Axtar

Vatikan bağları, "Lurdlu Məryəm Ana" mağarası Vatikan bağları, "Lurdlu Məryəm Ana" mağarası  (@Vatican Media)

Papa XIV Leo dünya ilə birlikdə sülh üçün Rozari duası edəcək

Roma Papası XIV Leo mayın 30-da Vatikan bağlarında Müqəddəs Rozari duasına başçılıq edəcək. Dua zamanı Rozarinin hər onluğu müharibədən əziyyət çəkən insanlara - ailələrə, yaralılara, həkimlərə, könüllülərə, əsirlərə və zorakılıq qurbanlarına həsr olunacaq.

Vatican News tərəfindən

Pontifikatının ilk günlərindən etibarən Roma Papası XIV Leo dünya xalqlarını sülhə çağırır və möminləri bu niyyət üçün dua etməyə dəvət edir.

Məhz buna görə də ənənəvi olaraq Məryəm Anaya həsr olunan may ayının sonunda, 30 may tarixində Roma vaxtı ilə saat 19:00-da Papa Leo Vatikan bağlarında yerləşən “Lurdlu Məryəm Ana” mağarası önündə Müqəddəs Rozari duasına başçılıq edəcək.

Dünyanın bütün möminləri və Məryəm ziyarətgahları bu Rozari duasına qoşulmağa dəvət olunurlar.

Papa XIV Leo Rozarinin Sevincli sirlərini dua edəcək. Rozarinin hər onluğu müharibə və zorakılıqdan əziyyət çəkən insanlara həsr olunacaq və onlar Sülhün Mələkəsi Məryəmin şəfaətinə tapşırılacaqlar.

Birinci sirr müharibə qurbanları, xüsusilə də ən həssas və müdafiəsiz insanlar üçün dua niyyəti ilə təqdim olunacaq. İkinci sirr müharibədən zərər çəkən insanlara ümid sözünü və iman təsəllisini çatdıranlara həsr ediləcək. Üçüncü sirrdə isə hər gün humanitar yardım göstərən həkimlər, tibb işçiləri və könüllülər yad ediləcəklər.

Dördüncü sirr müharibənin gətirdiyi zorakılıqdan əziyyət çəkənlər, əsirlər və insan ləyaqətini alçaldan rəftara məruz qalan bütün insanlar üçün dua niyyəti ilə təqdim olunacaq. Beşinci və sonuncu Sevincli sirri isə müharibələrin sona çatması və dünyada davamlı sülhün bərqərar olunmasına həsr olunacaq.

Romada yaşayan möminlər və zəvvarlar da Müqəddəs Peter meydanında quraşdırılmış böyük ekranlar vasitəsilə bu dua mərasiminə qoşula biləcəklər.

29 may 2026, 21:34