Papa XIV Leo: İsa Allah haqqında təsəvvürümüzü təmizləyir
Əziz bacılar və qardaşlar,
Bu axşamın təntənəli liturgiyası bizi Rəbbin Əzabının, Ölümünün və Dirilməsinin Müqəddəs Üçgünlüyünə daxil edir. Biz bu həddi nə sadəcə tamaşaçı kimi, nə də vərdiş xatirinə keçirik, əksinə, İsa Məsihin Özü tərəfindən şəxsən dəvət olunmuş, çörək və şərabın bizim üçün xilaskar sakramentə çevrildiyi Süfrədə qonaq olanlar kimi daxil oluruq. Həqiqətən də, biz elə bir məclisdə iştirak edirik ki, orada Məsih “dünyada olan Özününküləri sevərək, onları sona qədər sevdi” (Yəh 13, 1). Onun məhəbbəti həm bir əməl, həm də hamı üçün qidaya çevrilərək Allahın ədalətini aşkar edir. Bu dünyada, xüsusilə də şərin çoxaldığı məkanlarda İsa qətiyyətlə — əbədi və bütün varlığı ilə sevir.
Sonuncu Şam yeməyində O, həvarilərinin ayaqlarını yuyaraq belə dedi: “Mən sizə nümunə verdim ki, siz də Mənim sizə etdiyim kimi edəsiniz” (Yəh 13,15). Rəbbin bu əməli Onun bizi dəvət etdiyi Süfrədən ayrılmazdır. Bu jest sakramentdən doğan canlı nümunədir: o, Yevxaristiya sirrinin mənasını açıqlamaqla yanaşı, bizə bir vəzifə — həyatımızın qidasına çevrilməli olan bir missiya da etibar edir. Müjdəçi Yəhya bu hadisəni təsvir etmək üçün yunan dilində “upódeigma” sözünü seçir: bu, “gözlər önündə göstərilən şey” deməkdir. Rəbbin bizə göstərdiyi — suyu, qabı və dəsmalı götürərək etdiyi əməl — sadəcə əxlaqi nümunədən qat-qat artıqdır. O, bizə Öz həyat tərzini əmanət edir. Ayaqların yuyulması Allahın vəhyini cəmləşdirən bir jestdir: bədən almış Kəlamın nümunəvi əlaməti, Onun silinməz xatirəsidir. Oğul qul halını qəbul etməklə Atanın izzətini aşkar edir və çox zaman vicdanımızı təhrif edən dünyəvi meyarları alt-üst edir.
Şagirdlərin səssiz heyrəti ilə yanaşı, insan qüruru da baş verənlərə biganə qala bilməz. Əvvəlcə İsanın təşəbbüsünə müqavimət göstərən Peter kimi, biz də dəfələrlə öyrənməliyik ki, “Allahın böyüklüyü bizim böyüklük anlayışımızdan fərqlidir… çünki biz daim əzab çəkən Allahı deyil, uğur qazanan Allahı arzulayırıq” (Papa XVI Benedikt, Rəbbin Son Şam Süfrəsinin Messasında vəz, 20 mart 2008-ci il). Papa XVI Benediktin bu sözləri bildirir ki, biz tez-tez bizə “xidmət edən”, qələbə bəxş edən, sərvət və güc kimi faydalı olan bir Allah axtarırıq. Halbuki Allah həqiqətən də bizə xidmət edir: ayaqları yumaq kimi təmənnasız və təvazökar jesti ilə. Allahın əsl qüdrəti məhz budur. Beləcə, O, varlığı Onun bəxşişindən asılı olanlara Özünü həsr etmək istəyini həyata keçirir. Məhəbbət naminə Rəbb hər birimizin qarşısında diz çökür və Öz ilahi bəxşişi ilə bizi dəyişdirir.
Bu əməl vasitəsilə İsa təkcə Allah haqqında təsəvvürümüzü onu təhrif etmiş bütpərəstlik və küfrdən deyil, həm də insan haqqında anlayışımızı təmizləyir. Çünki biz çox vaxt hakim olduğumuz zaman özümüzü güclü, başqalarını məhv etdiyimiz zaman qalib, qorxulduğumuz zaman isə böyük hesab edirik. Halbuki həqiqi Allah və həqiqi insan olan Məsih bizə özünü bəxş etməyin, xidmətin və məhəbbətin nümunəsini təqdim edir. Bizə Onun nümunəsi lazımdır ki, sevməyi öyrənək. Yalnız buna qadir olmadığımız üçün deyil, əksinə, həqiqi məhəbbətin nə olduğunu özümüzə və bir-birimizə öyrətmək üçün. Dünyanın tarixində Allahın yerləşdirdiyi canlı nişanə olan İsa kimi yaşamağı öyrənmək ömürlük bir vəzifədir.
