Axtar

Seulda keçiriləcək Ümumdünya Gənclər Gününün rəsmi himni təqdim olundu

2027-ci ildə Seulda keçiriləcək Ümumdünya Gənclər Gününə (ÜGG) bir il qalarkən tədbirin rəsmi himni təqdim olunub. "Confidite, Ego Vici Mundum" ("Cəsarətli olun! Mən dünyaya qalib gəldim") adlı himn gənc katoliklərin beynəlxalq görüşünün əsas musiqi simvolu olacaq.

Sesil Meryö tərəfindən

Bu melodiya bütöv bir gənc katolik nəslinin yaddaşında qalacaq. Növbəti Ümumdünya Gənclər Gününün rəsmi himni tədbirə düz bir il qalmış ictimaiyyətə təqdim edilib. Himn 2027-ci il avqustun 3-dən 8-dək Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək beynəlxalq gənclər görüşünün ruhunu ifadə edəcək.

Bütün xalqların himni

Himn "Confidite, Ego Vici Mundum" adlanır və 2027-ci il ÜGG-nün əsas mövzusunu əks etdirir: "Cəsarətli olun! Mən dünyaya qalib gəldim" (Yəhya 16, 33). Beynəlxalq xarakter daşıyan himn koreya, ingilis, fransız, ispan, portuqal və italyan dillərində səsləndiriləcək. Mahnı belə bir çağırışla başlayır: "Gəl, Mənim ardımca gəl! Ey yuxuya getmiş ürək, oyan və yola çıx!" Himnin iki versiyası hazırlanıb. Birincisi xor və orkestrin ifasında klassik üslubda səslənir, ikincisi isə müasir pop aranjemanında təqdim olunub.

Birliyin nəğməsi

Himn yalnız tədbirin musiqi müşayiəti deyil. O, həm də Ümumdünya Gənclər Gününə hazırlıq dövründə dünyanın müxtəlif ölkələrindən olan gəncləri birləşdirəcək ümumi mənəvi simvol kimi nəzərdə tutulub. Hər ÜGG-nün öz himni olur və həmin melodiya iştirakçılar üçün uzun illər unudulmayan xatirələrin ayrılmaz hissəsinə çevrilir.

Himn açıq müsabiqə nəticəsində seçilib. Müsabiqə iştirakçılarından ÜGG-nü mövzusu -  "Cəsarətli olun! Mən dünyaya qalib gəldim" (Yəhya 16, 33) İncil ayəsini musiqidə əks etdirən orijinal əsər yazmaq tələb olunurdu. Müsabiqəyə 434 əsər təqdim edilib ki, onların da 294-ü xarici ölkələrdən göndərilib. Seçilmiş himn daha sonra Müqəddəs Taxt-Tacın Dünyəvilər, Ailə və Həyat üzrə Dikasteriyasının təsdiqinə təqdim olunub.

Koreya ruhunu əks etdirən ÜGG

Himnin müəllifi koreyalı bəstəkar Frensis Ciyun Kimdir. O, əsərdə Koreyanın musiqi ənənələrini və mədəni xüsusiyyətlərini müasir üslubla birləşdirib. Koreya dilində səslənən himndə milli musiqi alətlərindən də istifadə olunub. Klipdə Seulun təbiəti və ən məşhur məkanları nümayiş etdirilir və beləliklə, gələn il şəhərə gələcək zəvvarlara ilk tanışlıq imkanı yaradılır. Ənənəyə uyğun olaraq, əsas tədbirdən əvvəl "Yeparxiyalarda Günlər" proqramı keçiriləcək. 29 iyul – 2 avqust 2027-ci il tarixlərində Cənubi Koreyanın on beş yeparxiyası zəvvarları öz icmalarında və ailələrində qəbul edəcək, onlara yerli Kilsənin həyatını yaxından tanımaq imkanı verəcək.

Asiyada ikinci ÜGG

1995-ci ildə Manilada keçirilən Ümumdünya Gənclər Günündən sonra Seuldakı görüş Asiyada keçiriləcək cəmi ikinci ÜGG olacaq. Eyni zamanda bu, Katoliklərin əhalinin azlıq hissəsini təşkil etdiyi ölkədə keçiriləcək ilk Ümumdünya Gənclər Günüdür. Cənubi Koreyada katoliklər ölkə əhalisinin təxminən 12 faizini təşkil edir və cəmiyyət dini müxtəlifliyi ilə seçilir.

Hazırlıq işləri davam edir

Zəvvarların qeydiyyatı 2026-cı ilin oktyabr ayında başlayacaq. İştirakçılar qalma müddətinə və seçdikləri proqramlara uyğun müxtəlif paketlər arasından seçim edə biləcəklər. Bununla yanaşı, xüsusi mobil tətbiq və vahid logistika sistemi də hazırlanır.

Əvvəlki ÜGG-lərdə olduğu kimi, zəvvarların böyük hissəsi Seul Arxiyeparxiyasının ailələri və prixodları tərəfindən qəbul olunacaq. Hazırda təxminən 230 prixod qonaq qəbul edəcək ailələrinin seçilməsi və hazırlanması istiqamətində fəal iş aparır ki, gənclər Koreya Kilsəsinin gündəlik həyatını yaxından yaşaya bilsinlər.

Seul Arxiyepiskopu və Yerli Təşkilat Komitəsinin sədri arxiyepiskop Peter Çon Sun-Tek bildirib: "Biz Seul Ümumdünya Gənclər Gününün ümid bayramına çevrilməsi, Koreya və Seulun qonaqpərvərliyinin və həmrəyliyinin parlaq şahidi olması üçün əlimizdən gələni edəcəyik."

Tədbirin hazırlıqlarına üç il əvvəl başlanılıb. İndi isə təşkilatçılar dünyanın hər yerindən gələcək yüz minlərlə gənci qarşılamaq üçün son mərhələyə daxil olublar. ÜGG zamanı təxminən 30 min könüllünün xidmət göstərəcəyi gözlənilir və onların artıq bir neçə yüzü hazırlıq işlərində fəal iştirak edir.

"Confidite, Ego Vici Mundum" ("Cəsarətli olun! Mən dünyaya qalib gəldim")
05 avqust 2026, 14:02