Axtar

Pope Leo XIV meets new ambassadors to the Holy See

Papa: Müqəddəs Taxt-Tac qlobal bərabərsizlik və müharibə qarşısında səssiz müşahidəçi olmayacaq

Yeni səfirləri qəbul edən Papa XIV Leo bildirib ki, Müqəddəs Taxt-Tac qlobal bərabərsizlik və münaqişələr qarşısında səssiz qalmayacaq.

Vatican News tərəfindən

Papa XIV Leo şənbə günü Özbəkistan, Moldova, Bəhreyn, Şri Lanka, Pakistan, Liberiya, Tailand, Lesoto, Cənubi Afrika, Fici, Mikroneziya, Latviya və Finlandiyanı təmsil edən, Müqəddəs Taxt-Taca akkreditə olunmuş on üç yeni səfirin etimadnamələrini qəbul edib.

Onları Ümid Yubileyi ilində salamlayan Papa, Yubileyin mövzusunu xatırladaraq, onun Kilsədə və cəmiyyətdə, insanlararası münasibətlərdə, beynəlxalq əlaqələrdə, həmçinin “bütün insanların ləyaqətinin və Allahın yaratdığı dünyanın qorunmasının təşviqi” yolundakı etibarlı inamı yenidən bərpa etmək çağırışını vurğulayıb.

Papa bu çağırışı Roma Yepiskopu kimi ilk sözləri ilə əlaqələndirib. O zaman dirilmiş Məsihin  “Sizə sülh olsun” sözlərini xatırladaraq, Papa,  “silahsız və tərki-silah edən bir sülh” üçün çalışmağa çağırışı təkrarlamışdı.

Sülhə sadiqlik

Papa qeyd edib ki, sülh “təkcə münaqişənin olmaması deyil”, həm də “ürəkdə qurulan, ürəkdən doğan aktiv və tələbkar bir ənamdır”. Sülh, qürur və intiqam hissindən imtina etməyi və “sözləri silah kimi istifadə etmək” cazibəsinə qarşı durmağı tələb edir. O bildirib ki, bu anlayış “geopolitik gərginlik və parçalanmanın artdığı bir dövrdə, xalqları yoran və insan ailəsinin bağlarını sarsıdan bir zamanda daha da təcili xarakter daşıyır”.

Qlobal qeyri-sabitliyin nəticələrinə toxunan Papa XIV Leo vurğulayıb ki, “bu çalxantılardan ən çox əziyyət çəkənlər kasıblar və cəmiyyətdən kənarlaşdırılanlardır”.

Papa Fransiskin sözlərini xatırladaraq, Müqədddəs Ata diplomatlara bildirib ki, “bir cəmiyyətin böyüklüyünün ölçüsü ən çox ehtiyacı olanlara necə davranması ilə müəyyən olunur”.

O, “Dilexi Te” adlı Apostol Nəsihətində ifadə etdiyi narahatlığı təkrar edərək vurğulayıb ki, dünya “sürətli iqtisadi və texnoloji dəyişikliklər fonunda asanlıqla görünməz hala gələnlərdən gözünü yayındırmamalıdır”.

Müqəddəs Taxt-Tac səssiz qalmayacaq

Bu kontekstdə Papa bildirib ki, “Müqəddəs Taxt-Tac qlobal cəmiyyətdəki ciddi bərabərsizliklər, ədalətsizliklər və fundamental insan hüquqları pozuntuları qarşısında səssiz müşahidəçi olmayacaq”.

O qeyd edib ki, Kilsənin diplomatiyası “insanlığın xeyrinə xidmət etməyə yönəlib” və xüsusilə “kasıblara, həssas vəziyyətdə olanlara və cəmiyyətin kənarlarına sıxışdırılanlara” diqqət göstərir.

Papa yeni səfirləri Müqəddəs Taxt-Tac ilə birlikdə çox tərəfli əməkdaşlığı gücləndirməyə çağırıb. “Zaman elə bir zamandır ki, bu cür əməkdaşlıq çox ciddi şəkildə ehtiyac duyulan bir mərhələdədir”. O ümid edib ki, onlar birlikdə “daha ədalətli, daha qardaş olan və daha sülhsevər bir dünya üçün təməl qoymağa” töhfə verəcəklər.

Nitqini yekunlaşdıran Papa arzu edib ki, Dövlət Katibliyinin dəstəyi ilə səfirlərin missiyası "dialoq üçün yeni qapılar açsın, birliyi təşviq etsin və bəşəriyyətin səbirsizliklə gözlədiyi sülhü inkişaf etdirsin".

06 dekabr 2025, 17:38