O, həqiqi ölçüdür, “Müəllim və Rəbbdir” (Yəh 13,13) və hər cür ilahi və insani maskanı aradan qaldırır. O, nümunəsini hamının məmnun və Ona sadiq olduğu vaxtda deyil, xəyanət edildiyi gecədə, anlaşılmazlıq və zorakılıq qaranlığında təqdim edir. Beləliklə aydın olur ki, Rəbbin məhəbbəti bizim yaxşılığımızdan və ya paklığımızdan əvvəl gəlir; O, bizi əvvəlcə sevir və bu məhəbbətdə bizi bağışlayır, yeniləyir. Onun məhəbbəti mərhəmətini qəbul etdiyimiz üçün verilən mükafat deyil; əksinə, O, bizi sevdiyi üçün təmizləyir və bizi Onun məhəbbətinə cavab verməyə qadir edir.
Gəlin, İsanın bu qarşılıqlı xidmətindən öyrənək. O, bizdən qarşılıq istəmir, yalnız bəxş etdiyi hədiyyəni bir-birimizlə bölüşməyi istəyir: “Siz də bir-birinizin ayaqlarını yumalısınız” (Yəh 13,14). Papa Fransisk bir dəfə demişdi: bu, “ürəyimdən gələn bir vəzifədir: mən bunu sevirəm… çünki Rəbb mənə bunu öyrədib”. Bu, abstrakt bir tələb və ya formal əmr deyil, Məsihin məhəbbətinə səmimi itaətin ifadəsidir. Çünki Onun məhəbbəti həm bizim məhəbbətimizin mənbəyi, həm də ölçüsüdür. İsanın verdiyi nümunə nə rahatlıq, nə istəksizlik, nə də riyakarlıqla təqlid oluna bilər — yalnız məhəbbətlə.
Rəbbin bizə xidmət etməsinə imkan vermək isə Onun kimi xidmət etməyin zəruri şərtidir. İsa Peterə dedi: “Əgər ayaqlarını yumasam, Mənimlə payın olmaz” (Yəh 13,8). Yəni sən Məni xidmətçi kimi qəbul etməsən, Məni həqiqətən Rəbb kimi izləyə bilməzsən. İsa bədənimizi yuyaraq ruhumuzu təmizləyir. İsada Allah bizə hökmranlıq etməyin deyil, azad etməyin; məhv etməyin deyil, həyat bəxş etməyin nümunəsini verdi.
İnsanlıq bu qədər zorakılıq qarşısında diz çökdüyü bir vaxtda, gəlin biz də məzlumların yanında qardaş və bacılar kimi diz çökək. Beləliklə, Rəbbin nümunəsinə əməl edərək, Çıxış kitabında eşitdiyimiz sözü yerinə yetirək: “Bu gün sizin üçün xatirə günü olacaq” (12,14). Müqəddəs Kitabın bütün tarixi həqiqi Pasxa Quzusu olan İsa Məsihdə birləşir. Onda qədim obrazlar tamamlanır, çünki Xilaskar Məsih bəşəriyyətin Pasxasını həyata keçirir: günahdan bağışlanmaya, ölümdən əbədi həyata keçidi açır. “Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin” (1 Kor 11,24).
Bu axşam Rəbbin sözlərini və jestlərini yeniləyərək, biz Yevxaristiyanın və Müqəddəs Ruhaniliyin təsis edilməsini yad edirik. Bu iki sakrament arasındakı daxili bağ İsanın kamilcəsinə Özünü bəxş etməsini göstərir: O, Ali Kahin və canlı, əbədi Yevxaristiyadır. Çünki təqdis olunmuş çörək və şərabda “məhəbbət sakramenti, birlik əlaməti, sevgi bağı, Məsihin qəbul olunduğu Pasxa ziyafəti, ruhun lütflə dolduğu və gələcək izzətin girovunun verildiyi sirr” mövcuddur. Rəbbin əmrinə əsasən, “Yeni Əhdin kahinləri” - yepiskoplar və keşişlər vasitəsilə Onun bütün Allah xalqına olan məhəbbətinin nişanəsi mövcud edilir. Əziz keşişlikdə qardaşlarım, biz bütün həyatımızla Allah xalqına xidmət etməyə çağırılmışıq.
Beləliklə, Müqəddəs Cümə axşamı dərin şükranlıq və həqiqi qardaşlıq günüdür. Qoy bu axşam hər bir kilsə və icmada keçirilən Yevxaristik səcdə İsanın bu əməlini düşünmək, Onun kimi diz çökmək və eyni məhəbbətlə xidmət etmək üçün güc diləmək zamanı olsun.
