Axtar

2026.03.28 Viaggio Apostolico nel Principato di Monaco - Trasferimento in elicottero da Città del Vaticano a Monaco

Papa XIV Leo-nun Monako Knyazlığına səfəri başlayıb

Papa helikopterlə kiçik şəhər-dövlət olan Monakoya yola düşüb. Bu səfər onun ikinci Apostol Səfəridir. Uçuş zamanı İtaliya Prezidentinə göndərdiyi teleqramda Papa xristian imanının şahidliyini təşviq etmək və ümumi rifahın qurulmasına töhfə vermək arzusunu ifadə edib.

Vatican news tərəfindən

Martın 28-də səhər saatlarında Vatikandan helikopterlə yola düşən Papa XIV Leo Monako Knyazlığına Apostol səfərinə başlayıb. Bu, onun ikinci beynəlxalq səfəri və müasir dövrdə bir Papanın Monakoya ilk səfəridir.

İtaliya ərazisini tərk edərkən Müqəddəs Ata ənənəyə uyğun olaraq İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya teleqram ünvanlayıb. Teleqram mesajında Papa XIV Leo Monakoya səfərinin məqsədinin “xristian imanının şahidliyini təşviq etmək və ümumi rifahın möhkəmləndirilməsinə töhfə vermək” olduğunu bildirib. O, eyni zamanda İtaliya xalqına səmimi salamlarını çatdıraraq onların mənəvi, ictimai və sosial tərəqqisi üçün dua etdiyini vurğulayıb.

Monakoya səfərin təxminən doqquz saat davam edəcəyi gözlənilir. Proqram çərçivəsində Papa knyaz II Albert ilə Knyaz sarayında görüşəcək, Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi kafedral kilsəsində katolik icması ilə bir araya gələcək, Müqəddəs Devota kilsəsi qarşısındakı meydanda gənclər və katexumenlərlə (vəftizə hazırlaşanlarla) görüş keçirəcək. Səfərin əsas hadisələrindən biri isə II Lui stadionunda Müqəddəs Messa olacaq.

Səfərin sonunda, təxminən saat 17:45-də Papa helikopterlə Vatikana geri dönəcək.

Səfər ərəfəsində çıxış edən Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin bu səfərin “yerli Kilsənin missiyasına yeni təkan verəcəyinə” ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu səfər yaradılışa qayğı, insan həyatının müdafiəsi və beynəlxalq həmrəyliyin təşviqi kimi mühüm istiqamətlərdə, xüsusilə də ən həssas qruplara diqqət yetirilməsində birgə səyləri daha da gücləndirəcək.

28 mart 2026, 11:19