Axtar

Holy mass to end the 2025 Jubilee

Papa Epifaniya Messasında: "Allah zahir olduqda, heç nə olduğu kimi qalmır"

Rəbbin Epifaniyası (Allahın Zühuru) bayramında Papa XIV Leo Müqəddəs Peter bazilikasında təqribən 5800 imanlının iştirakı ilə keçirilmiş təntənəli Messaya başçılıq edib və sonuncu Müqəddəs Qapını bağlayaraq "Ümid Yubiley İli"nin rəsmi olaraq bağlandığını elan edib.

Vatican News tərəfindən

Çərşənbə axşamı, Allahın Zühuru  -  Rəbbin Epifaniyası bayramını qeyd edərək, Papa XIV Leo Müqəddəs Peter bazilikasında təxminən 5800 imanlının iştirak etdiyi Müqəddəs Messaya başçılıq edib.

Messanın əvvəlində Papa, Yubiley İli münasibətilə açılmış sonuncu Müqəddəs Qapını — Müqəddəs Peter bazilikasının qapısını bağladı.

Müdrik adamlar və Hirod

Matta İncilindən götürülmüş günün Müqəddəs Yazısına toxunan Papa, Müdrik adamların sevinci və Hirodun qorxusu üzərində dayanıb və qeyd edib ki, Müqəddəs Yazı Allahın zühurunu müşayiət edən gərginliyi heç vaxt gizlətmir. "Müqəddəs Yazı, Allahın Özünü aşkar etməsindən bəhs etdiyi hər dəfədə sevinc və təşviş, müqavimət və itaət, qorxu və həsrət kimi ziddiyyətli reaksiyaları gizlətmir" – deyə o bildirib. Epifaniya, Papanın əlavə etdiyi kimi, hüzuru ilə heç nəyi olduğu kimi qoymayan bir Allahı nazil edir: "Bu gün Rəbbin Epifaniyasını qeyd edərkən dərk edirik ki, Onun hüzurunda heç nə eyni qalmır".

Papanın sözlərinə görə, bu ilahi zühur ümidin başlanğıcıdır. Allahın varlığı insanları durmadan “günəş altında yeni heç nə yoxdur” deməyə vadar edən o kədərli özünəqapanmışlıq halına son qoyur. Əksinə, peyğəmbər vədinin yerinə yetməsi ilə indini və gələcəyi müəyyən edən yeni bir mərhələ başlayır: “Qalx, parla! Çünki nurun gəlib və Rəbbin izzəti sənin üzərinə doğub.”

Buna baxmayaraq, Papa davam edərək qeyd edib ki, vəhyə öyrəşmiş bir şəhər olan Yerusəlim Müdriklərin axtarışından təşvişə düşür. Müqəddəs Yazıları bilən və “bütün cavabların özlərində olduğunu düşünən” insanlar, Papanın qeyd etdiyi kimi, “sual vermək və həsrət duyğusunu yaşatmaq qabiliyyətini itirmiş kimi görünürlər.” Şəhər "ümidlə hərəkət edən" şəxslərin gəlişindən narahat olur və sevinc mənbəyi olmalı olan bir hadisəni təhlükə kimi görür. "Bu reaksiya," o deyib, "həm də bizi Kilsə olaraq sınağa çəkir."

Müasir dövr insanlarının axtarışı

Daha sonra Yubiley ili və zəvvarlar haqqında düşüncələrini bölüşən Papa XIV Leo imanlıları müasir dövr  insanlarının mənəvi axtarışları barədə düşünməyə dəvət edib. "Bu kişi və qadınlar kim idilər və onları nə həvəsləndirirdi?" – deyə o soruşub. "Onlar nə tapdılar? Onların qəlbində, suallarında, hisslərində nə var idi?" O bildirdi ki, Müdriklər kimi bu gün də bir çox insanlar yola çıxmaq ehtiyacını dərindən hiss edirlər. Papa xüsusi olaraq vurğuladı: “Müdriklər bu gün də mövcuddur.” Onlar, çox vaxt  “xoşagəlməz və təhlükəli” olan bir dünyada belə, yolun gətirdiyi riskləri qəbul edərək irəli getmək və axtarmaq çağırışını hiss edən insanlardır.

Papa bildirib ki, İncil Kilsəni bəşəriyyətin bu axtarış hərəkətindən qorxmamağa, əksinə "onu qiymətləndirməyə və bizə dayaq olan Allaha tərəf yönəltməyə" çağırır. Allah -  nəzarət edilə bilən bir Varlıq deyil. "O, bizi təşvişə sala bilən bir Allahdır, çünki gümüş və qızıl bütlər kimi əlimizdə sabit durmur; əksinə, Məryəmin qucağında bəslədiyi və müdriklərin səcdə etdiyi Körpə kimi canlıdır və həyat bəxş edəndir."

Bu səbəbdən, müqəddəs məkanlar həyat hissini bəxş etməlidir. Yubiley ziyarətgahları, Papanın sözlərinə görə, "həyat ətrini, başqa bir dünyanın başladığına dair unudulmaz həqiqəti yaymalıdır". Daha sonra o, sual verib: "Bizim Kilsəmizdə həyat varmı? Yeni bir şeyin doğulması üçün yer varmı? Bizi yola çıxaran Allahı sevirikmi, Onu müjdələyirikmi?"

Bunun əksi  - Hiroddur. Onun hakimiyyəti itirmək qorxusu Allahın hərəkətinə qarşı münasibətini təhrif edir. Hirod, Papanın sözləri ilə desək, “taxtını itirməkdən qorxur və nəzarətindən kənarda olduğunu düşündüyü məsələlər qarşısında təşvişə düşür.” Qorxu, Papanın xəbərdarlıq etdiyi kimi, “həqiqətən də bizi kor edir.” Müjdənin sevinci isə “bizi azad edir”; imanlıları “ehtiyatlı, amma eyni zamanda cəsarətli, diqqətli və yaradıcı” edir və “indiyədək qət edilmiş yollardan fərqli” yeni cığırlar açır.

Epifaniyanın mərkəzində

Papa Leo vəzini yekunlaşdırarkən bildirib ki, Epifaniyanın mərkəzində satın alına və ya idarə oluna bilməyən bir hədiyyə dayanır. "Müdriklərin səcdə etdiyi Körpə əvəzsiz və ölçüyəgəlməz bir Xeyirdir." Onun zühuru "nüfuzlu bir yerdə deyil, təvazökar bir yerdə" baş verir, lakin buna baxmayaraq Beytlehemə deyilir: "Sən heç də ən kiçiyi deyilsən".

“Ümid zəvvarları olmaq, zəvvarlıq yolumuzu birlikdə davam etmək necə də gözəldir”, - deyə Papa bildirib. Vəzinə yekun vuran Papa Leo deyib ki, əgər Kilsə abidəyə çevrilməyə müqavimət göstərsə və ev olaraq qalsa, o zaman Məryəmin — Dan Ulduzunun bələdçiliyi ilə "hər şeyə qadir olanların xülyaları ilə deyil, sevgi naminə bəşərləşən Allah tərəfindən dəyişdirilmiş qeyri-adi bir bəşəriyyətə" doğru gedən "yeni şəfəqin nəsli" ola bilər.

07 yanvar 2026, 10:42