Axtar

2025.08.25 "E pace sia" libro della Lev con i primi discorsi di Papa Leone XIV

Papa XIV Leo: Yalnız sülh dolu qəlblər ədalətli və davamlı sülh qura bilər

Biz Papa XIV Leonun “HarperCollins” tərəfindən nəşr olunan və 24 fevraldan etibarən Amerika Birləşmiş Ştatlarında və ingilisdilli ölkələrdə satışa çıxarılan “Sizə sülh olsun!” (Peace Be with You!) kitabına yazdığı yeni ön sözün mətnini təqdim edirik. Bu nəşr, 2025-ci ilin avqust ayında Vatikan Nəşriyyat Evi tərəfindən çap edilmiş “E pace sia!” kitabının ingilisdilli versiyadır.

Papa XIV Leo tərəfindən

Sülh dövrümüzün ən böyük məsələlərindən biridir və o, həm bir ənam, həm də bir öhdəlikdir: Allahın bəxş etdiyi və əsrlər boyu insanlar tərəfindən inşa edilən bir hədiyyədir.

Biz çoxsaylı münaqişələrlə yaralanmış və qanlı düşmənçiliklərlə sarsılmış bir dünyada yaşayırıq. Amansız millətçilik ən zəiflərin hüquqlarını tapdalayır. Sülh döyüş meydanında məhv edilməzdən əvvəl, biz eqoizmə, tamahkarlığa təslim olduqda və ümumi rifahı düşünmək əvəzinə qərəzli maraqların üstünlük təşkil etməsinə icazə verdikdə, insanın qəlbində məğlub olur. Bir çox yazıçılar qeyd ediblər ki, biz digər insanların hekayələrinə qulaq asmaqdan imtina etdiyimiz an, onları ləyaqətlərindən məhrum etməyə başlayırıq. Başqalarını fərdilikdən məhrum etmək hər hansı bir müharibənin ilk addımıdır. Digər tərəfdən, başqalarını tanımaq sülhün kiçik bir təzahürüdür. Lakin tanımaq üçün ilk növbədə sevməyi bacarmaq lazımdır. Müqəddəs Avqustin deyirdi ki, “dostluqdan başqa heç bir yolla heç kimi tanımaq olmaz” (Səksən üç müxtəlif sual, 71).

Mən burada sülhün bu ikili ölçüsü üzərində düşünmək istərdim: şaquli (Ucalardan gələn bir ənam kimi) və üfüqi (hər bir insanın məsuliyyəti kimi).

Sülh, İsanın Beytlehemdə doğulması ilə Allahın hər dövrün kişi və qadınlarına verdiyi bir hədiyyədir. Mələklər yer üzündə sülh elan etdilər, çünki Allah insan oldu. O, bəşəriyyəti elə dərindən mənimsədi ki, Öz çarmıxı ilə günahın düşmənçiliyini məhv etdi. Müqəddəs Avqustin yazır: “Ruhani bədənimiz dirildikdən sonra Məsihlə qarşılaşmaq üçün buludlara qalxdığımız zaman biz də Allah üçün uca göylərdə əlavə bir izzət mənbəyi olacağıq; əlbəttə ki, bir şərtlə ki, biz burada, yer üzündə olduğumuz müddətdə xoş məramla sülh üçün çalışmışıq” (Vəzlər, 193). Allahın izzəti bizi Onun sonsuz xeyirxahlığının iştirakçısı etmək üçün yer üzünə endi. Bu ənam bizim cavabımızın, Hippolu Müqəddəsin yazdığı kimi, “xoş məramımızın” məsuliyyətini fəaliyyətə çağırır.

Bundan əlavə, sülh Dirilmiş Olanın Öz şagirdlərinə verdiyi hədiyyədir. Bu, çarmıxın izlərini daşıyan, 'yaralı' bir sülhdür. Çünki İsanın sülhü, hər zamanın və hər məkanın iztirablarını özündə hiss edən, sevgi dolu bir qəlbdən süzülüb gəlir. “Rəbb dirildikdən sonra Öz şagirdlərinə göründü və onları: «Sizə sülh olsun!» — deyərək salamladı. Bu, həqiqi sülhdür və xilasın sədasıdır. Çünki bu salamın mahiyyəti elə xilasın özündən qaynaqlanır” (Müqəddəs Avqustin, Vəzlər, 116).

Lakin sülh həm də hər birimiz üçün bir öhdəlik və məsuliyyətdir. Sülh uşaqlara başqalarına hörmət etməyi və oynayarkən digərlərinə qarşı kobudluq etməməyi öyrətmək deməkdir. Sülh şəxsi qürurumuza qalib gəlmək və ailəmizdə, işimizdə, idmanda başqasına yer ayırmaq deməkdir. Sülh qəlbimizin və həyatımızın sükut, təfəkkür və Allahı dinləməklə məskunlaşmasıdır; çünki Allah heç vaxt zorakılığa xeyir-dua vermir, O, başqalarından sui-istifadə edilməsini və ya Xaliqin sığalı olan xilqətin simasını eybəcərləşdirən yer kürəsinin amansızcasına istismarını heç vaxt təqdir etmir.

Dünyada aparılan çoxsaylı müharibələr qarşısında özümüzü aciz hiss edə bilərik. Mənim “acizliyin qloballaşması” adlandırdığım bu vəziyyətə müxtəlif yollarla cavab verə bilərik: hər şeydən əvvəl, imanlılar duaya səs verə bilərlər. Dua yalnız ümumi rifahı axtaran, heç kəsi kənarda qoymayan “silahsız” bir qüvvədir. Dua edərək biz eqomuzu tərksilah edir, təmənnasızlığa və səmimiyyətə qadir oluruq.

Üstəlik, bizim qəlbimiz ən mühüm döyüş meydanıdır. Məhz orada biz ölüm instinktləri və hökmranlıq meylləri üzərində qansız, lakin zəruri olan qələbəni yaşamalıyıq: dünyada sülhü yalnız sülhdolu qəlblər qura bilər. Biz barışıq mədəniyyətini mənimsəməli, başqalarına qarşı olan şübhənin bir görüş və tanışlıq fürsətinə çevrildiyi 'zorakılıqsız mühitlər' yaratmalıyıq. Sülhün qaynağı qəlbdir: biz orada toqquşmağı deyil, görüşməyi; inamsızlığı deyil, etibar etməyi; özümüzü qapatmağı deyil, dinləyib anlamağı öyrənməliyik.

Nəhayət, siyasət və beynəlxalq birlik dialoq və diplomatiya sənətindən istifadə edərək münaqişələrdə vasitəçilik etmək məsuliyyətini daşıyır. “Ey Rəbb Allah, bizə Öz sülhünü bəxş et... istirahət sülhünü, axşamı olmayan o müqəddəs Şənbə sülhünü”: Avqustinin bu sözləri ilə Atadan xahiş edək ki, dünyamıza, bütün insanlara, xüsusən də ən çox unudulanlara və ən çox əziyyət çəkənlərə ədalətli və davamlı sülhün xeyir-dualı lütfünü bəxş etsin.

25 fevral 2026, 13:13