Papa XIV Leo: Əsl xəzinə yer üzündəki seyflərdə deyil, ürəklərimizdədir
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 17 dekabr 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. IV. Məsihin Dirilməsi və Müasir Dünyanın Çağırışları 8. Pasxa - narahat qəlbin sığınacağı
Əziz qardaşlar və bacılar, sabahınız xeyir və xoş gəlmisiniz!
İnsan həyatı daim hərəkətdə olan bir prosesdir; bu hərəkət bizi işləməyə, fəaliyyət göstərməyə sövq edir. Bu gün demək olar ki, hər sahədə optimal nəticələr əldə etmək üçün sürət tələb olunur. Bəs İsanın dirilməsi həyatımızın bu tərəfini necə işıqlandırır? Biz Onun ölüm üzərində qələbəsində iştirak edəndə dincələcəyikmi? İman bizə deyir: bəli, dincələcəyik. Lakin bu, fəaliyyətsizlik olmayacaq; biz Allahın istirahətinə — sülhə və sevincə daxil olacağıq. Elə isə sadəcə gözləməliyikmi, yoxsa bu həqiqət bizi artıq indi dəyişməyə qadirdir?
Biz tez-tez bizi tam qane etməyən saysız-hesabsız işlərə qərq oluruq. Fəaliyyətlərimizin çoxu praktik və konkret məsələlərlə bağlıdır. Çoxlu öhdəliklər daşımalı, problemləri həll etməli, çətinliklərlə üzləşməli oluruq. İsa da insanlarla və həyatla iç-içə idi, Özünü əsirgəmədən, hətta sona qədər Özünü verərək yaşayırdı. Amma biz tez-tez hiss edirik ki, həddindən artıq fəaliyyət bizi doyurmur; əksinə, bizi içinə çəkən bir burulğana çevrilir, sakitliyimizi əlimizdən alır və həyatımızda həqiqətən vacib olanı tam yaşamağımıza mane olur. Belə anlarda biz özümüzü yorğun və narazı hiss edirik: vaxtımız minlərlə praktiki işə sərf olunur, amma bunlar mövcudluğumuzun əsas mənasını anlamağa kömək etmir. Bəzən fəaliyyətlə dolu günlərin sonunda içimiz boş qalır. Niyə? Çünki biz maşın deyilik; bizim “ürəyimiz” var — hətta deyə bilərik ki, biz özümüz ürəyik.
Ürək bütün insanlığımızın rəmzidir: düşüncələrimizin, hisslərimizin və arzularımızın cəmi, varlığımızın görünməz mərkəzi. Müjdəçi Matta İsanın bu gözəl sözlərini xatırladaraq ürəyin əhəmiyyəti üzərində düşünməyə dəvət edir: “Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq” (Matta 6, 21).
Deməli, əsl xəzinə nə yer üzündəki seyflərdə, nə də bu gün getdikcə nəzarətdən çıxan və milyonlarla insanın qanı bahasına, Allahın yaratdıqlarının məhv edilməsi hesabına ədalətsiz şəkildə cəmlənmiş böyük maliyyə yatırımlarında saxlanılır. Həqiqi xəzinə ürəkdə qorunur.
Bu mövzular üzərində düşünmək vacibdir, çünki daim üzləşdiyimiz saysız öhdəliklər içində dağılma, bəzən ümidsizlik və mənasızlıq riski artır — hətta zahirən uğurlu görünən insanlarda belə. Halbuki həyatı Pasxa işığında, Dirilmiş İsa ilə birlikdə dərk etmək insan şəxsiyyətinin mahiyyətinə, yəni ürəyimizə çıxış tapmaq deməkdir: “cor inquietum”. Müqəddəs Avqustin bu “narahat” sifəti ilə insanın dolğunluğa olan susuzluğunu anlamağımıza kömək edir. O, “Etiraflar” əsərinin əvvəlində belə yazır: “Ya Rəbb, Sən bizi Özün üçün yaratmısan və ürəyimiz Səndə rahatlıq tapana qədər narahatdır” (I, 1,1).
Bu narahatlıq ürəyimizin təsadüfi, nizamsız və məqsədsiz hərəkət etmədiyini, əksinə son hədəfinə — “evə qayıdışa” yönəldiyini göstərir. Ürəyin həqiqi yolu bu dünyanın nemətlərinə sahib olmaq deyil, onu tam doldura biləni əldə etməkdir; yəni Allahın məhəbbətini, daha doğrusu, Məhəbbətin özü olan Allahı. Bu xəzinə isə yalnız yol boyu qarşılaşdığımız qonşunu — canı-canından olan bacı-qardaşları sevərək tapıla bilər. Onların varlığı ürəyimizi oyadır və suallar verir, onu açılmağa və özünü verməyə çağırır. Qonşumuz bizdən yavaşlamağı, gözlərinə baxmağı, bəzən planlarımızı dəyişməyi, hətta istiqamətimizi dəyişməyi xahiş edir.
Əziz dostlar, insan ürəyinin hərəkətinin sirri budur: varlığın mənbəyinə qayıtmaq, heç vaxt tükənməyən, heç vaxt məyus etməyən sevincdən zövq almaq. Heç kim ötəri olanın, keçib gedənin hüdudlarını aşan bir məna olmadan yaşaya bilməz.
İnsan ürəyi ümid olmadan yaşaya bilməz; o bilməlidir ki, yoxsulluq üçün deyil, dolğunluq üçün yaradılıb.
İsa Məsih Öz Təcəssümü, Əzabı, Ölümü və Dirilməsi ilə bu ümid üçün möhkəm bir təməl qoymuşdur. Narahat ürək, əgər özünün yaradıldığı sevgi dinamizminə daxil olarsa, əsla məyus olmayacaq; çünki məhz bu sevgi üçün yaradılıb. Məqsəd bəllidir: həyat qalib gəlmişdir və Məsihdə gündəlik həyatımızdakı hər bir ölüm üzərində qalib gəlməyə davam edəcək. Bu, xristian ümididir. Gəlin, onu bizə bəxş edən Rəbbi həmişə ucaldaq və Ona şükür edək!
