Axtar

2021.12.28 Pace, colomba, ramo di ulivo

Roma Papası XIV Leo-nun 59-cu Dünya Sülh Günü münasibətilə müraciəti

Dünya Sülh Günü 8 dekabr 1967-ci ildə, Papa VI Paul tərəfindən təsis edilmişdir və hər il 1 yanvar – Allahın Əqdəs Validəsi bayramı günü qeyd olunur.

Hamınıza sülh olsun: 
“Silahsız və silahsızlaşdıran” sülhə doğru

“Sülh sizinlə olsun!”

Bu qədim salamlaşma, bu gün də bir çox mədəniyyətdə işlədilir və Pasxa axşamı dirilmiş İsanın dodaqlarında yeni həyat qazanır. “Sizə salam olsun” (Yəh 20:19, 21) — bu, sadəcə İsanın sülh arzusu deyil, onu qəbul edənlərdə, dolayısı ilə isə bütün reallıqda davamlı bir çevrilmə yaradan Kəlamıdır. Məhz buna görə Həvarilərin varisləri dünyanın hər yerində hər gün ən səssiz inqilabın sözlərini səsləndirilər: “Sülh sizinlə olsun!” Roma Yepiskopu seçildiyim ilk axşamdan etibarən mən bu ümumbəşəri bəyanata öz salamımı qatmaq istədim. Və bir daha vurğulamaq istəyirəm: bu, Dirilmiş Məsihin sülhüdür — silahsız və silahsızlaşdıran, təvazökar və əzmli bir sülh. Bu sülh hamımızı qarşılıqsız sevən Allahdan gəlir.

Dirilmiş Məsihin sülhü

Sürüsünə görə həyatını verən və bu sürüdən olmayan başqa qoyunları da olan Yaxşı Çoban (Yəh 10, 11.16) — Məsihdir, sülhümüzdür; O, ölümü məğlub etdi və insanlığı ayıran bölücü divarları dağıtdı (Ef 2, 14). Onun varlığı, hədiyyəsi və qələbəsi Allahın dünyadakı işini davam etdirdiyi saysız-hesabsız şahidlərin əzmi sayəsində parlayır və zamanımızın qaranlığında daha da aydın görünür və işıq saçır.

Qaranlıqla işıq arasındakı ziddiyyət yalnız yeni doğulan dünyanın sancılarını təsvir edən Müqəddəs Kitab obrazı deyil; bu, həm də yaşadığımız tarixi şəraitdə bizi sarsıdan və bizə  təsir edən bir təcrübədir. Qaranlığı aşmaq üçün işığı görmək və ona iman etmək lazımdır. Bu çağırış İsanın şagirdlərinə xüsusi və imtiyazlı şəkildə ünvanlanır; amma eyni zamanda hər bir insan qəlbinə yol tapır. Sülh mövcuddur; o, içimizdə yaşamaq istəyir. Onun idrakımızı işıqlandıran və genişləndirən incə bir gücü var; o, zorakılığa müqavimət göstərir və onu aşır. Sülh əbədiyyətin nəfəsidir: şərə “Bəsdir!” deyə qışqırdığımız halda, sülhə “Əbədiyyən!” deyə pıçıldayırıq. Dirilmiş Məsih bizi bu üfüqə aparıb. Bu inamla, Papa Fransiskin “hissə-hissə aparılan üçüncü dünya müharibəsi” adlandırdığı bir dövrdə belə, sülh yaradanlar qaranlığın yayılmasına qarşı durur, gecədə keşikçi kimi dayanırlar.

Təəssüf ki, işığı unutmaq da mümkündür. Bu baş verdikdə, realizm hissimizi itirir və qorxu ilə təhrif olunmuş, qaranlıq bir dünya baxışına təslim oluruq. Bu gün bir çoxları ümiddən məhrum, başqalarının gözəlliyinə kor və Allahın lütfünü unudan yanaşmaları “realist” adlandırır; halbuki bu lütf, günahdan yaralanmış insan qəlbində daim fəaliyyətdədir. Müqəddəs Avqustin xristianları sülhlə qırılmaz bir bağ qurmağa çağırırdı ki, onu qəlblərində dərindən qoruyaraq ətraflarına işıq saçsınlar. O, icmasına belə deyirdi: “Əgər başqalarını sülhə cəlb etmək istəyirsinizsə, əvvəlcə özünüzdə sülh olsun; özünüz sülhdə möhkəm dayanın. Başqalarını alovlandırmaq üçün alov əvvəlcə içinizdə yanmalıdır.”

