Axtar

Müq. Domenik, keşiş Müq. Domenik, keşiş 

Liturgiya oxunuşları: 8 AVQUST. Müq. Dominik, keşiş

“Dua möcüzələr yaradır. Lakin bunun üçün möhkəm iman lazımdır! Biz dayanmadan dua etməliyik: “İman edirəm, ya Rəbb, imansızlığıma kömək et!” Və bizdən müharibələrdən əziyyət çəkənlər, qaçqınlar və bu gün dünyada baş verən faciələr üçün dua etməyimizi xahiş etdikdə, Rəbbə: “Bunu et!” deməməliyik. Təvazökarlıqla Ona belə müraciət edək: “İman edirəm, ya Rəbb, imansızlığıma kömək et!” (Papa Fransisk).

Müqəddəs Dominik de Qusman Qarses təxminən 1170-ci ildə İspaniyanın Kalerueqa şəhərində, Köhnə Kastiliyadan olan zadəgan ailəsində dünyaya gəlib. Keşiş olan dayısının dəstəyi ilə Palensiyanın məşhur məktəbində təhsil alıb. Gənc yaşlarından Müqəddəs Yazıları öyrənməyə xüsusi maraq göstərən Dominik yoxsullara olan dərin məhəbbəti ilə də seçilirdi. O dövrdə böyük sərvət sayılan bütün kitablarını sataraq əldə etdiyi vəsaiti aclıqdan əziyyət çəkən insanlara paylamışdı. Keşiş təyin olunduqdan sonra doğma Osma yeparxiyasının kafedral kapitulu tərəfindən kanonik seçildi. Dominik bu vəzifəni yüksək mənsəb kimi deyil, sədaqət və təvazökarlıqla yerinə yetirilməsi gərəkən bir xidmət kimi qəbul edirdi. Osma yepiskopu Dieqo onun dərin mənəviyyatını və istedadını görərək özünə yaxın əməkdaş seçdi. Onlar birlikdə Kastiliya kralının tapşırığı ilə diplomatik missiya çərçivəsində Şimali Avropaya səfər etdilər. Bu səfər zamanı Dominik dövrünün Kilsəsinin üzləşdiyi ciddi çağırışları yaxından gördü. Avropanın şimal sərhədlərində yaşayan bir çox xalqlar hələ də Müjdəni eşitməmişdilər. Fransanın cənubunda isə bidətlərin yayılması xristian həyatını zəiflətmiş, insanları həqiqi imandan uzaqlaşdırmışdı. Dominik öz apostol xidmətini Müjdəni tanımayan xalqlar arasında missionerliyə və xristian icmalarının yenidən yevangelizasiyasına həsr etməyə qərar verdi. Roma Papası III İnnokentiy ondan dualist dünyagörüşünü təbliğ edən və Xeyirlə Şərin eyni dərəcədə qüdrətli iki başlanğıc olduğunu iddia edən albiqoylular arasında təbliğ aparmağı xahiş etdi. Dominik bu missiyanı böyük ruh yüksəkliyi ilə qəbul etdi. O, yoxsul və zahid həyatı ilə nümunə göstərir, Müjdəni təbliğ edir və açıq ilahiyyat mübahisələri keçirirdi. Qısa müddət sonra eyni ruhu bölüşən başqa insanlar da ona qoşuldular. Beləliklə, Tuluzadakı ilk monastırdan başlayaraq Təbliğçilər Ordeni (Dominikan Ordeni) formalaşdı. Dominik və onun rahib qardaşları könüllü yoxsulluq içində yaşayırdılar. Bu, onlara ilahiyyat araşdırmalarına və Müjdə təbliğinə daha sərbəst şəkildə həsr olunmağa imkan verirdi və eyni zamanda insanlar üçün canlı şahidlik nümunəsi idi. Müqəddəs Dominik həmçinin tələb edirdi ki, onun şagirdləri möhkəm ilahiyyat təhsili alsınlar. Buna görə də onları universitetlərə göndərirdi. Halbuki həmin dövrdə bir çox kilsə xadimləri universitetlərə ehtiyatla və hətta inamsızlıqla yanaşırdılar. Dominik 1221-ci ildə Bolonyada vəfat edəndə onun təsis etdiyi Orden artıq böyük nüfuz və uğur qazanmışdı. Müqəddəs Dominik Qusmanın həyatı xristianları dua və mənəvi həyata sədaqətli olmağa, İsa Məsihə bütün qəlblə bağlanmağa çağırır. Onun şəfaəti ilə Allaha dua edirik ki, Kilsəni həmişə Müjdəni sədaqətlə və həqiqətlə təbliğ edən saleh vaizlərlə zənginləşdirsin. (Bax: Papa XVI Benedikt, Ümumi Audiensiya, 3 fevral 2010-cu il.)

