Liturgiya oxunuşları: 3 AVQUST. Adi Dövrün XVIII həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Yer 28,1-17
Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”». O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as: qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər». O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.
Təfsir
Rəbbin peyğəmbərlikləri son dərəcə ciddi məsələdir. Burada «qoy güclü olan qalib gəlsin» prinsipi ilə rəqabətə yer yoxdur. Xananya ilə Yeremya Allahın adı ilə bir-birinə tam zidd olan xəbərlər çatdırırlar. Belə vəziyyətdə insanın çaşqınlığa düşməsi təbiidir: görəsən, onların hansısı həqiqəti söyləyir? Cavab sadədir: doğru olan odur ki, onun dedikləri gerçəkləşir və o, Allahın ona etibar etdiyi xəbərə sonadək sadiq qalır. Yeremya boynunda Babil əsarətinin rəmzi olan boyunduruğu gəzdirirdi və xalq doğrudan da sürgünə aparıldı. Yeremya Xananyanın ölümünü əvvəlcədən xəbər verdi və bu da baş verdi. İlk baxışda elə görünə bilər ki, bunlar çox uzaq keçmişə aid hadisələrdir və bizim dövrümüzlə heç bir əlaqəsi yoxdur. Lakin əslində belə deyil. Bu gün də dünya yalançı peyğəmbərlərlə doludur. Rəbb İsa Özü bizi xəbərdar edir: «Yalançı peyğəmbərlərdən çəkinin... Onları bəhrələrindən tanıyacaqsınız» (Matta 7, 15-16). Onlar hər yerdədir. Biz onlarla küçələrdə, hakimiyyət dairələrində, kütləvi informasiya vasitələrində hər gün qarşılaşırıq. Onlar Allahın Qanununu kənara qoyaraq, bəzən isə birbaşa Allaha qarşı çıxaraq, insanlara cazibədar vədlər, guya yeganə doğru həll yolları, öz «həqiqətlərini» və hər cür rifah vəd edirlər. Lakin bizim də öz «Yeremyamız» var. Həqiqətin harada olduğunu bizə daim göstərən bu səs İncildir.
İNCİL Matta 14,22-36
Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər. İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. Gecənin dördüncü növbəsi† İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar. İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar. O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər. 36 Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.
Təfsir
Peterin sözləri bizi öz cəsarəti, hətta müəyyən mənada özünə arxayınlığı ilə təəccübləndirir: «Əgər Sənsənsə...» Doğrudanmı Sənsən? Qoy bunu yoxlayım. «Mənə əmr et ki, suyun üzəri ilə Sənin yanına gəlim». Belə görünür ki, Peter İsanın nə etməli olduğunu Ona özü söyləyir. Etiraf etmək lazımdır ki, bu, olduqca cəsarətli bir davranışdır. Lakin vəziyyət son dərəcə dramatik idi və buna görə də Peteri başa düşmək olar. Şagirdlər zülmət gecənin içində, nəhəng dalğaların hökmü altında qalmışdılar. Qayıq hər an çevrilə bilərdi. Onların həqiqətən də Rəbbin köməyinə ehtiyacı var idi. Bu İncil parçasının son səhnəsi isə bütün mənəvi həyatın bir növ proqramına çevrilir. Şagirdlər İsanın önündə səcdəyə qapanır və imanlarını ən uca etirafla ifadə edirlər: «Sən, həqiqətən, Allahın Oğlusan!» Qayığın içində üzüstə səcdə etmək, əlbəttə, asan deyildi. Lakin həmin anda artıq onların daxilində heç bir müqavimət qalmamışdı. Həvarilər ölümdən həyata, qorxudan isə həmd və ibadətə keçirlər. Bütün bunlar Peterin o cəsarətli addımı sayəsində baş verir. Həmin addım ona ən mühüm həqiqəti öyrətdi: İsa xəyal və ya kölgə deyil. O, Ata ilə bir olan Allahın Oğludur. İnsana lazım olan yalnız Ona sarsılmaz imanla bağlanmaqdır. O zaman dənizin sakitləşməsi möcüzəsini görəcək. Dalğalarla birlikdə qəlbimizdəki bütün təşvişlər, daxili qaranlıq və qorxular da sakitləşəcək. Çünki İsa qayıqdadırsa, artıq qorxmağa heç bir səbəb yoxdur.