Papa XIV Leo Kamerunda müsəlman liderlərlə görüşüb
Vatican News tərəfindən
Papa XIV Leo cümə axşamı günü axşam saatlarında Kamerunun müxtəlif islam icmalarını təmsil edən 12 nəfərlik qrupla görüşüb. Onlardan bəziləri daha əvvəl — 2025-ci ilin dekabrında Romada Papanın qəbulunda olmuşdular.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruninin verdiyi məlumata görə, görüş Papanın Bamendadakı günlük səfərindən təyyarə ilə Yaoundeyə qayıtmasından sonra, oradakı Apostol Nunsiaturasında (Vatikan səfirliyində) baş tutub.
Müsəlman liderlərin təmsil etdiyi icmalar yerli Katolik Kilsəsi ilə əməkdaşlıq çərçivəsində Kamerun əhalisinin ən yoxsul təbəqələrinə dəstək olmaq, sosial ədaləti və birliyi təşviq etmək məqsədilə bir neçə layihə həyata keçirirlər.
Cənab Bruni bildirib ki, Papa hər bir nümayəndəni fərdi şəkildə salamlayıb, onların xoş gəldin diləklərini və təşəkkür sözlərini dinləyib.
Müsəlman liderlər Kilsə ilə birgə görülən işlərə, Papanın səfərinə və onun cümə axşamı Bamendada dialoq və sülh haqqında söylədiyi fikirlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Papa bu görüşdən duyduğu sevinci bölüşüb və Kamerunda hər kəs tərəfindən — xristianlar (katolik və qeyri-katoliklər), müsəlmanlar və ənənəvi dinlərin nümayəndələri tərəfindən göstərilən səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.
Papa, həmçinin bəzən inanclar və dinlər arasına sızan parçalanmalardan bəhs edərək qeyd edib ki, bu hal hər kəsi dialoq və təmasdan doğan məsuliyyəti dərk etməyə çağırır.
O, bütün kamerunluları hər kəsin sülh arzunu çatdırmağa davam etməyə səsləyib: "Bu, laqeydlik sülhü olmamalıdır; fərqliliklərin zənginliyini yox edən bir sülh də olmamalıdır. Bu, hamımızın qardaş və bacı olduğumuzu, hamımızın tək olan Yaradanın bəndələri olduğumuzu və hər kəsin ləyaqətinə hörmət etməyə çağırıldığımızı dərk etdiyimiz zaman doğulan bir sülh olmalıdır."
Papanın sözlərinə görə, Kamerunda bu arzunu gerçəyə çevirmək üçün böyük imkanlar var.
Papa XIV Leo iştirakçıları bu dialoq yolunda irəliləməyə, eyni mesajı və arzunu digərlərinə — həm müsəlmanlara, həm də hələ bunu anlamayan, lakin qardaşlığın gözəlliyini görməyi öyrənə biləcək hər kəsə çatdırmağa ruhlandırıb. O qeyd edib ki, bu, bütün Kamerun üçün böyük xeyir gətirəcəkdir.
Cənab Bruni, həmçinin xatırladıb ki, çərşənbə axşamı Papa Kamerun yepiskopları ilə də görüşüb.
Həmin görüş zamanı Papa birliyin böyük dəyərini vurğulayaraq, bunu həm Kilsə daxilində qəbul edilməli olan, həm də münaqişələr və qütbləşmələr tərəfindən parçalanmış dünyada paylaşılmalı olan bir töhfə kimi təsvir edib. O, ruhani rəhbərlərin mənəvi həyatının onları həqiqi şahidlərə çevirdiyini qeyd edib.
Papa Kamerunda din xadimi olmaq istəyənlərin çoxluğundan məmnunluğunu ifadə edib. O bildirib ki, bu vəziyyət gənclərin mənəvi, intellektual və emosional baxımdan məsuliyyətlə yetişdirilməsi vəzifəsini ortaya qoyur. Onlar İsanın "ayaqları yumaq" ayinində göstərdiyi nümunəyə uyğun olaraq, yeganə səlahiyyəti xidmət etmək olan keşişlər kimi formalaşmalıdırlar.
Cənab Bruni əlavə edib ki, Papa yepiskopların bir neçə sualını cavablandırıb və Kamerun üçün hazırda böyük əhəmiyyət kəsb edən müxtəlif mövzulara toxunub.
