Axtar

Pope Leo XIV prays for the sick at the Lourdes grotto in the Vatican Gardens

Papa XIV Leo-nun 2026-cı il Böyük Oruc münasibətilə MÜRACİƏTİ

Böyük Orucun başlanğıcı ərəfəsində Papa XIV Leo katolikləri dinləməyə, oruca və icma həyatına açıq olmağa dəvət edir; nifrət dolu sözlərdən çəkinərək ümid və sülh kəlamlarına yer açmağa çağırır.

MÜQƏDDƏS ATA XIV LEO-NUN

2026-cı il Böyük Oruc münasibətilə

MÜRACİƏTİ

Dinləmək və Oruc Tutmaq:
Böyük Oruc – Tövbə zamanı

Əziz qardaşlar və bacılar,

Böyük Oruc elə bir zamandır ki, Kilsə ana qayğısı ilə bizi həyatımızın mərkəzinə yenidən Allahın sirrini qaytarmağa dəvət edir. Bu dəvət ona görədir ki, biz imanımızda yenilənmə tapaq və qəlblərimiz gündəlik həyatın qayğıları və saysız-hesabsız dağınıqlıqları tərəfindən aşınaraq sönməsin.

Tövbəyə aparan hər bir yol Allahın Kəlamının qəlbimizə toxunmasına izin verməklə və onu itaətkar, açıq və həlim bir ruhla qəbul etməklə başlanır. Kəlam, onu qəbul etməyimiz və onun bizdə həyata keçirdiyi daxili dəyişmə arasında dərin və ayrılmaz bir bağlılıq vardır. Məhz buna görə Böyük Oruc yolu Rəbbin səsinə qulaq asmaq, Məsihə sədaqətimizi yeniləmək və Onu Yerusəlim yolunda müşayiət etmək üçün mübarək bir fürsətdir. Çünki məhz orada – Yerusəlimdə – Onun əzablarının, ölümünün və dirilməsinin sirri kamala yetəcəkdir.

Dinləmək

Bu il ilk növbədə Kəlam üçün yer açmağın əhəmiyyəti üzərində dayanmaq istəyirəm. Dinləməyə hazır olmaq, kiminləsə həqiqi münasibət qurmaq niyyətinin ilk və ən aydın ifadəsidir.

Allah Özünü yanan kolda Musaya aşkar edərkən bizə göstərir ki, dinləmək Onun ilahi mahiyyətini səciyyələndirən xüsusiyyətlərdən biridir: «Misirdə olan xalqımın əzabını gördüm və onların fəryadını eşitdim» (Çıx. 3,7). Məzlumların naləsini eşitmək azadlıq tarixinin başlanğıcıdır. Rəbb Musanı çağırır və onu göndərir ki, köləliyə məhkum edilmiş övladları üçün xilasa aparan yol açsın.

Bizim Allahımız insanı Öz işinə cəlb etmək istəyən Allahdır. O, bu gün də qəlbində olanı bizimlə bölüşür. Buna görə də liturgiyada Kəlamı dinləmək bizi gerçəkliyin həqiqətinə qulaq asmağa öyrədir. Şəxsi həyatımızda və cəmiyyətdə səslənən saysız-hesabsız səslərin içində Müqəddəs Yazı bizə iztirab və ağrı içində olanların fəryadını tanımağı və ona cavab verməyi öyrədir. Bu daxili dinləmə qabiliyyətini yetişdirmək üçün biz Allahın Özünün necə dinlədiyini Ondan öyrənməliyik. Etiraf etməliyik ki, «yoxsulların halı insanlıq tarixi boyunca həyatımıza, cəmiyyətlərimizə, siyasi və iqtisadi sistemlərimizə və nəhayət, Kilsənin özünə daimi şəkildə çağırış edən bir fəryaddır». [1]

Oruc

Əgər Böyük Oruc dinləmə zamanıdırsa, oruc tutmaq Allahın Kəlamını qəbul etməyə hazırlanmağın konkret yoludur. Qidadan imtina qədim asketik ənənədir və tövbə yolunda mühüm yer tutur. Məhz bədəni də əhatə etdiyi üçün oruc bizə nəyə “ac” olduğumuzu və həyatımız üçün nələri zəruri saydığımızı daha aydın görməyə kömək edir. Oruc həmçinin daxili “istəklərimizi” tanımağa və onları düzgün nizama salmağa yardım edir; ədalətə olan aclıq və susuzluğumuzu diri saxlayır, bizi laqeydlik və özündənrazılıqdan azad edir. Beləliklə, o, bizi həm dua etməyə, həm də yaxınlarımıza qarşı məsuliyyətlə davranmağa öyrədir. Dərin ruhani baxışı ilə Müqəddəs Avqustin qəlbin keşiyində dayanmağın bu günlə gələcək kamillik arasında yaratdığı gərginliyi anlamağımıza yardım edir. O yazır: «Yer üzündəki həyat boyu insana ədalətə ac və susuz olmaq yaraşır; doymaq isə gələcək həyata məxsusdur. Mələklər artıq bu çörəklə, bu qida ilə doymuşdurlar. İnsan nəsli isə ona aclıq çəkir; hamımız arzumuzun qüvvəsi ilə ona doğru çəkilirik. Bu arzuya yönəlmiş daxili canatma ruhu genişləndirir və onun tutumunu artırır». [2] Bu mənada anlaşıldıqda, oruc yalnız istəklərimizi idarə etməyə, onları saflaşdırıb daha azad etməyə imkan vermir; o, həm də onları genişləndirir ki, arzumuz Allaha və xeyir əmələ yönəlsin.

