Papa insan hüquqları və yayılan “müharibə şövqü” ilə bağlı xəbərdarlıq etdi
Vatican News tərəfindən
“Müharibənin yenidən dəbə düşdüyü” və sülhün ədalətdən çox güc yolu ilə axtarıldığı barədə xəbərdarlıq edən Papa XIV Leo, Müqəddəs Taxt-Tac yanında akkreditə olunmuş Diplomatik Korpus qarşısındakı çıxışında təvazökarlıq, dialoq və çoxtərəfliliyə yenidən sadiq qalmaq üçün güclü çağırış etdi.
Yanvarın 9-da, cümə günü, ənənəvi Yeni il təbrikləri zamanı çıxış edən Papa ehtiyatlı olmağa çağırdı ki, dialoqa əsaslanan diplomatiya öz yerini güc və çəkindirmə məntiqinə verdikcə, beynəlxalq birgəyaşayışın əsasları ardıcıl olaraq sarsılır. “İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş, millətlərin başqalarının sərhədlərini pozmaq üçün güc tətbiq etməsini qadağan edən prinsip tamamilə sarsılıb,” — deyən Papa, belə bir düşüncə tərzinin hüququn aliliyinin özünü ciddi şəkildə təhdid etdiyi barədə xəbərdarlıq etdi.
Vatikanın diplomatik ilində həlledici məqam
Papa ilə Müqəddəs Taxt-tac yanında akkreditə olunmuş səfirlər arasındakı illik görüş Vatikanın diplomatik təqvimində ən mühüm tədbirlərdən biri hesab olunur. Tez-tez “Dünyanın Vəziyyəti” müraciəti adlandırılan Papanın bu fürsətlərdəki nitqləri beynəlxalq həyatın mənəvi mənzərəsini — maraqlara deyil, vicdana edilən çağırışı — yeni ilin əvvəlində məsuliyyətə, təmkinliyə və yenilənməyə çağırış kimi təqdim edir.
Cəmi bir neçə ay əvvəl “Məsihin sürüsünə çobanlıq etməyə” çağırılan və bu tədbiri “yeni bir təcrübə” adlandıran Papa XIV Leo üçün bu müraciət, həm də Müqəddəs Taxt-Tacın diplomatiyanı dərk etdiyi mənəvi üfüqləri ifadə etməyə xidmət etdi: qarşılaşma naminə səbirli fəaliyyət, müdafiəsizlərin qorunması və həqiqətə əsaslanan sülhə sadiqlik.
Sərhədlər, hüquq və “silah gücü ilə sülhün” qayıdışı
Papa XIV Leo İkinci Dünya müharibəsindən sonra dövlətlərin başqalarının sərhədlərini pozmaq üçün güc tətbiq etməyəcəkləri barədə öhdəlik götürdükləri prinsipin zəifləməsindən təəssüf hissi keçirdiyini bildirdi. “Bu prinsip... tamamilə sarsılıb,” — deyən Papa, sülhün getdikcə “öz hökmranlığını təsdiq etmək şərti kimi silahlar vasitəsilə” axtarıldığını, bu təfəkkürün isə “bütün dinc sivil birgəyaşayışın təməli olan hüququn aliliyini ciddi şəkildə təhdid etdiyini” vurğuladı.
Papa öz fikirlərini əsaslandırmaq üçün dəfələrlə Müqəddəs Avqustinə, xüsusən də Avqustinin təkəbbür, güc və təhlükəsizlik illüziyası haqqında düşüncələrini əks etdirən De Civitate Dei (Allah Şəhəri) əsərinə müraciət etdi. Papa xatırlatdı ki, hətta müharibə edənlər belə, nəticədə sülh arzulayırlar — lakin bu, ortaq bir rifah kimi sülh deyil, «sahib olmaq» sülhüdür. Avqustindən sitat gətirərək o dedi: “Buna görə də onlar sülhün olmamasını deyil, yalnız öz istədikləri sülhün olmasını istəyirlər.”