Əziz qardaşlar və bacılar, iman nemətinə sahib olsaq da, olmasaq da, gəlin sülhə açıq olaq! Onu qeyri-mümkün və əlçatmaz saymaq əvəzinə, onu qəbul edək və tanıyaq. Sülh təkcə bir məqsəd deyil; o, bir varlıqdır və bir yoldur. O, içimizdə və ətrafımızda fırtına qarşısında titrəyən kiçik bir alov kimi təhlükə altında olsa belə, onu qorumaq və sülhün şahidi olmuş insanların adlarını və hekayələrini unutmamaq lazımdır. Sülh seçimlərimizi istiqamətləndirən və müəyyən edən bir prinsipdir. Yalnız dağıntıların qaldığı və ümidsizliyin qaçılmaz göründüyü yerlərdə belə, sülhü unutmayan insanlar var. Pasxa axşamı İsanın qorxu və ruh düşkünlüyü içində toplanmış şagirdlərin yanına daxil olması kimi, Dirilmiş Məsihin sülhü də bu gün şahidlərinin səsi və siması vasitəsilə qapılardan və baryerlərdən keçir. Bu hədiyyə bizə yaxşılığı xatırlamağa, onu qalib olduğunu qəbul etməyə, onu yenidən seçməyə və bunu birlikdə etməyə imkan verir.

Silahsız sülh

Həbs olunmazdan az əvvəl, yaxınlıq anında İsa yanında olanlara dedi: “Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm.” Və dərhal əlavə etdi: “Ürəyiniz narahat olmasın və qorxmasın” (Yəhya 14, 27). Onların narahatlığı və qorxusu şübhəsiz ki, az sonra İsanın başına gələcək zorakılıqla bağlı idi. Amma daha dərindən baxsaq, İncillər şagirdləri narahat edən əsas məqamı gizlətmir: İsanın zorakılığı vasitə kimi rədd edən cavabı. Bu yol — hamısının, xüsusən də Peterin etiraz etdiyi bir yol idi; amma Ustad onları bu yolu axıra qədər getməyə çağırdı. İsanın yolu bu gün də narahatlıq və qorxu yaradır. O, Onu güc yolu ilə müdafiə etmək istəyənlərə qətiyyətlə deyir: “Qılıncını qınına qoy” (Yəhya 18, 11; Matta 26, 52). Dirilmiş İsanın sülhü silahsızdır, çünki onun mübarizəsi konkret tarixi, siyasi və sosial şəraitdə silahsız bir mübarizə idi. Xristianlar bu yeniliyə birlikdə, tarix boyu çox vaxt şərik olduqları faciələri xatırlayaraq, peyğəmbərcəsinə şahidlik etməlidirlər. Son Məhkəmə haqqında böyük məsəldə bütün xristianlar bu idrakla mərhəmət göstərməyə dəvət olunur (Matta 25, 31-46). Belə etdikdə, başqalarının ağrısını dinləmiş və zorakılıq aldadışından daxilən azad olmuş bacı-qardaşları yanlarında tapacaqlar.

Bu gün bir çox insanın qəlbi sülhə açıq olsa da, getdikcə daha qeyri-müəyyən bir dünya qarşısında dərin bir acizlik hissi onları üstələyir. Müqəddəs Avqustin bu paradoksu artıq qeyd etmişdi: “Sülhə sahib olmaq çətin deyil; onu dəyərləndirmək daha çətindir. Biz düzgün fikirləri axtarır və sözlərimizi ölçüb-biçməyə çalışırıq. Amma sülhün özü buradadır, əlçatandır və onu zəhmətsiz əldə edə bilərik.”

