Papa XIV Leo: Advent bizi ədalətli Hakimi qarşılamağa çağırır
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Adventin II Rəbb günü, 07 dekabr 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Adventin ikinci Rəbb gününün İncil oxunuşunda Allahın Padşahlığının gəlişi elan olunur (bax: Matta 3, 1-12). İsanın ictimai xidmətindən əvvəl səhnəyə Onun sələfi olan Vəftizçi Yəhya çıxır. Yəhya Yəhudi səhrasında belə vəz edirdi: “Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb” (Matta 3,1).
“Göylərdə olan Atamız” duasında biz hər gün belə dua edirik: “Sənin Padşahlığın gəlsin”. Bu sözləri bizə məhz İsa öyrədib. Bu yalvarışla Allahın bizim üçün hazırladığı yeniliyə doğru yönəlirik və anlayırıq ki, tarixin axarını müəyyənləşdirən dünyanın güclüləri deyil. Elə isə düşüncə və enerjimizi bizə hökm etmək üçün deyil, bizi azad etmək üçün gələn Allaha xidmətə yönəldək. Budur “İncil”, bizi ruhlandıran və Özünə çəkən həqiqi xoş xəbər.
Şübhəsiz ki, Yəhyanın vəzi sərtdir. Buna baxmayaraq, insanlar ona diqqətlə qulaq asırdılar, çünki onun sözlərində Allahın insanı həyatı ciddiyə almağa, Onunla qarşılaşmağa hazırlaşmaq üçün indiki anı dəyərləndirməyə çağıran səsini eşidirdilər. Çünki Allah, zahirə görə deyil, qəlbin niyyətlərinə və əməllərinə görə mühakimə edir.
Həmin Yəhya Allahın Padşahlığının Məsih İsada mülayimlik və mərhəmət içində necə təcəlla etməsinə təəccüblənəcək. Peyğəmbər Yeşaya İsanı bir fidana bənzədir: güc və dağıdıcılıq deyil, doğuluş və yenilik rəmzi. Ağacın ölü kimi görünən gövdəsindən çıxan tumurcuqda Müqəddəs Ruh Öz bəxşişlərini yavaşca üfürməyə başlayır (Yeşaya 11, 1-10). Hər birimiz həyatımızda bizi belə təəccübləndirən anları xatırlaya bilərik.
Kilsə də bunu tam altmış il əvvəl başa çatan II Vatikan Məclisində yaşamışdır. Bu təcrübə biz Padşahlığa doğru birgə addımlayanda yenilənir; hamı Padşahlığı qarşılamağa və ona xidmət etməyə can atdıqda yenidən çiçəklənir. Padşahlıq həyata keçəndə təkcə zəif və kənarda görünən şeylər deyil, insan baxımından mümkünsüz görünənlər də tamamına yetəcək. Peyğəmbərin təsvirində olduğu kimi: “O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək” (Yeş 11, 6).
Bacılar və qardaşlar, dünyanın bu ümidə nə qədər çox ehtiyacı var! Allah üçün heç nə mümkünsüz deyil. Özümüzü Onun Padşahlığına hazırlayaq, onu qəbul edək. Kiçik uşaq – Nazaretli İsa – bizi aparacaq! Özünü bizim əllərimizə etibar edən O – doğulduğu gecədən tutmuş çarmıxdakı qaranlıq saata qədər – tariximizə doğan Günəş kimi işıq saçır. Yeni bir gün başladı: qalxaq və Onun işığında addımlayaq!
Adventin ruhu da budur: həm işıqlı, həm də çox konkret. Küçə işıqları bizə xatırladır ki, əgər İsanı – yeni dünyanın fidanını – qəbul etsək, hər biriniz kiçik bir işığa çevrilə bilərik. Gəlin bunu necə edəcəyimizi ümidin və sədaqətin təcəssümü olan Anamız Məryəmdən öyrənək.