Papanın fikrincə, məhz bu təhrif bəşəriyyəti iyirminci əsrdə fəlakətə sürüklədi. O qeyd etdi ki, həmin faciədən səksən il əvvəl “sülhün qorunması, fundamental insan hüquqlarının müdafiəsi və davamlı inkişafın təşviqi üçün” çoxtərəfli əməkdaşlıq mərkəzi kimi yaradılmış Birləşmiş Millətlər Təşkilatı ortaya çıxdı.
Humanitar hüquq “həmişə üstün olmalıdır”
Hüquq prinsiplərindən bəhs edərkən Papa XIV Leo müharibənin real bədəlinə — xüsusən də mülki şəxslər hədəfə çevrildikdə və həyati əhəmiyyətli infrastruktur məhv edildikdə yaranan fəsadlara toxundu.
“Mən beynəlxalq humanitar hüququn əhəmiyyətinə xüsusi diqqət yetirmək istərdim,” — deyə o bildirdi. Bu qaydalara riayət edilməsi “sadəcə şəraitdən, hərbi və ya strateji maraqlardan” asılı ola bilməz. Əksinə, humanitar hüquq “dövlətlərin üzərinə götürdüyü bir öhdəlikdir” və “həmişə münaqişə tərəflərinin ambisiyalarından üstün olmalıdır”.
O, “xəstəxanalara, enerji infrastrukturuna, evlərə və gündəlik həyat üçün zəruri olan yerlərə” hücumların ciddi qanun pozuntusu olduğunu vurğuladı və Müqəddəs Taxt-Tacın “mülki şəxslərin hərbi əməliyyatlara hər hansı formada cəlb edilməsini” pislədiyini bir daha təkrar etdi. Mənəvi meyarın mənfəət deyil, ləyaqət olduğunu israrla qeyd etdi: “insan ləyaqətinin toxunulmazlığı və həyatın müqəddəsliyi prinsipinin qorunması hər zaman istənilən milli maraqdan daha üstündür”.
Münaqişələrin adlandırılması, sülh çağırışı
Daha sonra Papa bu mənəvi çərçivəni dünyanın müxtəlif yerlərindəki konkret böhranlara tətbiq etdi.
O, “Ukraynada davam edən müharibə” və mülki əhalinin əziyyətlərindən danışaraq, “təcili atəşkəsə olan kəskin ehtiyacı” bir daha vurğuladı və “sülhə aparan yolların səmimi axtarışına əsaslanan” dialoqa çağırdı. O, beynəlxalq birliyi tərəddüd etməməyə çağırdı və Müqəddəs Taxt-Tacın “sülh və harmoniyanı təşviq edən hər bir təşəbbüsü dəstəkləməyə” hazır olduğunu təkrar etdi.
O qeyd etdk ki, Müqəddəs Torpaqlarda oktyabr ayında elan edilmiş atəşkəsə baxmayaraq, mülki şəxslər “ciddi humanitar böhran” yaşamağa davam edirlər. O, Qəzzadakı fələstinlilərə “davamlı sülh və ədalət gələcəyi” təmin etməyə yönəlmiş təşəbbüslərə diqqəti bir daha təsdiqlədi və təkrar etdi ki, iki dövlətli həll həm fələstinlilərin, həm də israillilərin istəklərini qarşılamaq üçün yeganə institusional perspektiv olaraq qalır. O, həmçinin İordan çayının qərb sahilində “öz torpağında sülh içində yaşamaq hüququna malik olan” fələstinli mülki şəxslərə qarşı artan zorakılığa görə təəssüfləndiyini bildirdi.
Papa XIV Leo, həmçinin “Karib dənizində və Amerikanın Sakit okean sahili boyunca artan gərginlikdən” narahatlığını ifadə edərək, dinc siyasi həll yolları üçün müraciətini yenilədi. O, həmçinin Venesueladakı böhrana “son hadisələrin işığında” toxunaraq, xalqın iradəsinə hörmət edilməsinə, insan və mülki hüquqların qorunmasına çağırdı. O, keçən ilin oktyabrında kanonizasiya olunmuş iki Venesuelalı müqəddəsin — Xose Qreqorio Ernandes və Karmen Rendilesin — şəhadətini “ədalət, həqiqət, azadlıq və qardaşlıq” üzərində qurulan cəmiyyət üçün ilham mənbəyi kimi xatırlatdı.