BİRİNCİ OXUNUŞ  Hab 1,12–2,4

Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin. Sənin gözlərin çox təmizdir, şəri görən gözün yoxdur, pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə axı niyə susursan? Sən insanları sanki dəniz balıqlarına, başçıları olmayan sürünən canlılara çevirdin. O onların hamısını qarmaqla çəkir, torla çıxarır, ağlarına yığır, buna sevinib-şadlanır. Buna görə torları üçün qurban kəsir, ağları üçün buxur yandırır, axı o bu torlarla bol və ləzzətli yemək əldə edir. Torunu durmadan boşaltmağa, millətləri amansızcasına qırmağa davam edəcəkmi? Keşiyimdə duracağam, gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, görüm şikayətlərimə nə cavab verəcək? Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, hökmən gələcək, gecikməyəcək. Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, amma saleh adam imanı ilə yaşayacaq.»

Təfsir

Bu sual demək olar ki, hər birimizin zaman-zaman özünə verdiyi suallardandır: nə üçün elə insanlar var ki, haqsız yerə başqalarına əzab verir, zülm edir, amma buna baxmayaraq, hər işləri uğurlu gedir, firavan yaşayırlar və onları dayandıran olmur? Digər tərəfdən isə heç bir pislik etməyən insanlar haqsızlığa, zülmə və əzablara məruz qalırlar. Hadisələrə yalnız baş verdiyi anın prizmasından baxdıqda bu sual tamamilə haqlıdır. Lakin həyata bütöv bir baxışla yanaşsaq, əmin ola bilərik ki, ədalətli Allah hər şeyi öz yerinə qoyacaq. Buna görə də imanlı insan qəti şəkildə inanmalıdır ki, ilahi ədalət mütləq bərqərar olacaq. Nə vaxt və necə baş verəcəyini isə Allaha həvalə edək. Çünki ədalətin zəfər çalmasını hamıdan çox elə Rəbbin Özü istəyir. Allah günahkara tövbə etməsi üçün vaxt verir, hətta bu, ölüm astanasında belə baş versə. Məhz buna görə də ətrafımızda bu qədər haqsızlığa və natamamlığa dözməli oluruq. Əgər pis insan sonda da tövbə etməzsə, onun yeganə mükafatı bu dünyada əldə etdiyi müvəqqəti rifah olacaq. Çünki bəlkə də etdiyi azacıq yaxşılığın əvəzini elə bu həyatda almış olur.

İNCİL Matta 17,14-20

Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür.  Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı. O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz».

Təfsir

Bu İncil parçasında həvarilərin nə üçün kifayət qədər iman göstərmədiyini anlamaq asan deyil. Axı başqa hallarda İsanın əmri ilə onlar çətinlik çəkmədən cinləri qovur və xəstələrə şəfa verirdilər. Gəlin bu mətni bizə təqdim olunduğu kimi qəbul edək. Görünür, həmin anda bəzilərinin qəlbinə şübhə və tərəddüd hakim olmuşdu. Buna görə də Rəbb kədərlə belə deyir: «Sizə nə vaxta qədər dözəcəyəm?» İsa artıq Öz ilahi hakimiyyətini saysız-hesabsız möcüzələrlə göstərmişdi. Həvarilər də cinləri qovmaq və xəstələrə şəfa vermək səlahiyyətini almışdılar. Bununla belə, onların imanı hələ tam kamilliyə çatmamışdı. Diqqətəlayiqdir ki, İsa insanın başqa zəifliklərinə - günahlarına, süqutlarına və qüsurlarına görə heç vaxt belə kədərlənmir. O, yalnız iman çatışmazlığından təəssüflənir. «İmanınız haradadır?» və «Ey az imanlılar!» kimi ifadələr İncil boyunca dəfələrlə səslənir. Eyni zamanda, sarsılmaz imanla Ona güvənən insanları -  Roma yüzbaşısını, qanaxmadan əziyyət çəkən qadını və başqalarını isə xüsusi tərifləyir. İsa Məsihə iman xristian həyatının əsasıdır. Ona tam etibar etmək isə insandan Rəbbə təqdim oluna biləcək ən böyük məhəbbət əlamətidir. İsa bunu müqəddəslərə verdiyi şəxsi vəhylərdə dəfələrlə vurğulayır. Məsələn, Müqəddəs Faustina Kovalskaya ilə söhbətlərində O, daim belə deyirdi: «Mənə güvən!»

 

07 avqust 2026, 15:12