Lakin oruc müjdəvi ruhuna uyğun şəkildə yaşanmalı və insanı qürura aparan vəsvəsədən qorunmalıdır; buna görə də o, iman və dərin təvazökarlıq içində icra edilməlidir. Oruc Rəbb ilə canlı ünsiyyətə əsaslanmalıdır, çünki «Allahın Kəlamı ilə qidalanmağı bacarmayanlar həqiqi mənada oruc tutmurlar». [3] Lütfün köməyi ilə günahdan və şərdən üz döndərmək qərarımızın görünən əlaməti olaraq oruc həm də özünüinkar və özünüməhdudlaşdırmanın digər formalarını əhatə etməlidir. Bu isə bizi daha ayıq, daha sadə və daxili intizamla zəngin bir həyat tərzinə yönəldir; çünki «məhz zahidlik xristian həyatını möhkəm və həqiqi edir». [4]

Bu məqamda sizi çox konkret, lakin çox vaxt layiq olduğu diqqəti görməyən bir imtina formasına - başqasını incidən və yaralayan sözlərdən çəkinməyə dəvət etmək istəyirəm.  Gəlin hər şeydən əvvəl dilimizi silahsızlaşdıraq; sərt və qəlb qıran ifadələrdən, tələsik və ədalətsiz hökmlərdən uzaq olaq; qeybətdən, böhtandan və yanımızda olmayan, özünü müdafiə edə bilməyən insanlar haqqında pis danışmaqdan imtina edək. Bunun əvəzində sözümüzü ölçüb-biçməyi, ailələrimizdə, dost çevrəmizdə, iş mühitində, sosial şəbəkələrdə, ictimai və siyasi müzakirələrdə, mediada və xristian icmalarında nəzakət və hörmət mədəniyyətini yetişdirməyi özümüzə borc bilək. Beləliklə, nifrət dolu sözlər yerini ümid və sülh kəlamlarına verəcək.

Birlikdə olmaq

Nəhayət, Böyük Oruc Kəlamı dinləməyin və orucun icma xarakterini xüsusi vurğulayır. Müqəddəs Kitab bu ölçünü müxtəlif şəkildə qabardır. Məsələn, Nehemya kitabı xalqın Qanunun açıq oxunuşunu dinləmək üçün bir yerə toplaşdığını, imanını etiraf edib ibadətə hazırlaşmaq məqsədilə oruc tutduğunu və beləliklə, Allahla əhdini yenilədiyini nəql edir (bax: 9,1–3).

Eyni şəkildə, kilsə icmalarımız, ailələrimiz, ruhani birliklərimiz və dini cəmiyyətlərimiz Böyük Oruc dövründə ortaq bir yol keçməyə çağırılır. Bu yolda Allahın Kəlamını, eləcə də yoxsulların və yer üzünün fəryadını dinləmək icma həyatımızın ayrılmaz hissəsinə çevrilməli, oruc isə səmimi tövbənin möhkəm təməli olmalıdır. Bu mənada tövbə təkcə şəxsi vicdanla məhdudlaşmır; o, münasibətlərimizin və dialoqumuzun keyfiyyətinə də aiddir. Bu, reallığın bizi sınağa çəkməsinə imkan vermək və arzularımızı həqiqətdə nəyin yönləndirdiyini – həm kilsə icmalarımız daxilində, həm də bəşəriyyətin ədalət və barışa olan susuzluğu baxımından – tanımaq deməkdir.

Əziz dostlar, gəlin bizi Allaha və aramızdakı ən kiçiklərə qarşı daha həssas edən Böyük Oruc lütfünü diləyək. Gəlin dilimizdən istifadəyə də şamil olunan bir orucun gücünü istəyəq ki, incitici sözlər azalsın və başqalarının səsinə daha geniş yer açılsın. Gəlin icmalarımızı elə məkanlara çevirək ki, əzab çəkənlərin fəryadı orada qəbul edilsin və dinləmə azadlığa aparan yollar açsın; beləliklə, biz, sevgi sivilizasiyasının qurulmasına töhfə verməyə hazır və həvəsli olaq.

Hamınıza və Böyük Oruc yolunuza ürəkdən xeyir-duamı verirəm.

Vatikan, 5 fevral 2026-cı il

Müqəddəs Aqata, bakirə və şəhidin xatirəsi günü

LEO PP. XIV

____________________________________________________

[1] Apostol Nəsihəti Dilexi Te (4 oktyabr 2025), 9.

[2] Müqəddəs Avqustin, Orucun faydası haqqında, 1, 1.

[3] XVI Benedikt, Katexizis (9 mart 2011).

[4] VI Pavel, Katexizis (8 fevral 1978).

14 fevral 2026, 02:45