
Fernando, evliliyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Burada nikaha hazırlaşan digər cütlükləri də görürəm. Sizi də təbrik edir, ailə həyatınız üçün ən xoş arzularımı çatdırıram! Bir qədər əvvəl dediyim kimi, insanın öz çağırışını kəşf etməkdən qorxmasına ehtiyac yoxdur. Evlilik də bir çağırışdır, Allahın insana verdiyi xüsusi bir yoldur. Buna görə də evlənməkdən və ailə qurmaqdan qorxmayın!
Kilsənin iki minillik tarixində biz xristianlar müxtəlif cəmiyyətlərdə yaşamış, həm mədəni dəyişikliklərin şahidi olmuş, həm də bu mədəniyyətlərin formalaşmasına öz töhfəmizi vermişik. Bu mövzu ilə bağlı qədim bir mətn - Diognetə Məktub - çox gözəl bir fikir ifadə edir: «Xristianlar dünya üçün bədənə can nədirsə, odurlar» (VI). Budur bizim həyat tərzimizdir. İsanın şagirdləri həmişə öz dövrlərinin insanları olurlar, lakin heç vaxt keçici zamanın əsirinə çevrilmirlər. Biz Məsihdə azadıq! Onun məhəbbəti bizi azad edib. Bu məhəbbət sayəsində biz hər cür məcburiyyətdən və aldanmadan azadıq. Keçib gedən dəblərin əsiri deyilik, çünki biz həqiqətin şagirdləriyik. Gələcəyə açığıq, çünki bizi ölümün deyil, ümidin gözlədiyini bilirik. Tarixin həqiqi mənası Allahın hamımız üçün hazırladığı əbədi həyat vəhdətində öz kamilliyinə çatır. Məhz bu baxımdan siz, gənclər, cəmiyyətə yeni istiqamət verməyə xüsusi şəkildə çağırılırsınız. Ailədə, universitetdə, iş yerində və gündəlik münasibətlərinizdə yaşayaraq cəmiyyətin dəyişməsində mühüm rol oynaya bilərsiniz. Əziz gənclər, imanınızdan qaynaqlanan bu coşğunu sizdə gördükcə, Məsihə dünyada - o cümlədən rəqəmsal mühitdə - şahidlik etmək qabiliyyətinizə böyük ümid bəsləyirəm. Siz İncilin dəyərlərini və gözəlliyini başqalarına çatdırmağa qadirsiniz (bax: Christus Vivit, 105; Katolik rəqəmsal missionerləri və influenserlərinə müraciət, 29 iyul 2025).
Buna görə də hamınızı birlikdə yerin duzu və dünyanın nuru olmağa dəvət edirəm (bax: Matta 5, 13). Bunun üçün isə ilk növbədə yaşadığınız cəmiyyəti tanımalı, onu dərindən anlamalı və Müjdənin şahidləri kimi müdrikliklə yaşamalısınız ki, onu daxilindən dəyişdirə biləsiniz. Həqiqi xristian gənc həm sevincdə, həm də sınaqlarda işıq mənbəyidir. O, həyata daxildən sevinc bəxş edən, var-dövləti, həzzi və ya hakimiyyəti həyatının mənası və dayağı hesab etməyən bir insan kimi yaşadığı gerçəkliyə dad qatır. Məhz budur bizim azadlığımız. Bu azadlığın mənbəyi imandır. O, hər bir cəmiyyətə və insan həyatının hər bir sahəsinə işıq və məna gətirmək gücünə malikdir. Əksinə, həyat öz dadını itirdikdə, sanki insanın əlindən alınır; insan artıq onu öz həyatı kimi yaşamır və hiss etmir. Laqeydliyin və uyğunlaşmağın yaratdığı boşluq, müharibələrin və yalanın doğurduğu zorakılıq qarşısında siz yeni insanlığın qığılcımları olmalısınız. Məhz sizlər dünyaya ümid gətirməyə, qaranlıqda işıq saçmağa və insanlara Məsihin canlı hüzurunu göstərməyə çağırılmısınız.
Mən sizə bir missiya həvalə etmək istəyirəm: həqiqətən insan olun. Bəli, insan olun - cism və qandan olan həqiqi kişilər və qadınlar olun. Sadəcə zahiri görüntü deyil, etibar doğuran simalar olun. Ədalətə qarşı, gündəlik çörəyə ehtiyac duyan insanlar kimi ac olun. Dürüst və ləyaqətli həyat yaşamağa çalışan insanlar olun. Başqalarına da özünüzə göstərilməsini arzuladığınız münasibəti göstərən insanlar olun. Məsih necə həqiqi insandırsa, siz də elə insan olun. O, kamil İnsandır, dirilmiş Rəbbdir və hər dövrdə bəşəriyyətin tarixini bizimlə bölüşür. Bu missiyanı həyata keçirərkən həvarilərə və ilk xristianlara baxın. Onlar bütpərəst bir dünyada yaşayırdılar. Siz də onların nümunəsini izləyərək dövrümüzün maddi və mənəvi yoxsulluğu içində Müjdənin missionerləri olun. Unutmayın ki, bizim imanımız yalnız qəbul edilən bir həqiqət deyil, məhəbbətlə yaşanan bir həyat yoludur (bax: Qal 5,6). Əziz gənclər, tarixi ən çox dəyişdirən məhz məhəbbət fəzilətidir! Siz tarixi dəyişə bilərsiniz! Bunu məhəbbətlə edin!
Çox sağ olun.