Sülhü uzaq bir ideal kimi gördükdə, onun inkar edilməsinə, hətta onun adı ilə müharibə aparılmasına belə təəccüblənmirik. Sanki “doğru fikirlərimiz”, ölçülüb-biçilmiş sözlərimiz və sülhün yaxın olduğunu demək bacarığımız yoxdur. Sülh yaşanan, becərilən və qorunan bir reallıq olmadıqda, aqressiya həm ailə, həm də ictimai həyata yayılır. Vətəndaşlarla rəhbərlər arasındakı münasibətlərdə belə, müharibəyə kifayət qədər hazır olmamaq, hücumlara cavab verməmək və zorakılığa zorakılıqla qarşılıq verməmək qüsur sayılır. Qanuni müdafiə prinsipini çoxdan aşan bu qarşıdurma məntiqi bu gün qlobal siyasətə hakimdir və gündən-günə qeyri-sabitliyi və gözlənilməzliyi artırır. Hərbi xərclərin artırılması çağırışlarının və bunun ardınca gələn qərarların bir çox hökumət rəhbərləri tərəfindən xarici təhdidlərə haqlı cavab kimi təqdim edilməsi təsadüfi deyil. Xüsusilə nüvə caydırıcılığına əsaslanan hərbi gücün çəkindirici təsiri ideyası, xalqlar arasındakı münasibətlərin qanun, ədalət və etimada deyil, qorxu və güclə hökmranlığa söykəndiyi bir irrasionallığa əsaslanır. Müqəddəs XXIII İoann artıq öz dövründə yazırdı ki, insanlar daimi qorxu içində yaşayırlar və bu qorxu üçün əsasları var; çünki bu silahların mövcudluğu inkaredilməzdir və müharibənin təsadüfi və gözlənilməz bir hadisə ilə başlaya bilmə ehtimalı realdır.

Bununla yanaşı qeyd edilməlidir ki, qlobal hərbi xərclər 2024-cü ildə əvvəlki ilə nisbətən 9,4% artaraq 2,718 trilyon ABŞ dollarına (qlobal ÜDM-in 2,5%-i) çatmışdır və bu, son on ilin tendensiyasını təsdiqləyir. Bundan başqa, yeni çağırışlara cavab təkcə yenidən silahlanmaya böyük iqtisadi sərmayələrlə deyil, həm də təhsil siyasətində dəyişikliklərlə müşayiət olunur. XX əsrin acı təcrübəsini və milyonlarla qurbanın xatirəsini qoruyan bir yaddaş mədəniyyəti əvəzinə, bu gün məktəblərdə, universitetlərdə və mediada təhdid qavrayışını yayan, müdafiə və təhlükəsizliyi yalnız silahlı anlayışla təqdim edən kampaniyalar görürük.

Halbuki “sülhü həqiqətən sevənlər, sülhün düşmənlərini də sevirlər”. Müqəddəs Avqustin körpüləri yandırmamağı, qınamada israr etməməyi, əksinə, dinləməyi və mümkün olduqda dialoqa girməyi tövsiyə edirdi. Altmış il əvvəl İkinci Vatikan Məclisi Kilsə ilə müasir dünya arasında dialoqun təcili ehtiyacını bir daha vurğuladı. Xüsusilə “Gaudium et Spes” Konstitusiyası müasir müharibənin təhlükələrinə diqqət çəkirdi və bütün insanlıq qarşısında ağır məsuliyyət daşıyan rəhbərləri bu məsuliyyətləri daima nəzərə almağa çağırırdı.

