Roma Papası XIV Leo və Monakonun knyazı II Albert ailə üzvləri ilə Roma Papası XIV Leo və Monakonun knyazı II Albert ailə üzvləri ilə   (ANSA)

Papa XIV Leo: Monako sosial dostluğu təşviq etməyə çağırılıb

Papa XIV Leo Apostol səfərinə başlayarkən Monako Knyazlığının sakinlərini salamlayıи və bu kiçik Avropa ölkəsini maddi rifahını bəşəriyyətin, hüququn və ədalətin xidmətinə yönəltməyə çağırıb.

Devin Uotkins tərəfindən

Papa XIV Leo şənbə günü səhər Monakoya bir günlük apostol səfərinə başlayaraq helikopterlə Monako Knyazlığının heliportuna eniş etdi. Müqəddəs Atanı knyaz II Albert qarşıladı və daha sonra Knyaz Sarayında rəsmi qəbul təşkil olundu. Burada keçirilən görüşdən sonra onlar sarayın qarşısındakı meydanda toplaşmış minlərlə insanı birlikdə salamladılar. Papa Leo çıxışında vurğuladı ki, müasir dövrdə Monakoya səfər edən ilk Papadır. O həmçinin qeyd etdi ki, Monako katolikliyin dövlət dini kimi qəbul olunduğu azsaylı Avropa ölkələrindəndir və bununla yanaşı, burada etiqad azadlığı da təmin edilir.

Roma Kilsəsi ilə Monako arasındakı bu dərin bağlılığı xatırladan Papa XIV Leo knyazlığı Kilsənin sosial təliminə sadiqliyini daha da gücləndirməyə və onu beynəlxalq səviyyədə fəal şəkildə həyata keçirməyə çağırdı.

Papa qeyd etdi ki, hətta dini həyatın zəif olduğu və cəmiyyətin yüksək dərəcədə sekulyarlaşdığı mühitlərdə belə, bu sosial təlimin təqdim etdiyi yanaşma müasir problemlərə işıq sala bilər. Onun sözlərinə görə, İncilin gətirdiyi nur bu gün, ümid tapmağın getdikcə çətinləşdiyi bir zamanda, xüsusi əhəmiyyət kəsb edir.

Papa Leo həmçinin Monakonun Aralıq dənizi sahilində yerləşdiyini xatırladaraq bu kiçik ölkəni öz xüsusi missiyasını – qarşılaşma mədəniyyətini təşviq etmək və cəmiyyətdə qardaşlıq ruhunu möhkəmləndirmək çağırışını daha aydın şəkildə həyata keçirməyə dəvət etdi.

Papa XIV Leo qeyd etdi ki, “kiçik olmaq ənamı və canlı mənəvi irs” Monakonu öz rifahını hüquq və ədalətin xidmətinə yönəltməyə çağırır. O vurğuladı ki, xüsusilə bu gün, güc nümayişinin və zorakılıq məntiqinin dünyaya zərbə vurduğu, sülhü təhlükə altına qoyduğu bir dövrdə bu məsuliyyət daha da aktuallaşır.

Papa Monako sakinlərini gücsüzlük hissinə qapılmamağa çağıraraq onları tarixi çağırışlar və məsuliyyətlər qarşısında imanlarına sadiq qalmağa dəvət etdi.

O həmçinin qeyd etdi ki, Monakonun çoxşaxəli sosial tərkibi onu bir növ “kiçik model”ə çevirir: burada yerli əhalinin fəal azlığı ilə yanaşı, əcnəbi vətəndaşların çoxluğu da knyazlığın rifahına mühüm töhfə verir.

Papa XIV Leo qeyd etdi ki, Monako cəmiyyətində bir çox insan iqtisadi və maliyyə sahələrində mühüm təsirə malik mövqelər tutur; eyni zamanda çoxları müxtəlif xidmət sahələrində fəaliyyət göstərir və ölkəyə çoxsaylı qonaqlar və turistlər gəlir.

Papa vurğuladı ki, Allahın Padşahlığı ədalətsiz güc nümayişkarlığını və “günah qurumlarını” sarsıdır; bu qurumlar kasıblarla varlılar, imtiyazlılarla kənarda qalanlar, dostlarla düşmənlər arasında dərin uçurumlar yaradır.

Monakonun katolik irsinə toxunan Papa Leo bildirdi ki, Məsihin hökmdarlığı bütün insanları ucaldır və birləşdirir; belə ki, hər kəs hər bir insan həyatını məhəbbətlə qorumağa çağırılmışdır və heç kəs kənarda qalmamalıdır.

Sonda Papa XIV Leo Monakonu Katolik sosial təliminin dərinliyini dünyaya nümayiş etdirməyə dəvət edərək bunun cəmiyyətin inkişafına töhfə verəcəyini və bəşəriyyətin həyatına düzgün istiqamət verəcəyini vurğuladı.

28 mart 2026, 22:19