Liturgiya oxunuşları: 6 AVQUST. Rəbbin Surətinin Dəyişilməsi Bayramı
Rəbbin Surətinin Dəyişilməsi Onun yer üzündəki həyatının ən mühüm hadisələrindən biridir və sinoptik İncillərdə təsvir olunur. Peter, Yaqub və Yəhya İsa ilə birlikdə Tabor dağına çıxır və orada Müəllimlərini bütün ilahi əzəməti ilə görürlər. Bu hadisə o qədər möhtəşəm və təsvirəgəlməz idi ki, üç həvari gördüklərini ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirdi. İncil bizə xəbər verir ki, İsanın libası yer üzündə heç vaxt görünməmiş bir nurla parlayan ağ rəngə büründü. Bundan əlavə, bulud içində Əhdi-Ətiqin iki böyük peyğəmbəri – Musa və İlyas peyda oldular və Məsihlə söhbət etməyə başladılar. Görünür, həvarilər həmin anda elə dərin bir sülh hissi yaşamışdılar ki, bu müqəddəs məkanı tərk etmək istəmədilər və üç çardaq qurmağa icazə istədilər. Lakin İsa yalnız Tabor dağından enməyəcəkdi. Onu bəşəriyyətin xilası naminə böyük əzablar gözləyirdi. Bu üç həvarinin də Cənnətin bu öncədən hiss etdirilmiş şirinliyini geridə qoyaraq Məsihin ardınca Qolqotaya qədər getməsi lazım gələcəkdi. Şərq Kilsəsində Dəyişilmə bayramı avqustun 6-da qeyd olunur. Ənənəyə görə, bu hadisə İsanın ölümündən qırx gün əvvəl baş vermişdi; Qədim Kilsədə isə Onun xilasedici ölümü sentyabrın 14-də qeyd olunan Müqəddəs Xaçın Ucaldılması bayramında anılırdı. Qərb Kilsəsində bu bayramın geniş yayılmasında xüsusilə Möhtərəm Peterin (XII əsrin müqəddəsi, benediktin rahibi) böyük xidməti olub. 1457-ci ildə Papa III Kallikst Rəbbin Surətinin Dəyişilməsi bayramını Roma liturgik təqviminə daxil edib.
BİRİNCİ OXUNUŞ Dan 7, 9-10.13-14
Nəhayət, mən gördüm ki, taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi. Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, on minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı. Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
Təfsir
Peyğəmbər Danielin apokaliptik görüntüsü məhkəmə zalını xatırladır. Oraya insanların bütün əməllərinin yazıldığı kitablar gətirilir və açılır. Hökmü isə əbədi hakimiyyətə malik olan İnsan Oğlu verir. İsa yer üzündəki həyatı və təbliği zamanı Öz padşahlıq ləyaqətini gizlətmirdi. Lakin insanların bunu yanlış anlayacağını bildiyi üçün bu barədə həmişə təmkinlə danışırdı. İnsan təbiətinə görə O, Davud nəslindən olduğu üçün «Davud Oğlu» idi. Lakin hər şeydən əvvəl O, Allahın Padşahlığının həqiqi mənasında bütün kainatın Padşahıdır. Ponti Pilatın qarşısında İsa belə deyir: «Sən deyirsən ki, Mən Padşaham» (Yəh 18, 37). Lakin dərhal əlavə edir: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəh 18, 36). Bir gün hamımızın bizi sevərək əzab çəkmiş və Müqəddəs Ruhun lütfü ilə bizə yeni həyat bəxş etmiş İsa tərəfindən mühakimə olunacağımızı bildiyimiz halda, Ona qarşı məhəbbətimiz və minnətdarlığımız nə qədər böyük olmalıdır! Bu Hakim günahkarlara qarşı sonsuz mərhəmətlidir, lakin günaha qarşı qətiyyətlidir. Biz Onun artıq baş vermiş hökmünün işığında yaşaya və ömrümüzün sonunadək bu həqiqətə sadiq qalmaq üçün səy göstərə bilərik.
İNCİL Matta 17,1-9
Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər. Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin».
Təfsir
İsanın vəftizindən sonra İncil səhifələrində Atanın səsi ikinci dəfə məhz Rəbbin Surətinin Dəyişilməsi zamanı eşidilir. Görünməz olan Ata çünki Öz iradəsinə və ağlına malik İlahi Şəxs kimi danışaraq Özünü insanlara tanıdır. Allah məhəbbətdir. Ata, Adəm və Həvvanın günahı nəticəsində pozulmuş birliyi bərpa etmək və sevdiyi insanları yenidən Özünə qaytarmaq üçün Oğlunu bizə bəxş edir. Tabor dağında İsa Atanın hüzuru ilə o qədər dolur ki, Onun siması qəfil nur saçmağa başlayır. Həmin anda zaman və məkanın bütün sərhədləri sanki aradan qalxır: Musa və İlyas görünərək Oğulun izzətinə şərik olurlar. Rəbbin Surətinin Dəyişilməsi bizə Oğulun həqiqi mahiyyəti haqqında heyrətamiz bir həqiqəti açıqlayır: O, Atanın daxilindədir və Atada yaşayır. Qarşıda çarmıx və əzablar olacaq, lakin bunlar əbədi davam etməyəcək. Bizim də həyatımızda çarmıxlar və sınaqlar olacaq. Ancaq artıq bu gündən etibarən Məsih vasitəsilə etibarla Ataya yaxınlaşa bilərik, çünki Ona aparan yol açılıb. Məhz buna görə xristian həyatı ya mistikdir, ya da ümumiyyətlə xristian həyatı deyil. Çağırış isə birbaşa Atanın Özündən gəlir: «Ona qulaq asın!» Ata bizi sonsuz məhəbbətlə Özünə cəlb etmək, Öz izzətini bizimlə bölüşmək istəyir və bunun yeganə kamil yolunu göstərir: Oğulu qəbul etmək və Onun əmrlərinə əməl etmək.