Məclis Atalarının bu çağırışını təkrarlayaraq və dialoqu hər səviyyədə ən təsirli yol sayaraq etiraf etməliyik ki, texnoloji irəliləyişlər və süni intellektin hərbi tətbiqi silahlı münaqişələrin faciəsini daha da dərinləşdirib. Həyat və ölüm qərarlarının getdikcə “maşınlara həvalə edilməsi” siyasi və hərbi rəhbərlərin məsuliyyətdən yayınmasına səbəb olur. Bu, hər bir sivilizasiyanın təməlində duran humanist hüquqi və fəlsəfi prinsiplərə qarşı misli görünməmiş və dağıdıcı bir xəyanətdir. Dövlətləri bu istiqamətə sürükləyən böyük özəl iqtisadi və maliyyə maraqlarını ifşa etmək zəruridir; lakin eyni zamanda vicdanı və tənqidi düşüncəni oyatmasaq, bu kifayət etməyəcək. Papa Fransiskin “Fratelli Tutti” ensiklikasında Müqəddəs Assizili Fransisk belə bir oyanışın nümunəsi kimi təqdim olunur: o, ürəyində həqiqi sülhü qəbul etdi və başqaları üzərində hakimiyyət istəklərindən azad oldu, yoxsulların arasında yaşayaraq hamı ilə harmoniya axtardı. Bu, bu gün də davam etdirməyə çağırıldığımız bir hekayədir və bu, açıq ürəkdən və İncil təvazökarlığından doğan silahsızlaşdıran sülh üçün birləşməyi tələb edir.

Silahsızlaşdıran sülh

Yaxşılıq silahsızlaşdırır. Bəlkə də buna görə Allah körpə olaraq dünyaya gəldi. Ölülər aləminə qədər enən Təcəssüm sirri gənc bir ananın bətnində başlayır və Beytlehem axurunda aşkar olur. Mələklər “Yer üzünə sülh olsun” deyə oxuyaraq insanlıq qarşısında müdafiəsiz bir Allahın varlığını elan edirlər; elə bir Allah ki, Onunla insan özünün sevildiyini, yalnız Ona qayğı göstərməklə dərk edə bilir (Luka 2, 13–14). Heç nə bizi bir körpə qədər dəyişdirə bilməz. Bəlkə də məhz öz uşaqlarımız və eyni dərəcədə kövrək olan digərləri haqqında düşünmək qəlbimizə toxunur (Həv. 2, 37). Bu barədə möhtərəm sələfim yazırdı ki, insanın kövrəkliyi bizi nəyin qalıcı, nəyin keçici olduğunu, nəyin həyat verdiyini və nəyin öldürdüyünü daha aydın görməyə vadar edir. Bəlkə də bu səbəbdən biz tez-tez məhdudiyyətlərimizi inkar etməyə və kövrək və yaralı insanlardan qaçmağa meylliyik: onlar həm fərd, həm də icma olaraq seçdiyimiz istiqaməti sorğulamaq gücünə malikdirlər”.

XXIII İoann “tam və hərtərəfli silahsızlanma”nı müdafiə edən ilk Papa idi və bunun yalnız qəlbin və zehnin yenilənməsi ilə mümkün olduğunu vurğulayırdı. O, “Pacem in Terris” ensiklikasında yazır: “hər kəs anlamalıdır ki, bu tərksilah prosesi hərtərəfli və tam olmasa və insanların qəlbinə çatmasa, silahlanma yarışını dayandırmaq, silahlanmanı azaltmaq və ya - və əsas məsələ budur - nəticədə onu tamamilə ləğv etmək mümkün olmayacaq. Hər kəs qorxunu və müharibə gözləntilərini zehnimizdən silmək üçün səy göstərməkdə səmimi şəkildə əməkdaşlıq etməlidir. Lakin bu, müasir dünyada sülhün əsaslandığı fundamental prinsiplərin tamamilə fərqli bir prinsiplə, yəni millətlər arasında həqiqi və davamlı sülhün bərabər silah təchizatına sahib olmaqdan deyil, yalnız qarşılıqlı etimaddan yarandığını anlamaqla əvəz olunmasını tələb edir. Və biz əminik ki, buna nail olmaq mümkündür, çünki bu, yalnız sağlam düşüncə ilə diktə edilən bir şey deyil, həm də özlüyündə ən arzuolunan və ən bəhrəli xeyirdir.

