Axtar

VATICAN-RELIGION-CHRISTIANITY-CHRISTMAS-MASS-POPE

Papa Leo: İman, məhəbbət və ümid bayramı olan Miladın sevincini bəyan edin

Gecə keçirilən Milad Messası zamanı Papa Leo bizi “Milad sevincini” bəyan etməyə və onu “imanın, məhəbbətin və ümidin bayramı” kimi qeyd etməyə çağırdı.

Vatican News tərəfindən

Müqəddəs Peter Bazilikasında Gecə Milad Messasına başçılıq edən Papa Leo Luka İncilində təsvir edilən, dünyanı heyrətə gətirərək gecə səmasını işıqlandıran parlaq ulduzu xatırlatdı. Bu ulduz “yeni alovlanmış və həyatla alışıb yanan bir qığılcım” idi. İncilin sözləri ilə desək: «Zülmətdə gəzən xalq böyük bir nur gördü; dərin qaranlıq ölkəsində yaşayanların üzərinə nur saçdı» və bu nur belə müjdələyirdi: «Bu gün Davud şəhərində sizin üçün bir Xilaskar doğuldu; O, Rəbb Məsihdir».

““Zamanın və məkanın içinə – aramıza – Onsuz mövcud ola bilməyəcəyimiz Şəxs daxil olur. Bizim üçün həyatını verən O, aramızda yaşayır və xilas nuruyla gecəni işıqlandırır. Bu ulduzun işıqlandırmadığı heç bir qaranlıq yoxdur, çünki onun nuru ilə bütün bəşəriyyət yeni və əbədi bir həyatın sübhünü görür.””

Aramızda yaşayan Allah

Papa vəzində vurğuladı ki, İsanın doğuluşunda “Allah bizə Özündən aşağı bir şey deyil, elə Özünü verir ki, bizi ‘hər cür qanunsuzluqdan xilas etsin və Özünə məxsus xalqı pak etsin’”.

“Allahın hər şeyə qadirliyi yeni doğulmuş bir körpənin acizliyində parlayır; əbədi Kəlamın qüdrəti bir körpənin ilk ağlayışında səslənir; Ruhun müqəddəsliyi isə yenicə yuyulmuş və bələnmiş o balaca bədəndə işıq saçır".

Papa əlavə etdi ki, körpənin qayğıya olan ehtiyacı “ilahi bir məna qazanır, çünki Allahın Oğlu bütün qardaş və bacıları ilə birlikdə tarixdə pay alır”. İsa Məsihdən yayılan bu ilahi nur isə “hər yeni həyatda insanlığı tanımağımıza kömək edir”. Papa Leo dedi ki, “ruhani korluğumuzu sağaltmaq üçün “Rəbb hər bir insanda Özünü aşkar etməyi seçir, çünki onlar yaradılışdan başlanmış məhəbbət planına uyğun olaraq Onun həqiqi surətini əks etdirirlər”.  Müqəddəs Ata,  Papa XVI Benediktin sözlərini xatırladaraq vurğuladı ki, biz insan üçün yer açdıqda, Allah üçün də yer açılmış olur.

Körpə İsada yeni həyat

Papa bizi “Miladın hikmətinə” heyran qalmağa çağırdı. Çünki Allah Körpə İsa vasitəsilə dünyaya yeni bir həyat – Öz həyatını – bəxş edir; bu isə “bizi içinə alan bir məhəbbət hekayəsidir”.

““Xalqların gözləntilərinə cavab olaraq, O, bir Körpə göndərir ki bizim üçün ümid sözü olsun. Yoxsulların əzabı qarşısında, yenidən ayağa qalxmaq üçün güc olan bir acizi göndərir. Zorakılıq və zülm qarşısında isə bütün dünyanın uşaqlarını xilas nuru ilə işıqlandıran zərif bir işıq yandırır.””

Papa vurğuladı ki, Allah bizim kimi olur və bununla hər bir insanın sonsuz ləyaqətini aşkar edir. Bu, başqalarına hökmranlıq etmək üçün “allah” olmağa çalışan dünyaya ziddir. Onun sözlərinə görə, “Məsihin qəlbində göylə yeri, Yaradanla yaradılışı birləşdirən məhəbbət bağı döyünür” və bu həqiqəti dərk etmək tariximizi dəyişməyin açarıdır, çünki bu zaman Allahın mərhəmət və məhəbbət nuru parlamağa başlayır.

Sevinc çiçəklənir, həyat dəyişir

Papa, ötən il bu gün Müqəddəs Peter Bazilikasının Müqəddəs Qapısını Yubiley ilinin başlanğıcı münasibətilə açdıqdan sonra Papa Fransiskin söylədiyi sözləri xatırladaraq bildirdi ki, “İsanın Mövludu bizdə ‘ümidin itirildiyi hər yerdə ümid gətirmək ənamını və vəzifəsini’ yenidən alovlandırır”. Çünki “Onunla sevinc çiçəklənir; Onunla həyat dəyişir; Onunla ümid puça çıxmır”.

Milad sevincini bölüşmək

Sonda Papa hamını “imanın, məhəbbətin və ümidin bayramı olan Milad sevincini” yaşamağa və bölüşməyə çağırdı. İmanda biz “Allahın İnsana çevrildiyini, Bakirədən doğulduğunu” görürük; məhəbbətdə isə “xilaskar Oğulun hədiyyəsinin qardaşcasına özünü fəda etməkdə gerçəkləşdiyini” yaşayırıq. Biz Milad ümidini qeyd edirik, çünki “Körpə İsa onu qəlbimizdə alovlandırır və bizi sülhün müjdəçilərinə çevirir”.

25 dekabr 2025, 21:00