Papa: Kilsənin iyerarxiyası Məsihdən qaynaqlanaraq Müjdəni bəyan etməyə xidmət edir
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 25 mart 2026
Katexizis. II Vatikan Məclisinin Sənədləri. II. “Lumen gentium” Doqmatik Konstitusiyası. 5. Həvarilərin təməli üzərində: Kilsənin iyerarxik ölçüsü
Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!
Biz Kilsə haqqında Doqmatik Konstitusiya olan “Lumen gentium” (LG) sənədini şərh edərək, İkinci Vatikan Məclisinin sənədlərinə dair katexizislərimizə davam edirik. Kilsəni Allahın Xalqı kimi təqdim etdikdən sonra, bu gün Kilsənin iyerarxik quruluşu üzərində dayanacağıq.
Katolik Kilsəsi, Məsihin Öz mistik Bədəninin canlı sütunları kimi təyin etdiyi Həvarilərin üzərində qurulmuşdur və onun bütün üzvlərinin birliyi, missiyası və müqəddəsləşməsi xidmətində olan iyerarxik bir quruluşa malikdir. Bu müqəddəs Nizam öz təməlini əbədi olaraq Həvarilərdə tapır (müq. Ef 2, 20; Vəhy 21, 14): onlar İsanın dirilməsinin səlahiyyətli şahidləridir (müq. Həv 1:22; 1 Kor 15:7) və Rəbbin Özü tərəfindən dünyaya göndərilmişdirlər (müq. Mk 16, 15; Mt 28, 19). Həvarilər Müəllimin xilasedici təlimini sədaqətlə qorumağa çağırıldıqları üçün (müq. 2 Tim 1, 13–14), onlar öz xidmətlərini elə şəxslərə həvalə edirlər ki, Məsihin yenidən gəlişinədək Kilsəni müqəddəsləşdirmək, yönəltmək və öyrətmək işini “çobanlıq xidmətində həvarilərin varisləri” kimi davam etdirsinlər (Katolik Kilsəsinin Katexizmi, 857).
İncilə və Müqəddəs Ənənəyə əsaslanan bu həvari varisliyi “Lumen gentium” sənədinin III fəslində — “Kilsənin iyerarxik quruluşu və xüsusilə yepiskopluq haqqında” adlı bölmədə daha dərindən izah olunur. Məclis öyrədir ki, bu iyerarxik quruluş insan tərəfindən yaradılmış, Kilsənin sadəcə ictimai bir qurum kimi daxili təşkilinə xidmət edən bir sistem deyil (müq. LG, 8). Əksinə, o, ilahi bir təsisatdır və məqsədi Məsihin Həvarilərə əmanət etdiyi missiyanı zamanın sonunadək davam etdirməkdir.
Bu mövzunun “Lumen gentium” sənədinin III fəslində — ilk iki fəslin Kilsənin mahiyyətini araşdırmasından sonra (müq. Acta Synodalia III/1, 209–210) təqdim olunması — iyerarxik quruluşun Allahın Xalqına nisbətdə sonradan yaranmış bir ünsür olduğu anlamına gəlmir. “Ad gentes” Dekretinin qeyd etdiyi kimi, “Həvarilər Yeni İsrailin ilk cücərtiləri və eyni zamanda müqəddəs iyerarxiyanın başlanğıcı idilər” (5-ci bənd). Çünki onlar Məsihin Pasxa Sirri vasitəsilə xilas olunmuşların icması olaraq, dünyanın xilası üçün təsis edilmişdilər.
Məclisin niyyətini daha dərindən anlamaq üçün “Lumen gentium” sənədinin III fəslinin başlığını diqqətlə oxumaq faydalıdır. Bu başlıq Kilsənin fundamental quruluşunu açıqlayır: bu quruluş Ata Allahdan Oğul vasitəsilə qəbul olunmuş və Müqəddəs Ruhun enməsi ilə kamilliyə çatdırılmışdır. Məclis Ataları Kilsənin institusional ünsürlərini, “qurum” sözünün müasir mənada başa düşülə biləcəyi kimi təqdim etmək niyyətində deyildilər. Sənəd daha çox “xidmətçi və ya iyerarxik kahinlik” üzərində dayanır; bu kahinlik möminlərin ümumi kahinliyindən “təkcə dərəcə baxımından deyil, mahiyyətcə” fərqlənir. Bununla yanaşı, xatırladılır ki, bu iki kahinlik “bir-biri ilə sıx bağlıdır: hər biri özünəməxsus şəkildə Məsihin vahid kahinliyində iştirak edir” (LG, 10). Beləliklə, Məclis Kilsədə xidmət üçün müqəddəs səlahiyyət — sacra potestas ilə təchiz olunmuş şəxslərə verilən xidməti nəzərdən keçirir (müq. LG, 18). Vahid Müqəddəs Əlqoyma (Ordinasiya) sakramentinin dərəcələri kimi xüsusilə yepiskopluğa (LG, 18–27), daha sonra isə keşişliyə (LG, 28) və diakonluğa (LG, 29) diqqət yetirilir.
Beləliklə, “iyerarxik” sifəti ilə Məclis həvari xidmətinin müqəddəs mənşəyini — Yaxşı Çoban olan İsanın fəaliyyətində kök salmasını — və eyni zamanda onun daxili münasibətlər sistemini ifadə etmək istəyir. Əvvəla yepiskoplar, onların vasitəsilə isə keşişlər və diakonlar, öz üzərlərinə müəyyən vəzifələr (latınca: munera) qəbul etmişlər. Bu vəzifələr onları Allahın Xalqına mənsub olan hər kəsə xidmətə yönəldir ki, “hamısı azad və nizamlı şəkildə ümumi bir məqsədə doğru çalışaraq xilasa yetişsinlər” (LG, 18).
“Lumen gentium” bu həvari missiyasının kollegial və icma xarakterini dəfələrlə və təsirli şəkildə xatırladır və bir daha təsdiq edir ki, “Rəbbin Öz xalqının çobanlarına həvalə etdiyi vəzifə həqiqi bir xidmətdir və müqəddəs yazılarda ‘diakoniya’, yəni xidmət adlandırılır” (LG, 24). Bununla aydın olur ki, niyə müqəddəs VI Paul iyerarxiyanı belə təsvir edirdi: o, “Məsihin məhəbbətindən doğan bir gerçəklikdir və məqsədi Kilsəyə Məsih tərəfindən əmanət edilmiş iman xəzinəsinin, nümunələrin, öyüdlərin və xarizmaların bütövlüyünü qorumaq, onları yaymaq və səmərəli şəkildə ötürülməsini təmin etməkdir” (14 sentyabr 1964, Acta Synodalia III/1, 147).
Əziz bacılar və əziz qardaşlar, gəlin Rəbbə dua edək ki, O, Öz Kilsəsinə İncil məhəbbəti ilə alışıb-yanan, bütün vəftiz olunmuşların xeyrinə həsr olunmuş və dünyanın hər yerində cəsarətli missionerlər olan xidmətçilər bəxş etsin.
