Axtar

Papa XIV Leo Vatikanda Palma Rəbb Günü Messasına başçılıq edir Papa XIV Leo Vatikanda Palma Rəbb Günü Messasına başçılıq edir   (@Vatican Media)

Papa: Məsih çarmıxdan hayqırır: Silahlarınızı yerə qoyun! Unutmayın ki, siz bacı və qardaşsınız!

Papa XIV Leonun Rəbbin Yerusəlimə təntənəli girişinin xatirəsi münasibətilə keçirilən Messada söylədiyi vəzin tam mətni. 29 mart 2026 il, Müqəddəs Peter Meydanı, Vatikan.

Əziz bacılar və qardaşlar,

İsa Çarmıx Yolunu keçərkən, biz də Onun ardınca yer alır, addımlarını izləyirik. Onunla birlikdə irəlilədikcə, bəşəriyyət uğrunda çəkdiyi əzabları, parçalanmış ürəyini və həyatını sevgi hədiyyəsi kimi bəxş etməsini dərindən düşünərək seyr edirik.

Baxışlarımızı İsa Məsihə yönəldirik: O, ətrafını müharibə kölgəsi bürüsə də, Özünü Sülhün Padşahı kimi aşkar edir. Başqaları zorakılığı alovlandırarkən, O həlimlikdə sarsılmaz qalır. Başqaları qılınc və dəyənəklərə sarıldığı halda, O Özünü bəşəriyyəti ağuşuna almaq üçün qurban verir. O, dünyanın nurudur, halbuki qaranlıq yer üzünü bürümək üzrədir. Onu ölümə məhkum etmək planları qurulduğu halda, O, həyat gətirmək üçün gəldi.

Sülhün Padşahı. İsa Məsihin arzusu dünyanı Atanın qucağına gətirməkdir. O, bizi Allahdan və bir-birimizdən ayıran hər bir səddi dağıdır. Çünki “Məsih Özü barışığımızdır” (Ef 2, 14).

Sülhün Padşahı. İsa Yerusəlimə at üstündə deyil, eşşək üzərində daxil olur və bununla Məsihin gəlişinə sevinməyə çağıran qədim peyğəmbərliyi yerinə yetirir: “ Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə –eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək.” (Zək 9, 9-10).

Sülhün Padşahı. Şagirdlərindən biri Onu müdafiə etmək üçün qılıncını çəkib baş kahinin qulunu vurduqda, İsa dərhal onu dayandıraraq dedi: “Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq” (Matta 26, 52).

Sülhün Padşahı. Günahlarımız ucbatından bədəni deşilmiş, dərdlərimizi Öz üzərinə götürmüş olan İsa “Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı.” (Yeşaya 53, 7). O, Özünü silahlandırmadı, Özünü müdafiə etmədi, heç bir müharibə aparmadı. O, zorakılığı daim rədd edən Allahın həlim üzünü aşkar etdi. Özünü xilas etmək əvəzinə, çarmıxa mıxlanmağa razı oldu və insanlıq tarixinin hər dövründə və hər yerində daşınan bütün çarmıxları qəbul etdi.

Bacılar və qardaşlar, budur bizim Allahımız: müharibəni rədd edən, heç kimin müharibəyə haqq qazandırmaq üçün istifadə edə bilmədiyi Sülhün Padşahı İsa. O, müharibə aparanların dualarını eşitmir, əksinə onları rədd edərək deyir: “ Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur” (Yeşaya 1, 15).

Bizim üçün çarmıxa çəkilmiş Olanın üzərinə baxdıqda, çarmıxa çəkilmiş bəşəriyyəti görürük. Onun yaralarında bu gün saysız-hesabsız qadın və kişilərin yaralarını seyr edirik. Onun Ataya ünvanlanan son fəryadında əzilənlərin, ümidini itirənlərin, xəstələrin və tənha qalanların gözüyaşlı naləsini eşidirik. Hər şeydən əvvəl isə zorakılıq altında əzilənlərin və müharibənin qurbanı olanların ağrılı iniltilərini eşidirik.

Məsih, Sülhün Padşah, çarmıxdan yenə hayqırır: Allah məhəbbətdir! Rəhm edin! Silahlarınızı yerə qoyun! Unutmayın ki, siz bacı və qardaşsınız!

Allahın Qulu, yepiskop Tonino Bello-nun sözləri ilə mən bu fəryadı Əqdəs Məryəmə əmanət etmək istəyirəm. O, Oğlunun çarmıxı ətəyində dayanır və bu gün də çarmıxa çəkilənlərin ayaqları altında göz yaşı tökür:

“Ey Əqdəs Məryəm, üçüncü günün qadını, bizə bu əminliyi bəxş et ki, hər nə baş versə də, ölüm artıq üzərimizdə hökm sürməyəcək; xalqların ədalətsizliklərinin sayı artıq dolub; müharibənin şimşəkləri artıq qürubun sükutunda sönməkdədir; yoxsulların iztirabları son nəfəsini almaqdadır. Və nəhayət, bütün zorakılıq və ağrı qurbanlarının göz yaşlarının bahar günəşi altında qırov kimi tezliklə əriməsini nəsib et” (Maria, donna dei nostri giorni).

29 mart 2026, 22:20