O, həmçinin Haitidəki zorakılıq və qeyri-sabitlikdən danışaraq konkret beynəlxalq dəstək çağırışı etdi; eyni şəkildə Afrika Böyük Göllər regionuna, Sudan və Cənubi Sudana, Şərqi Asiyadakı gərginliyə və keçən ilin martında baş vermiş zəlzələ nəticəsində daha da pisləşən Myanmadakı humanitar böhrana diqqət çəkdi, “sülh və inklüziv dialoq” ilə humanitar yardımın çatdırılmasına imkan yaratmağa çağırış etdi.
Nüvə riski və Süni İntellektin etik idarə edilməsi
Papa XIV Leo bildirdi ki, bu böhranların çoxunun kökündə sülhün yalnız güc və çəkindirmə yolu ilə mümkün olduğuna dair davamlı inanc dayanır. Lakin o xəbərdarlıq etdi ki, sülh daimi quruculuq və ayıq-sayıqlıq tələb edir — xüsusən də böyük məhv etmə qabiliyyətinə malik olanlar arasında.
O, fevral ayında Yeni START müqaviləsinin müddətinin bitməsinə diqqət çəkərək, nüvə silahlarına nəzarətin aktuallığını qeyd etdi və süni intellekt tərəfindən formalaşdırılan, getdikcə mürəkkəbləşən silahlarla silahlanma yarışına qayıdış barədə xəbərdarlıq etdi. Süni intellektin, onun dediyinə görə, azadlığı və insan məsuliyyətini qoruyan tənzimləyici çərçivələrlə yanaşı, “müvafiq və etik idarəetməyə ehtiyacı var”.
Miqrantlar, məhbuslar və Yubileyin “struktural” ruhu
Papanın ləyaqət müdafiəsi çox vaxt şəxslər deyil, problem kimi yanaşılan iki qrupa - miqrantlara və məhbuslara da şamil edildi.
“Hər bir miqrant bir insandır,” — deyən Papa, buna görə də onların hər vəziyyətdə hörmət edilməli olan ayrılmaz hüquqlarının olduğunu bildirdi. Miqrasiyaların hamısı seçim əsasında edilmir. O izah etdi ki, çoxları “zorakılıqdan, təqiblərdən, münaqişələrdən və hətta iqlim dəyişikliyinin təsirlərindən” qaçır. Beynəlxalq Miqrasiya Təşkilatının (BMİ) yetmiş beşinci ildönümünü qeyd edərək, Papa xəbərdarlıq etdi ki, cinayətkarlıq və insan alverinə qarşı səylər “miqrantların və qaçqınların ləyaqətini sarsıtmaq üçün” bəhanəyə çevrilməməlidir.
O, həmçinin məhbuslardan danışaraq, israrla qeyd etdi ki, “onlar heç vaxt törətdikləri cinayətlərə qədər alçaldılmamalıdır”. O, Papa Fransiskin Yubiley çağırışına mərhəmət jestləri ilə cavab verən hökumətlərə təşəkkür etdi və ümid etdiyini bildirdi ki, Yubiley ruhu ədalət sistemlərini “daimi və struktur şəkildə” ruhlandıracaq, humanist şəraiti və mütənasib cəzaları təmin edəcək. Hər şeydən əvvəl, o vurğuladı ki, buna ölüm hökmünün ləğvi də daxildir. Papa bunu “bağışlanma və yenilənmə ümidini tamamilə məhv edən” bir tədbir adlandırdı. O, “bir çox ölkədə siyasi səbəblərdən saxlanılan məhbusları” da unutmadı.
Dil böhranı və azadlığın daralması
Papanın müraciətinin digər bir mövzusu dilin özü: onun zəifləməsi, manipulyasiyası və zərərli alətə çevrilməsi haqqında xəbərdarlıq idi.
