Liturgiya oxunuşları: 22 AVQUST. Əqdəs Bakirə Mələkə Məryəm
Müqəddəs Lui Mari Qrinyon de Monfor deyirdi: «Məryəm İsaya aparan ən etibarlı, ən qısa və ən kamil yoldur». Bu gün Mələkə kimi bayramını qeyd etdiyimiz səmavi Anamızda həyatımızın hər günündə qəlbimizə istiqamət göstərən bir kompas görməliyik. O, bizə etibarlı limanı göstərir və bizi həyatımızın xilası olan Öz Oğluna doğru aparır. Mələkə Məryəmin liturgik xatirəsi avqustun 15-dən səkkiz gün sonra qeyd olunur və Məryəmin Göylərə Götürülməsi təntənəsinin davamıdır. Bu gün biz əsrlərin Padşahının yanında əyləşən, Mələkə olan və bizim üçün şəfaət edən Allahın Əqdəs Validəsini seyr edirik. Məryəmin mələkə ləyaqəti şəfaət mələkəliyidir: «O, Mələkə kimi parlayır və Ana kimi şəfaət edir», – Marialis Cultus sənədində oxuyuruq (№ 6). Bu, Onun təvazökarlığının ucaldılmasıdır; necə ki, Kilsə Magnificat nəğməsində oxuyur: «Qüdrətliləri taxtlarından endirdi, məzlumları yüksəltdi».
BİRİNCİ OXUNUŞ Yeşaya 9,2-4.6-7
Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Təfsir
Yeşaya peyğəmbərin doğulacağından bəhs etdiyi Körpə İsrail padşahının oğludur. Bu isə o deməkdir ki, xalq yad diyara sürgün edilsə də, yaşamağa davam edəcək və bu sınaqdan keçəcək. Kilsənin mənimsədiyi daha ali, mənəvi məna isə gələcək Məsih – həqiqi və ümumbəşəri Padşah haqqında müjdədir. Məhsul yığımı və qənimətin bölüşdürülməsi ilə bağlı sevinc obrazları başqa, gözlənilməz bir sevincin, Körpənin dünyaya gəlməsinin sevinci qarşısında arxa plana keçir. Bəs bir Körpənin doğulması insana hansı sevinci bəxş edə bilər? Hansı daha böyükdür: müharibədə qalib gəlmək, yoxsa bir körpəni görmək? Axı dünyaya çoxlu uşaqlar gəlir... Əgər Məsih hamı kimi adi bir insan olsaydı, Onun gəlişi tarixdə çox az şeyi dəyişərdi. Lakin əgər O, Allahdırsa – və O, həqiqətən Allahdır – onda hər şey tamamilə dəyişir: Allah-İnsanla münasibətimiz Ata ilə ünsiyyətimizi və artıq ölümün o tayında da Onunla birlikdə olmağımızı mümkün edir. Bugünkü bayram Adəm və Həvvanın günahından sonra Allahla insan arasında yeni münasibətin başlanğıcını qeyd edir: yaradılmış bir varlıq – Müqəddəs Məryəm ilə Onun bətnində insan olub Onun Oğluna çevrilən Allah arasındakı münasibətin.
İNCİL Luka 1,26-38
Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Təfsir
Məryəm hansı mənada Mələkədir? Kainatın Padşahı olan Məsihə münasibətdə O, Onun Anasıdır və buna görə də Mələkədir. Müjdəvermə səhnəsində mələk dəfələrlə padşahlıqdan, Davudun taxtından, əbədi hökmranlıqdan və sonu olmayacaq Padşahlıqdan danışır. Allah Anası bu əzəmət qarşısında çaşqınlığa düşmür; O, yalnız Özünün nə etməli olduğunu soruşur. Beləliklə, O, baş verəcək hər şeyi iman dolğunluğu ilə qəbul edir və Məsihin padşahlıq ləyaqətində hər şeydə, xüsusilə də Çarmıxdakı ən uca anda iştirak edir. Mələkə olaraq Allah Anası bizim uğrumuzda mübarizə aparır, bizi qoruyur, bizə kömək edir və yol göstərir. Əgər bir gün Kortina-d’Ampezzoda olsanız, yalnız gözəl dağları seyr etməklə kifayətlənməyin; Kortinanın yaxınlığındakı San-Vito-di-Kadoredə yerləşən, Himayədar Madonna kilsəsi adlanan kiçik bir kilsəyə də gedin. Orada əlində qılınc tutan Allah Anasının heykəlini görəcəksiniz. Qeyri-adidir, elə deyilmi? Amma bu obraz insana ruh verir. Ana bizi qoruyur! «Kimdir bu, dan yeri kimi parlayan, ay kimi gözəl, günəş kimi işıqlı, bayraqlı ordular kimi zəhmli olan?» (müq. Nəğm 6,10). Bu ayə ənənəvi olaraq Allah Anasına aid edilir, lakin çox vaxt onun bu mənası unudulur.