Liturgiya oxunuşları: 24 AVQUST. Müq. Bartalmay, həvari
Həvari Bartalmay haqqında bildiklərimizi İncillərdən öyrənirik. Yəhyanın İncilində o, «Allahın hədiyyəsi» mənasını verən Nataniel adı ilə təqdim olunur (Yəh 21,2). O, Filipin dostu idi və Məsih haqqında ona böyük sevinc və həyəcanla xəbər verən də məhz Filip olmuşdu: «Musanın Qanunda və peyğəmbərlərin haqqında yazdıqları Şəxsi - Yusif oğlu Nazaretli İsanı tapdıq». İsanın On İki həvarisindən biri olan Bartalmay haqqında nisbətən az məlumatımız olsa da, o, xristian ənənəsində bu günədək dərin ehtiramla yad edilir. Böyük ehtimalla, o, İsanın ilk möcüzəsi – Qalileyanın Kana şəhərində keçirilən toyda suyun şəraba çevrilməsi zamanı da orada idi. Bartalmay İsanın həyatındakı digər mühüm hadisələrin də iştirakçısı olmuş, Onun bir çox möcüzələrini görmüş, Dirilməsinə və göyə qalxmasına şahidlik etmişdir. Əllinci Gündən sonra Bartalmay Kiçik Asiyada, Cənubi Qafqaz ərazisində, İranda, Hindistanda və Mesopotamiyada İncili təbliğ etmiş, çoxsaylı xəstələrə, xüsusilə şər ruhların əzab verdiyi insanlara şəfa vermişdir. Rəvayətə görə, bütpərəst hökmdarlardan birinin qızını xəstəlikdən sağaltdıqdan sonra bütün hökmdar ailəsi xristianlığı qəbul etmişdir. Bu hadisə bütpərəst kahinlərin qəzəbinə səbəb olmuşdur. Onlar həvarini tutaraq ağır işgəncələrə məruz qoymuş və nəhayət, dəhşətli ölümə məhkum etmişlər: onun dərisini diri-diri soymuş, sonra isə çarmıxa çəkmişlər. Müqəddəs Bartalmayın nümunəsi Kilsənin yaddaşında bu gün də yaşayır. Onun həyatı və fövqəladə imanla qəbul etdiyi şəhidlik İncilin dərin çağırışını özündə daşıyır. Azərbaycan xristianları – həm katoliklər, həm də pravoslavlar – Müqəddəs Bartalmaya Bakı şəhərinin və Azərbaycanda Kilsənin himayədarı kimi ehtiram göstərirlər.
BİRİNCİ OXUNUŞ Vəhy 21,9b-14
Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs‡ şəhəri, Yerusəlimi göstərdi. Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
Təfsir
Göydən enən Yerusəlim - əbədi şəhər, seçilmişlərin Cənnətidir. O, həm məkan - şəhər, həm də şəxs - gəlin kimi təsvir olunur, çünki həqiqi bəxtiyarlıq Allahın Kəlamı ilə nikah birliyində olmaqdan ibarətdir. Cənnət Allahla kamil ünsiyyətdir: Məsihin Təcəssümü sayəsində Onunla qırılmaz şəkildə birləşmiş seçilmişlər Onda Atanın övladları olacaq və Oğulun bəxtiyar həyatına şərik olacaqlar. Lakin bu ilahi ölçüyə insani ölçü də əlavə olunur: xilas olunanların hamısı nəhayət kamilliyə çatmış məhəbbət birliyində bir-biri ilə bağlanırlar. On iki həvari bütün şəhərin təməlini təşkil edir. Bu isə o deməkdir ki, Məsihə ilk iman gətirən və Allah övladlarının yeni ailəsinə mənsub olduqlarını öz qanları ilə təsdiq edən həvarilərlə bağlılıq olmadan müqəddəs şəhərə daxil olmaq mümkün deyil. Bəxtiyar həyatın bu ilahi və insani ölçüsünü, şaquli və üfüqi ölçülərini daim yadda saxlamaq vacibdir. Biz həmişə nəzərlərimizi qarşıda bizi gözləyən son məqsədə yönəltməliyik. Çünki biz bu bəxtiyarlıq üçün yaradılmış və bu izzətə çağırılmışıq.
İNCİL Yəhya 1,45-51
Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».
Təfsir
Bu mətn həvari Toması yadımıza salır: Son Şam otağında onun müvəqqəti imansızlığını və daha sonra İsa ona barmağını yaralarına toxundurmağı təklif etdikdə söylədiyi iman etirafını. Lakin Bartalmay da bu baxımdan ondan heç də geri qalmır. O düşünür ki, Nazaretdən yaxşı bir şey, xüsusilə də Məsih çıxa bilməz. O, inanmır. Lakin İsa ilə qarşılaşdıqda və Onun özünü əncir ağacının altında gördüyünü eşitdikdə, birdən-birə heyrətamiz bir iman etirafı ilə coşur; bu etiraf sanki digər həvarilərin söylədiklərinin hamısını üstələyir: «Sən Allahın Oğlusan, Sən İsrailin Padşahısan!» Bir anın içində o, tam imansızlığın qaranlığından saf imanın işığına keçir. İsa isə bu iman etirafına böyük bir vədlə cavab verir: «Bundan daha böyük şeylər görəcəksiniz... Göyün açıldığını və Allahın mələklərinin Bəşər Oğlunun üzərinə qalxıb-endiyini görəcəksiniz». Bu sözlər Yaqubun nərdivan haqqında gördüyü görüntünün gerçəkləşməsidir (Yar 28,1-19). İsa yol, həqiqət və həyatdır, lakin O, eyni zamanda nərdivandır: İlahi lütflər Onun vasitəsilə bizə enir və insan Onun vasitəsilə Cənnətə yüksəlir. Ola bilsin ki, Bartalmay Müəllimin ardınca gedərkən hələ yer üzündə yaşadığı dövrdə bu nərdivanı iman gözü ilə görmüşdü. Lakin şübhə yoxdur ki, şəhidlik ölümü ilə can verərkən, dərisi soyulmuş halda bu dünyanı tərk edib onu layiq olduğu mükafata aparan həmin nərdivanla yüksəldiyi zaman artıq onu bütün gerçəkliyi ilə gördü.