“Sözlərin mənasını yenidən kəşf etmək bəlkə də dövrümüzün əsas çağırışlarından biridir,” — deyən Papa əlavə etdi ki, sözlər reallıqla əlaqəsini itirdikdə, reallığın özü də “mübahisəli və nəticədə ifadə olunmaz” hala gəlir.
O, Müqəddəs Avqustinin ortaq dili olmayan və birlikdə qalmağa məcbur edilən iki insan haqqındakı təsvirini xatırlatdı: Avqustin yazır ki, “lal heyvanlar... bir-birini bu iki fərddən daha asan başa düşürlər”; həqiqətən də, “insan bir əcnəbi ilə danışmaqdansa, öz iti ilə daha həvəslə söhbət edər!”
Lakin Papa xəbərdarlıq etdi ki, bugünkü semantik qeyri-müəyyənlik sadəcə təsadüfi deyil. “Dil getdikcə rəqibləri aldatmaq, yaxud onlara zərbə vurmaq və təhqir etmək üçün bir silaha çevrilir,” — deyən Papa, sözlərin “fərqli və aydın reallıqları birmənalı şəkildə ifadə etməsinə” çağırdı ki, ailələrdə, siyasətdə, mediada, sosial şəbəkələrdə və beynəlxalq münasibətlərdə həqiqi dialoq bərpa olunsun.
O, bir paradoksu qeyd etdi: dilin bu cür zəiflədilməsi çox vaxt “ifadə azadlığı naminə” müdafiə olunur, lakin “daha yaxından baxdıqda əksinin doğru olduğu görünür,” çünki azadlıq məhz dil həqiqətə söykəndikdə qorunur.
“Xüsusilə Qərbdə həqiqi ifadə azadlığı məkanının sürətlə daraldığını görmək ağrılıdır,” — deyən Papa, inklüziv olmağa çalışsa da, “nəticədə ona uyğun gəlməyənləri kənarlaşdıran yeni Oruell-sayağı dil” barədə xəbərdarlıq etdi.
Vicdan azadlığı və dini azadlıq
Dildən sonra Papa müasir cəmiyyətlərdə getdikcə daha çox təhdid edilən hüquqlara — vicdan azadlığına və dini azadlığa keçdi.
O, vicdan etirazını ləyaqətin təminatı kimi müdafiə edərək qeyd etdi ki, “Vicdan etirazı üsyan deyil, özünə sədaqət aktıdır”. Bu yanaşma onu göstərir ki, azad cəmiyyət yekrəng düşüncə tərzini zorla qəbul etdirmir, əksinə vicdanların müxtəlifliyini qoruyur; bununla da avtoritar meyillərin qarşısını alır və etik dialoqun inkişafına şərait yaradır.
Dini azadlığın da risk altında olduğunu deyən Papa, sələfi XVI Benedikt-dən sitat gətirərək onu “bütün insan hüquqlarının birincisi” kimi xatırlatdı. O qeyd etdi ki, dünya üzrə pozuntular artmaqdadır və “dünya əhalisinin altmış dörd faizi” bu hüququn ciddi şəkildə pozulmasından əziyyət çəkir.
O bildirdi ki, Müqəddəs Taxt-Tac xristianlara tam hörmət edilməsini tələb edir və “eyni şeyi bütün digər dini icmalar üçün də istəyir.” “Nostra Aetate” bəyannaməsinin altmışıncı ildönümündə o, “antisemitizmin bütün formalarının qəti şəkildə rədd edildiyini” bir daha təsdiqlədi və yəhudi-xristian dialoqunun və daha dərin olan ortaq köklərin əhəmiyyətini vurğuladı.
Eyni zamanda o bildirdi ki, xristianların təqib edilməsi bu gün ən geniş yayılmış insan hüquqları böhranlarından biri olaraq qalır və “dünya üzrə 380 milyondan çox imanlını” yüksək və ya həddindən artıq təqiblər və zorakılıqla üz-üzə qoyur.
