Axtar

Papa Leone alla Loggia delle Benedizioni di San Pietro per l'Urbi et orbi

Papa: Sülh ortaq bir məsuliyyətdir - Urbi et Orbi

Milad münasibətilə “Urbi et Orbi” – “Roma şəhərinə və Dünyaya” - müraciətində Papa XIV Leo yenidən sülhə çağırıb və dünyaya xatırladıb ki, sülh həm Allahın ənamı, həm də bəşəriyyətin paylaşdığı ortaq məsuliyyətdir.

Françesca Merio tərəfindən

Müharibələr dünyanı yaralamağa davam edərkən, Papa Leo Milad münasibətilə ənənəvi  “Urbi et Orbi” müraciətində dünyanı bir daha sülhə, dialoqa və məsuliyyətə çağırıb, zorakılıq və sabitliksizlik səbəbindən günahsız insanların həlak olduğu regionlara xüsusilə səslənib.  

Sülh üçün dualar

Papa Livan, Fələstin, İsrail və Suriyada “ədalətin, sülhün və sabitliyin” bərqərar olunması üçün deyə dua etdi və salehlik üzərində köklənmiş sülh vədinin yenilənməsini istədi. O, xüsusilə Ukraynaya müraciət edərək “silah səsinə son verilsin” deyə dua etdi və bütün tərəfləri beynəlxalq ictimaiyyətin dəstəyi ilə “səmimi, açıq və hörmət gözləyən dialoqa” təşviq etdi.

Xatırlanması unudulmaqda olan münaqişələrə toxunan Papa Leo Sudanda, Cənubi Sudanda, Malidə, Burkina Fasoda və Konqo Demokratik Respublikasında müharibə və zorakılığın qurbanlarına, həmçinin ədalətsizlik, siyasi sabitliksizlik, dini təqib və terror nəticəsində əziyyət çəkən bütün insanlara yaxın olduğunu söylədi.

Papa Haiti üçün də dua etdi, zorakılığın sona çatmasını və sülh və barış yolunda irəlləyiş   arzuladı. Eyni zamanda Myanmarda sülhün bərqərar olması üçün dua etdi və ölkəni, xüsusən də gənc nəsillər naminə barış və ümid yolunda irəliləməyə çağırdı. Latın Amerikasına müraciət edərək, siyasi məsuliyyət daşıyanları ümumi xeyir üçün dialoqa yer verməyə, ideoloji və partiya fərqliliklərinə deyil, sülhə yönəlməyə təşviq etdi.

Papa, Tayland və Kamboca arasındakı “köhnə dostluğun” bərpası üçün dua etdi və son zamanlarda təbii fəlakətlərdən ciddi şəkildə zərər çəkmiş Cənubi Asiya və Okeaniya xalqlarını Allaha əmanət etdi, əziyyət çəkənlərə yardım etmək öhdəliyini xatırlatdı.

Miladın həqiqi  mənası

Münaqişələr fonunda, Papa Leo,  “bu gün həqiqi sülh göydən bizim üzərimizə enib” deyərək Miladın həqiqi mənasını xatırlatdı və Müqəddəs Böyük Leonun “Rəbbin Mövludu sülhün mövlududur”  sözlərinə istinad etdi.

Milad hadisəsi üzərində düşünərkən Papa xatırlatdı ki, İsa “mehmanxanada yer olmadığı üçün bir axurda dünyaya gəldi” və O, “hər şeyin Onun vasitəsilə yaradıldığı” Allahın Oğlu olaraq heç də xoş qəbul edilmədi. Papa dedi ki, Məsih “məhəbbətdən ötəri” yoxsulluğu və rədd edilməni qəbul etdi, özünü kənara atılan və cəmiyyətdən xaric edilən insanlarla eyniləşdirdi.

Papa qeyd etdi ki, biz artıq İsanın Mövludunda “Allahın Oğlunun bütün həyatını yönləndirəcək əsas qərarı görürük… bizi günahın ağırlığı altında tək buraxmamaq, əksinə onu bizə görə Öz üzərinə götürmək qərarını.” Eyni zamanda, o, imanlılara xatırlatdı ki, sülh həm də insanın məsuliyyətini tələb edir. Müqəddəs Avqustindən sitat gətirərək Papa dedi: “Bizi bizsiz yaradan Allah, bizi bizsiz xilas etməyəcək,” və əlavə etdi ki, “məsuliyyət sülhə aparan ən etibarlı yoldur.”

Məsih sülhdür, çünki insanları günahdan azad edir

Papa vurğuladı ki, Məsih sülhdür, çünki O insanları günahdan azad edir və “bizə həm şəxsi, həm beynəlxalq olan bütün münaqişələri həll etməyin yolunu göstərir”. Bağışlanmamış ürəklərlə isə “sülh insanları və sülh qurucuları olmaq mümkün deyil”.

Papa Leo xatırlatdı ki, insan olarkən İsa “bizim zəifliyimizi öz üzərinə götürdü”, bu gün əziyyət çəkənlərlə eyniləşdi: Qəzzada yaşayanlarla, Yəməndəki insanlarla, qaçqın və miqrantlarla, işsizlərlə, istismar olunan işçilərlə və tez-tez insanlıqdan uzaq şəraitdə yaşayan məhbuslarla. Buna görə Müqəddəs Ata laqeydlikdən xəbərdar etdi və dünyaya xatırlatdı: “Allah əziyyətimizə laqeyd deyil”.

Həmişə açıq olan qapı

Yubiley ili sona yaxınlaşdıqca və Müqəddəs Qapılar bağlanmağa hazırlaşarkən, Papa ümid dolu son mesaj verdi. O, “ümidimiz olan Məsih həmişə bizimlədir”, dedi və imanlılara xatırlatdı ki, Məsih “həmişə açıq olan Qapıdır”, və bizi mühakimə etmək üçün deyil, xilas etmək üçün gəlir.

25 dekabr 2025, 23:13