Liturgiya oxunuşları: 21 AVQUST. Müq. X Pius, papa
Məsihilər dünyəvi məntiqin çərçivələrinə sığmayan bir sirrə şəhadət verməyə çağırılıblar. Bəşəriyyətlə danışmaq Məsihin məntiqini insanların anlaya biləcəyi bir dildə təqdim etmək, eyni zamanda axına qarşı getməkdən qorxmamaq deməkdir. Məhz bu dərin idrak Müqəddəs X Piusun fəaliyyətinə istiqamət verirdi. O, “Pascendi Dominici gregis” ensiklikasında Kilsə ilə müasir dünya arasındakı münasibətlərin əsas düyün nöqtəsini aydın şəkildə göstərmişdi. 1835-ci ildə Riezedə (Treviso) anadan olmuş Cüzeppe Sarto kəndli ailəsindən idi və pastoral xidmətin bütün pillələrindən - kilsə vikarı vəzifəsindən Roma Papasınadək keçmişdi. 23 yaşında keşiş təyin edilmiş, 49 yaşında isə Mantua yepiskopu seçilmişdi. 1893-cü ildə Venesiya patriarxı olmuş, on il sonra isə Papa seçilmişdi. Konklavda iştirak etmək üçün Romaya gəldikdə fransız kardinallardan biri ondan kim olduğunu soruşmuşdu. Cüzeppe Venesiya patriarxı olduğunu və fransız dilini bilmədiyini söyləmişdi. Kardinal isə etiraz edərək demişdi ki, fransız dilini bilmirsə, heç vaxt Papa seçilə bilməz. Cüzeppe cavab vermişdi ki, Papa seçilməməsinə yalnız sevinər, üstəlik, artıq geri dönüş bileti də alıb. Papa olduqdan sonra o, Roma Kuriyasının yenidən təşkilindən başlayaraq Kilsədə ciddi islahatlar həyata keçirdi. Xalqın dini maarifləndirilməsi üçün katexizisin hazırlanmasını əmr etdi. Sual-cavab şəklində tərtib olunmuş bu kitabda bütün katolik təlimi elə bir şəkildə təqdim edilirdi ki, hətta savadsız insanlar belə onu əzbərləyə bilirdilər. O, böyük həlimliyi və mülayimliyi qətiyyətli iradə ilə özündə birləşdirirdi. Həmişə Allahın hüzurunda yaşayır və fəaliyyət göstərirdi. Dua edərkən o qədər dərinliyə dalırdı ki, ətrafında baş verənləri hiss etmirdi. Mübarək Məryəmə incə və dərin məhəbbət bəsləyir, mərhəmət ruhuna malik idi və yoxsulluğu ürəkdən sevirdi. O deyirdi: «Mən yoxsul doğulmuşam, yoxsul yaşamışam və yoxsul ölmək istəyirəm». Onun xeyir-duası və duaları sayəsində baş verdiyi deyilən möcüzə və şəfaları özünə aid edənlərə isə cavab verirdi ki, bütün bunlar yalnız «Müqəddəs Açarlar»a məxsusdur. X Pius, həmçinin liturgik islahatların həyata keçirilməsinə və yeni Kanonik Hüquq Məcəlləsinin hazırlanmasına böyük töhfə verdi. O, 1914-cü ildə vəfat etdi. Onun son sözləri belə oldu: «Həyatımı övladlarım üçün qurban verirəm».
BİRİNCİ OXUNUŞ Yez 37,1-14
Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi. O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu. Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb, bunu Sən bilirsən». O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin. Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi. Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı. Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”. Buna görə də peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm. Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».
Təfsir
Biz Yezekel peyğəmbərin dünənki parçasında başlanan Allahın Ruhunda yeni həyat mövzusunu davam etdiririk. Dünən daş ürəyin əvəzinə verilən ət ürəkdən bəhs olunurdu, bu gün isə quru sümüklərin üzərinə əsərək onları həyata qaytaran küləkdən danışılır. Yeni həyat kənardan gəlir, çünki Ruhun küləyi Allah tərəfindən göndərilir və Ondan qaynaqlanır. Burada Allahın Ruhunun insanlara bəxş ediləcəyi və onların həyatını əbədi olaraq dəyişdirəcəyi Əllinci Gün - Pentikost hadisəsinin müjdəsini əvvəlcədən görürük. Çünki lütf üçün ölmüş və günah məzarlarında qalmış olanlar yenidən ayağa qalxacaqlar. Lakin əvvəlki kimi qalmaq üçün deyil, tamamilə yenilənmək və ilahi işlər görməyə qadir olmaq üçün. Rəbb deyəcək: «Mənə iman edən Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan daha böyük işlər görəcək» (Yəh 14,12). Yezekel hələ hadisələrə insani perspektivdən baxır və Allahın vəd etdiyi hədiyyə doğma torpağa qayıdışdır. Lakin biz bu möhtəşəm peyğəmbərliyi bu günümüzə də aid edə bilərik: özümüzü Ruhun küləyinə açaq, qoy Onun nəfəsi üzərimizə əssin və günahla öldürdüyümüz hər şeyə yenidən həyat versin. Biz də öz məzarlarımızdan sağlam və azad olaraq çıxaq.