Dinlərin əzab çəkən insanlığa göstərməli olduğu mühüm xidmətlərdən biri də düşüncələrin və sözlərin belə silaha çevrilməsi cazibəsinə qarşı durmaqdır. Böyük mənəvi ənənələr və sağlam ağıl bizi qan bağlarından, etnik mənsubiyyətdən, yalnız oxşar olanları qəbul edib fərqli olanları rədd edən qruplardan kənara baxmağa öyrədir. Təəssüf ki, bu gün iman dili siyasi mübarizələrə cəlb edilir, millətçilik müqəddəsləşdirilir və zorakılıq din adı ilə əsaslandırılır. İnanclılar, hər şeydən əvvəl həyatlarının şahidliyi ilə, Allahın müqəddəs adını murdarlayan bu küfr formalarını qətiyyətlə rədd etməlidirlər. Buna görə də fəaliyyətlə yanaşı, dua, mənəviyyat, ekumenik və dinlərarası dialoq sülh yolları və mədəniyyətlərarası görüş dilləri kimi daha da vacibdir. Dünyanın hər yerində hər bir icmanın “sülh evi”nə çevrilməsi arzu olunandır — burada düşmənçilik dialoqla yumşaldılır, ədalət tətbiq olunur və bağışlama dəyər kimi qorunur. Bu gün sülhün utopiya olmadığını göstərmək üçün diqqətli və həyatverici pastoral yaradıcılığa daha çox ehtiyac var.

Eyni zamanda bu, siyasi ölçünün əhəmiyyətini azaltmamalıdır. Ali ictimai məsuliyyət daşıyanlar dövlətlər arasında daha insani münasibətlərin qurulması üzərində ciddi düşünməlidirlər; bu münasibətlər qarşılıqlı etimada, səmimi danışıqlara və öhdəliklərin sədaqətlə yerinə yetirilməsinə əsaslanmalıdır. Bu, diplomatiyanın, vasitəçiliyin və beynəlxalq hüququn silahsızlaşdırma yoludur və təəssüf ki, çətinliklə qazanılmış sazişlərin artan pozulmaları səbəbindən çox vaxt sarsıdılır. Halbuki, lazım olan tədbir - millətlərarası institutların səlahiyyətlərinin zəifləndirilməsi deyil, gücləndirilməsidir.

Bugünkü dünyada, qlobal güc balanssızlığı fonunda ədalət və insan ləyaqəti həyəcan verici bir risk altındadır. Bu qeyri-sabitlik və münaqişə dövründə necə yaşaya və özümüzü şərdən necə azad edə bilərik? Ümidi canlı saxlayan hər bir mənəvi, mədəni və siyasi təşəbbüsü təşviq etməli və dəstəkləməliyik, "sanki mövcud dinamika anonim şəxssiz qüvvələrin və ya insan iradəsindən asılı olmayan strukturların məhsuludur" kimi fatalist düşüncələrin yayılmasına qarşı çıxmalıyıq. Çünki, "insanlara hakim olmağın və nəzarəti ələ keçirməyin ən yaxşı yolu, hətta müəyyən dəyərləri müdafiə etmək adı altında belə, ümidsizlik və ruh düşkünlüyü yaymaqdır". Bu strategiyaya qarşı olaraq, vətəndaş cəmiyyətlərində özünüdərk, məsuliyyətli birlik formaları, zorakı olmayan iştirak təcrübələri və həm kiçik, həm də böyük miqyasda bərpaedici ədalət təcrübələrini təşviq etməliyik. XIII Leo bunu artıq özünün "Rerum Novarum" ensiklikasında açıq şəkildə bildirmişdi: " İnsanın öz zəifliyinin fərqində olması onu kənardan kömək axtarmağa sövq edir. Müqəddəs Yazılarda oxuyuruq: " İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, yıxılanda onu qaldıran olmur!" (Vaiz 4, 9-10). Və daha sonra: "Qardaşının köməyinə çatan qardaş möhkəm şəhər kimidir" (Süleymanın məsəlləri 18, 19)."

Qoy Ümid Yubileyinin bəhrələrindən biri də bu olsun: milyonlarla insan özünü zəvvar kimi yenidən kəşf etsin və qəlbin, zehnin və həyatın silahsızlaşdırılmasına öz daxilindən başlasın. Allah buna mütləq Öz vədləri ilə cavab verəcək: “Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.” (Yeşaya 2:4-5).

Vatikan, 8 dekabr 2025

Papa XIV Leo

30 dekabr 2025, 11:06