++ Il Papa, pace in Iran e in Medio Oriente, bimbi vittime innocenti ++

Papa: Kilsə birlik və sülh əlamətidir

11 mart tarixində keçirilən Ümumi Audiyensiya zamanı Papa XIV Leo “Lumen gentium” adlı Doqmatik Konstitusiya haqqında katexetik təlimlər silsiləsini davam etdirərək onun Allahın xalqına həsr olunmuş ikinci fəslinə müraciət edib.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 11 mart 2026

Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!

Lumen gentium (LG) Dogmatik Konstitusiya üzərində düşüncələrimizi davam etdirərək, bu gün Allahın xalqına həsr olunmuş ikinci fəslə nəzər salacağıq.

Dünyanı və bəşəriyyəti yaradan, hər bir insanı xilas etmək istəyən Allah Öz xilas planını tarix daxilində həyata keçirir: O, real bir xalqı seçir və onların arasında məskən salır. Məhz buna görə də O, İbrahimi çağırır və ona göydəki ulduzlar və dəniz sahilindəki qum qədər saysız-hesabsız nəsil vəd edir (Yar 22, 17–18). İbrahimin övladlarını köləlikdən azad etdikdən sonra Allah onlarla əhd bağlayır, onları müşayiət edir, qayğı ilə qoruyur və yoldan azdıqları zaman onları yenidən bir yerə toplayır. Beləliklə, bu xalqın kimliyi Allahın fəaliyyəti və Ona olan iman ilə müəyyən olunur. Onlar, bütün xalqları, bütün bəşəriyyəti özünə doğru cəlb edən bir məşəl kimi digər xalqlar üçün işıq olmağa çağırılmışlar (Yeş 2, 1–5).

II Vatikan Məclisi belə bəyan edir: “Bütün bunlar isə yeni və kamil Əhdin – Məsihdə təsdiq olunacaq əhdin – və Allahın Öz Kəlamının bədən alaraq təcəssüm etməsi vasitəsilə veriləcək daha dolğun vəhyin hazırlığı və rəmzi kimi baş vermişdir” (LG, 9). Həqiqətən də, Öz Bədənini və Qanını bəxş etməklə Məsih bu xalqı Özündə və qəti şəkildə birləşdirir. Artıq bu xalq bütün xalqlardan olan insanlardan təşkil olunmuşdur; onlar Ona imanla, Ona sadiq bağlılıqla və Onun həyatı ilə eyni həyatı yaşayaraq birləşirlər, Dirilmiş Rəbbin Ruhunun ilhamı ilə canlanırlar. Bu xalq – Kilsədir: varlığını Məsihin Bədənindən alan Allahın xalqı [1] və özləri də Məsihin Bədəni olan insanlar [2]. Bu, digər xalqlar kimi adi bir xalq deyil, Allahın Xalqıdır; Allah tərəfindən çağırılmış və yer üzünün bütün xalqlarından olan qadın və kişilərdən ibarət olan bir birlikdir. Onu birləşdirən əsas dil, mədəniyyət və ya etnik mənsubiyyət deyil, Məsihə olan imandır. Buna görə də Kilsə – Məclisin gözəl ifadəsi ilə desək – “imanla İsa Məsihə yönələnlərin hamısının birliyidir” (LG, 9).

Bu, başı Məsih, yəni “məsh olunmuş” məsihçi (messiyan) bir xalqdır. Ona mənsub olanlar öz ləyaqətləri və ya titulları ilə öyünmürlər; onlar yalnız Məsihdə və Onun vasitəsilə Allahın oğulları və qızları olmaq neməti ilə fəxr edirlər. Buna görə də Kilsədə hər hansı vəzifə və ya xidmətlərdən daha önəmli olan şey Məsihə calanmaq, lütf vasitəsilə Allahın övladları olmaqdır. Xristian olaraq arzulamalı olduğumuz yeganə şərəf də məhz budur. Biz ona görə Kilsədəyik ki, Atadan dayanmadan həyat qəbul edək və Onun övladları kimi yaşayaq, bir-birimizə isə qardaş və bacılar olaq. Buna görə də Kilsədə münasibətləri hərəkətə gətirən qanun sevgidir — İsa Məsihdə qəbul etdiyimiz və yaşadığımız sevgi. Bu sevginin məqsədi isə Allahın Padşahlığıdır. Kilsə bütün bəşəriyyətlə birlikdə həmin Padşahlığa doğru yol alır.

Bütün kişi və qadınların Rəbbi və Xilaskarı olan Məsihdə birləşmiş Kilsə heç vaxt özünə qapanaraq yalnız öz daxilinə yönələ bilməz; o, hər kəsə açıqdır və hər kəs üçündür. Məsihə iman edənlər onun üzvləridirsə də, Məclis bizə xatırladır: “Bütün insanlar Allahın yeni xalqına mənsub olmağa çağırılmışdır. Buna görə də bu xalq tək və vahid qalaraq bütün dünyaya və bütün zamanlara yayılmalıdır ki, Allahın iradəsinin niyyəti yerinə yetsin. O, başlanğıcda insan təbiətini bir yaratmış və səpələnmiş övladlarını yenidən bir yerə toplamaq istəmişdir” (LG, 13). Buna görə də İncili hələ qəbul etməmiş olanlar belə müəyyən mənada Allahın xalqına yönəlmişdirlər və Kilsə, Məsihin missiyasında Onunla əməkdaşlıq edərək, İncili hər yerdə və hər kəsə yaymağa çağırılmışdır (müq. LG, 17) ki, hər bir insan Məsihlə təmasda ola bilsin. Bu isə o deməkdir ki, Kilsədə hər kəs üçün yer vardır və olmalıdır; həm də hər bir məsihçi yaşadığı və işlədiyi hər bir mühitdə İncili elan etməyə və ona şahidlik etməyə çağırılmışdır. Beləliklə, bu xalq öz katolikliyini göstərir: müxtəlif mədəniyyətlərin zənginliyini və imkanlarını qəbul edir, eyni zamanda isə onları təmizləmək və ucaldaraq yeniləmək üçün İncilin yeniliyini onlara təqdim edir (müq. LG, 13).

Bu baxımdan Kilsə birdir, lakin hər kəsi özündə ehtiva edir. Böyük bir ilahiyyatçı bunu belə ifadə etmişdir: “Yeganə Qurtuluş Gəmisi bəşəriyyətin bütün müxtəlifliyini öz geniş gövdəsində qəbul etməlidir. Yeganə ziyafət zalı olaraq o, təqdim etdiyi qidanı bütün yaradılışdan alır. Məsihin tikişsiz libası olan Kilsə eyni zamanda Yusifin çoxrəngli libasıdır.”

Bu, xüsusilə də bu gün, bu qədər münaqişə və müharibələrlə sarsılan dövrümüzdə böyük bir ümid əlamətidir: bilmək ki, Kilsə elə bir xalqdır ki, orada müxtəlif millətlərdən, dillərdən və mədəniyyətlərdən olan qadınlar və kişilər iman içində birlikdə yaşayırlar. Bu, bəşəriyyətin tam mərkəzinə qoyulmuş bir əlamətdir -  Ata Allah bütün övladlarını çağırdığı o birliyin və sülhün xatırladılması və peyğəmbər müjdəsidir.

12 mart 2026, 09:58

Ən son Audiensiyalar

Həmçinin oxuyun >