O, Banqladeş, Sahel və Nigeriyadakı zorakılıq qurbanlarını, keçən iyun ayında Dəməşqdəki Müqəddəs İlyas kilsəsinə edilən terror hücumunda həlak olanları, eləcə də Mozambikin Kabo-Delqado bölgəsindəki cihadçı zorakılığının qurbanlarını xatırlatdı.
O, həmçinin xristianların əksəriyyət təşkil etdiyi cəmiyyətlərdə, o cümlədən Avropa və Amerikada xristianlara qarşı daha gizli təqiblərə diqqət çəkdi. Burada xristianlar, xüsusən də “ən zəiflərin, doğulmamışların, qaçqınların və miqrantların ləyaqətini müdafiə etdikdə və ya ailə dəyərlərini təşviq etdikdə” İncili təbliğ etməkdən məhrum edilə bilərlər.
Yaşamaq hüququ
Papa XIV Leo yaşamaq hüququnun bütün digər hüquqların təməli olduğunu bir daha təsdiqlədi və xəbərdarlıq etdi ki, hüquqlar reallıqdan və həqiqətdən qopduqda müasir insan hüquqları öz həyatiliyini itirmək riski ilə üzləşir.
“Mövcud kontekstdə biz insan hüquqlarının faktiki ‘qısa qapanmasını’ görürük,” — deyən Papa, söz, vicdan, din və hətta həyat kimi fundamental azadlıqların “yeni hüquqlar adına” məhdudlaşdırıldığını və bunun güc və təqib üçün yer açdığını bildirdi.
Papa ailəni insanların sevməyi və həyata xidmət etməyi öyrəndiyi xüsusi məkan kimi təsvir etdi. O, iki aktual çağırışı qeyd etdi: ailənin beynəlxalq sistemdəki rolunu kənarlaşdırmaq meyli və çətinliklər, eləcə də məişət zorakılığından əziyyət çəkən kövrək ailələrin ağrılı reallığı.
O, Kilsənin “həyatın mənşəyini inkar edən və ya istismar edən” praktika və layihələri, eləcə də insanlara bu işdə kömək edən təşəbbüsləri qəti şəkildə rədd etdiyini təkrar etdi. Dövlət resurslarının “həyatı məhv etməyə” deyil, analara və ailələrə dəstək olmağa yönəldilməli olduğunu bildirdi.
Sülh toxumları və bağışlamaq cəsarəti
Diaqnozunun ağırlığına baxmayaraq, Papa XIV Leo sülhün “çətin olsa da, real bir rifah” olduğunu israrla qeyd etdi.
Sülhyaratma prosesinin “təvazökarlıq və cəsarət” tələb etdiyini bildirdi: “həqiqət içində yaşamaq üçün təvazökarlıq və bağışlamaq üçün cəsarət.” O əlavə etdi ki, bu fəzilətlər Milad bayramında — Həqiqətin təvazökar cismə çevrildiyi zaman — və Pasxa bayramında — məhkum edilmiş Saleh Olanın bağışladığı və Dirilən kimi həyat bəxş etdiyi zaman təzahür edir.
Çıxışını yekunlaşdıran Papa XIV Leo ümidverici əlamətlərə diqqət çəkdi: otuz il əvvəl Bosniya və Herseqovinadakı müharibəyə son qoyan Deyton sazişi; keçən ilin avqustunda Ermənistan və Azərbaycan tərəfindən imzalanmış Sülh haqqında Birgə Bəyannamə; həmçinin Vyetnam rəsmilərinin Müqəddəs Taxt-Tac ilə münasibətləri yaxşılaşdırmaq səyləri. O dedi ki, bunlar becərilməli olan “sülh toxumlarıdır”.
Oktyabr ayında qeyd ediləcək “sülh və dialoq adamı” olan Assizili Müqəddəs Fransiskin vəfatının səkkiz yüzüncü ildönümünə toxunan Papa, müqəddəsin təvazökarlıq və həqiqət şəhadətini xatırladaraq və yeni ilin əvvəlində hamı üçün “təvazökar və sülhsevər bir qəlb” arzulayaraq nitqini bitirdi.
