Liturgiya oxunuşları: 26 AVQUST. Adi Dövrün XXI həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ 2 Sal 3, 6-10.16-18
Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq, heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq. Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik. Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin. Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun! Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram. Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!
Təfsir
Paul bizə müdrik bir ehtiyatlılıq qaydası verir: nizamsız həyat sürən və İncilə uyğun yaşamayan insanlardan uzaq durmaq. Əgər bu sözləri hərfi mənada başa düşsəydik, bütün günü evə qapanıb heç kimi görməməli olardıq, çünki dünya Allahdan uzaq olan insanlarla doludur! İsa bizə deyir ki, biz dünyanın işığıyıq; deməli, bu işığın parlaması üçün insanların arasında yaşamalıyıq. Lakin məhz burada Paulun sözlərinin həqiqəti üzə çıxır: bizim dünyanı Məsihin məhəbbəti ilə işıqlandırmağımız əvəzinə, dünyanın bizi özünə çəkib udması təhlükəsi var. «Kiminlə oturub-dursan, onun xasiyyətini götürərsən», deyə atalar sözü söyləyir. Çünki şər və ya pis vərdiş hər birimizin daxilində olan yaralanmış insan təbiətinə təsir edir və onu özünə cəlb edir. Buna görə də imanda möhkəm olmalıyıq. Müqəddəs Körpə İsanın Terezası deyirdi ki, əgər onu Karmelə qəbul etməsəydilər, keçmiş fahişələr üçün sığınacaqda yaşamaq istəyərdi; hətta özünün də onlardan biri hesab edilməsi riskini gözə alardı ki, həmin bacılara Allahın mərhəmətinin bütün gözəlliyini göstərə bilsin. «Dünyada olmaq, lakin dünyadan olmamaq» məhz budur (müq. Yəh 15,19).
İNCİL Matta 23, 27-32
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
Təfsir
Fariseyliyin mahiyyəti də məhz bundan ibarətdir: zahirdə gözəl, daxildə isə eybəcər olmaq. Fariseylər dini əməlləri yalnız insanların tərifini və heyranlığını qazanmaq üçün yerinə yetirərək özlərini nümayiş etdirirlər. Lakin Allah gizlində olanı görür və Onun hökmü tamamilə başqadır. Oskar Uayldın «Dorian Qreyin portreti» romanında şeytanla əhd bağlayan bir gəncdən bəhs olunur. O, evində öz portretini saxlayır və həmin portret onun əvəzinə qocalır, özü isə daim gənc və gözəl qalır. Əbədi gənc və özünə heyran olan Dorian əxlaqsız həyat sürür; o, nə qədər çox günah edirsə, portret də bir o qədər qocalır və eybəcərləşir. Nəhayət, kətan üzərindəki sima dəhşətli və eybəcər bir görkəm alır, zahirən gözəl qalan gəncin həyatı isə tamamilə məhv olur. Bununla müqayisədə, lütf həyatı ölçüyəgəlməz dərəcədə gözəldir: zahirən hamı kimi tamamilə adi görünsək belə, lütf ruhumuzu saf və xoş ətirli edir. Üstəlik, sonda daxili saflıq insanın zahiri görünüşünü də gözəl və cəlbedici edir. Daxilimizdə daşıdığımız nur zahirimizdə — bədənimizdə, baxışlarımızda, davranışımızda əks olunur. Lütf həyatı Müqəddəs Ruhun nurunu bütün ətrafımıza saçır.