Il Papa, 'la Chiesa deve denunciare il male e annunciare la pace'

XIV Leo: Kilsə həyatı məhv edən hər şeyə qarşı çıxmalıdır

Ümumi Audiyensiyada Papa XIV Leo Kilsənin esxatoloji missiyası haqqında danışaraq bildirib ki, Kilsə şərin bütün formalarını ifşa etməyə və insan həyatını alçaldan hər şeyə qarşı açıq mövqe tutmağa çağırılıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 6 may 2026

Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 8. Kilsə - səmavi vətənə doğru gedən zəvvar.

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Bu gün II Vatikan Məclisinin Kilsə haqqında Konstitusiyasının VII fəslinin bir hissəsinə diqqət yetirərkən, gəlin onun əsas xüsusiyyətlərindən biri olan esxatoloji ölçüsü üzərində düşünək. Kilsə, həqiqətən də, yer üzündəki tarix yolu boyunca daim son mənzilinə - səmavi vətənə doğru yönələrək irəliləyir. Bu, olduqca mühüm bir ölçüdür, lakin biz çox zaman dərhal görünən şeylərə və xristian icmasının həyatındakı daha konkret proseslərə həddindən artıq diqqət yetirdiyimiz üçün onu ya gözdən qaçırır, ya da kifayət qədər önəm vermirik.

Kilsə tarix boyunca zəvvarlıq edən Allahın xalqıdır və onun bütün fəaliyyətinin məqsədi Allahın Padşahlığıdır (müq. LG, 9). İsa Kilsənin başlanğıcını məhz bu məhəbbət, ədalət və sülh Padşahlığını elan etməklə qoymuşdur (müq. LG, 5). Buna görə də biz Məsihdəki xilasın həm icma, həm də kosmik ölçüsünü dərk etməyə, baxışlarımızı bu son üfüqə yönəltməyə və hər şeyi məhz bu baxış prizmasından ölçüb dəyərləndirməyə çağırılmışıq.

Kilsə tarixin içində yaşayaraq dünyada Allahın Padşahlığının gəlişinə xidmət edir. O, bu vədin sözlərini hər zaman və hamıya bəyan edir; Müqəddəs Ayinlərin, xüsusilə də Yevxaristiyanın qeyd olunmasında bu vədin girovunu qəbul edir; onun məntiqini məhəbbət və xidmət münasibətlərində həyata keçirir və yaşayır. Bundan əlavə, Kilsə bilir ki, Məsihlə birliyin “daha sıx şəkildə” gerçəkləşdiyi məkan və vasitə məhz odur (LG, 48). Bununla yanaşı, o, eyni zamanda qəbul edir ki, xilas Allah tərəfindən Müqəddəs Ruh vasitəsilə onun görünən sərhədlərindən kənarda da bəxş edilə bilər.

Bu baxımdan Lumen gentium Konstitusiyası mühüm bir bəyanat verir: Kilsə “ümumbəşəri xilas ayini”dir (LG, 48), yəni Allahın bəxş etdiyi həyat və sülh dolğunluğunun həm əlaməti, həm də vasitəsidir. Bu o deməkdir ki, Kilsə Allahın Padşahlığı ilə tam şəkildə eyniləşmir; o, bu Padşahlığın toxumu və başlanğıcıdır, çünki onun kamilliyi insanlığa və bütün kainata yalnız zamanın sonunda bəxş ediləcəkdir. Buna görə də Məsihə iman edənlər bu yer üzündəki tarix yolu ilə addımlayarkən, xeyirin yetişməsi ilə yanaşı, ədalətsizliklər və əzablarla da üzləşərək, nə xam xəyallara qapılır, nə də ümidsizliyə düşürlər; onlar “hər şeyi yeniləyəcək” Olanın (Vəhy 21,5) verdiyi vədə yönələrək yaşayırlar. Beləliklə, Kilsə öz missiyasını Allahın Padşahlığının İsa vasitəsilə artıq başlanmış “indi”si ilə, vəd edilmiş və qabaqcadan dadılan, lakin hələ tam gerçəkləşməmiş “hələ yox”u arasında həyata keçirir. Yolu işıqlandıran ümidin qoruyucusu olaraq, Kilsəyə eyni zamanda həyatı sarsıdan və onun inkişafına mane olan hər şeyi açıq şəkildə rədd etmək, yoxsulların, istismar olunanların, zorakılıq və müharibə qurbanlarının, həmçinin bədənən və ruhən əzab çəkən bütün insanların tərəfində dayanmaq missiyası da etibar edilmişdir (müq. Kilsənin Sosial Təliminin Kompendiumu, 159).

Padşahlığın əlaməti və ayini olaraq, Kilsə yer üzündə zəvvarlıq edən Allah xalqıdır. Məhz son vədə söykənərək, o, tarixin gedişatını İncilin işığında oxuyur və şərh edir, şərin bütün formalarını ifşa edir və sözlə də, əməllə də Məsihin bütün bəşəriyyət üçün gerçəkləşdirmək istədiyi xilası, Onun ədalət, məhəbbət və sülh Padşahlığını bəyan edir. Buna görə də Kilsə özünü deyil, Məsihdə olan xilası təbliğ edir; əksinə, onun daxilindəki hər şey Məsihdəki xilasa yönəltməlidir.

Bu baxış bucağından Kilsə öz qurumlarının insani zəifliyini və keçiciliyini təvazökarlıqla qəbul etməyə çağırılır. Çünki onlar Allahın Padşahlığının xidmətində olsalar da, bu keçici dünyanın surətini daşıyırlar (müq. LG, 48). Heç bir kilsə qurumu mütləq və toxunulmaz hesab edilə bilməz; əksinə, onlar tarix və zaman daxilində mövcud olduqları üçün davamlı dönüşümə, formaların yenilənməsinə, strukturların islahatına və münasibətlərin daimi şəkildə yenidən dirçəldilməsinə çağırılırlar ki, öz missiyalarını həqiqətən yerinə yetirə bilsinlər.

Allahın Padşahlığı üfüqündə biz bu gün öz missiyasını yerinə yetirən xristianlarla artıq yer üzündəki həyatını başa vurmuş və təmizlənmə və ya səadət halında olanlar arasındakı münasibəti də anlamalıyıq. Lumen gentium Konstitusiyası, həqiqətən də, bütün xristianların vahid bir Kilsə təşkil etdiyini təsdiqləyir; bütün imanlıların Məsihlə birliyinə əsaslanan ruhani nemətlərin paylaşılması və ünsiyyəti mövcuddur; yer üzündəki Kilsə ilə səmavi Kilsə arasında “a fraterna sollicitudo” (qardaş qayğısı), xüsusilə liturgiyada yaşanan müqəddəslərin ünsiyyəti vardır (müq. LG, 49–51). Dünyasını dəyişənlər üçün dua edərkən və artıq İsanın şagirdləri kimi yaşamış olanların izi ilə gedərkən, biz də öz zəvvarlıq yolumuzda möhkəmlənir və Allaha ibadətimizi daha da gücləndiririk: eyni Ruhla möhürlənmiş və eyni liturgiyada birləşmiş şəkildə, imanda bizdən əvvəl keçmiş olanlarla birlikdə Əqdəs Üçlüyü tərifləyir və Ona izzət veririk.

Gəlin, xristian həyatının bu son dərəcə mühüm və gözəl tərəfini bizə xatırlatdıqları üçün Məclis Atalarına minnətdar olaq və onu həyatımızda yaşatmağa çalışaq.

07 may 2026, 10:21

Ən son Audiensiyalar

Həmçinin oxuyun >