Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 25 AVQUST. Adi Dövrün XXI həftəsinin çərşənbə axşamı

“Müqəddəs Kitabda ikiüzlülərin qınanmasına dair çoxsaylı nümunələr var. İkiüzlü insan özünü olduğundan fərqli göstərən, yaltaqlanan və aldadan, üzündə maska ilə yaşayan və həqiqətlə üz-üzə gəlməyə cəsarəti çatmayan insandır. (…) Kilsədəki ikiüzlülük isə xüsusilə iyrəncdir: ikiüzlülüyə düçar olan xeyli xristian, xeyli kilsə xidmətçisi var. Gəlin həqiqi olmaqdan, həqiqəti söyləməkdən, həqiqəti dinləməkdən və həyatımızı həqiqətə uyğun qurmaqdan qorxmayaq” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ  2 Sal 2,1-3a.14-17

Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın. Heç kim sizi heç bir şəkildə aldatmasın. Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı. Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.

Təfsir

Saloniklilərə Məktubun bu fəslində müqəddəs Paul Rəbbin ikinci gəlişi mövzusuna toxunur. İkinci gəliş həqiqətən baş verəcək - artıq fani bədəndə, ilk dəfə olduğu kimi deyil, həmçinin dirilmiş Məsihin bizi müqəddəsləşdirmək üçün hər gün ruhumuza gəlişi kimi də deyil. Bu, hamının eyni anda görəcəyi bir gəliş olacaq. Bir çox müəllif bunu Qiyamət günü üçün Məsihin izzət içində son gəlişi kimi şərh edir; digərləri isə bunu Məsihin xüsusi bir gəlişi kimi anlayırlar ki, bundan sonra dünya həyatının hələ davam etdiyi, lakin artıq dünyanın sonuna doğru irəlilədiyi bir dövrdə xüsusi lütf zamanı başlayacaq. Lakin ən mühüm olan həvarinin çağırışıdır: bu anı gözləyərkən biz narahatlıq və təşviş hissini gücləndirməkdən daha çox, bizə öyrədilmiş ənənəyə möhkəm bağlı qalmalı və İncil həqiqətində getdikcə daha da möhkəmlənməliyik. Çünki belə bir gözlənti mühitində insanların diqqətini özlərinə çəkmək, onları İncil həqiqətindən və həqiqi Məsihdən uzaqlaşdırmaq üçün möcüzələr göstərməyə qadir olan yalançı peyğəmbərlər və ya başqa şəxslər asanlıqla ortaya çıxa bilərlər.

İNCİL Matta 23, 23-26

Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!

Təfsir

İsa xalqın rəhbərləri olan fariseylərin əsl günahını aydın və açıq şəkildə üzə çıxarır. Onların öyrətdikləri yaxşıdır, lakin özləri bu təlimə əməl etmirlər. Başqalarının Allaha itaət etməsini istəyirlər, amma öz həyatlarında, gizlicə, bütün digər göstərişlərə məna verən təməl qanunu — məhəbbət və mərhəmət qanununu pozurlar. Onlar yalnız özlərini sevir, imtiyazlı mövqelərindən eqoizmlərini təmin etmək üçün istifadə edirlər. «Farisey» sözü gündəlik dilə saxta, ikiüzlü, ikili həyat sürən, başqalarına öyüd-nəsihət verən, özü isə gizlində öz təliminə zidd yaşayan insanı ifadə edən bir söz kimi daxil olub. Lakin gəlin başqalarına baxmayaq, bu gün bizə rəhbərlik edən insanları, hansı vəzifə və məqamda olmalarından asılı olmayaraq, asanlıqla mühakimə etməyək. Çünki bəzən biz özümüz də bu tələyə düşə bilirik. Əgər belə bir şey baş veribsə, dərhal özümüzə gəlib yolumuzu düzəltməyə tələsək. Allah ən ağır günahları belə bağışlayır, lakin onları etiraf etmək və bağışlanma diləmək lazımdır. Allah açıqlığı sevir və bizdən də açıq olmağımızı istəyir. Yalnız şeytan qaranlığa və gizliliyə üstünlük verir. Biz isə şeytanın deyil, Allahın övladları olmaq istəyirik!

25 avqust 2026, 08:46