Axtar

2020.12.26 Parabola invitati alle nozze

Liturgiya oxunuşları: 20 AVQUST. Adi Dövrün XX həftəsinin cümə axşamı

«Toy libası mərhəməti, yəni Allahın bizə təmənnasız bəxş etdiyi lütfü simvolizə edir. Lütf olmadan xristian həyatında bir addım belə ata bilmərik. Rəbbin ardınca getmək dəvətini qəbul etmək kifayət deyil; qəlbi dəyişdirən tövbə və dönüş yolunu keçməyə də hazır olmalıyıq. Allahın daim bizə təqdim etdiyi mərhəmət libası Onun məhəbbətinin təmənnasız hədiyyəsidir. Bu hədiyyəni heyrət və sevinclə qəbul etmək lazımdır ” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ  Yez 36,23-28

Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir. “Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm. Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.

 Təfsir

Biz Yezekel peyğəmbərin kitabının ən yüksək nöqtəsinə, onun peyğəmbərliyinin zirvəsinə çatmışıq. Allah insanlara daş ürəyin əvəzinə ət ürək verəcəyini və ən əsası, Öz Ruhunu onların daxilinə yerləşdirəcəyini vəd edir. Burada artıq söhbət yalnız İsrail torpağına qayıdışdan deyil, Müqəddəs Ruhun hədiyyəsi sayəsində mahiyyət etibarilə tamamilə dəyişən bir həyatdan gedir. Bu sözlərdə dirilmiş Rəbbin Ruhunun insanların üzərinə töküləcəyi Əllinci Gün bayramı – Pentшkost hadisəsi əvvəlcədən müjdələnir. «Yeni ürəklə» yaşamaq Yeni Əhdin, daha dəqiq desək, Kilsənin - bütün vəftiz olunmuş insanların - malik olduğu böyük imtiyazdır. Yenilənmiş ürəyi yenidən daşlaşdırmaq aldığımız hədiyyəyə zidd yaşamaq deməkdir. Düşüncələrimizi və əməllərimizi yeni ürəyin həlimliyi və həssaslığı ilə uyğunlaşdırmaq isə İsanın qüdrətinin daxilimizdə yaşamasına və fəaliyyət göstərməsinə imkan verməkdir. Mətnin sonundakı ifadə təməl əhəmiyyət daşıyır: «Siz Mənim xalqım olacaqsınız, Mən də sizin Allahınız olacağam». Buradakı «Mənim» və «sizin» mənsubiyyət əvəzlikləri qarşılıqlı mənsubiyyəti ifadə edir. «Mən sənə məxsusam» sözlərini biz yalnız sevdiyimiz birinə deyirik. Beləliklə, Allahın bizə olan məhəbbəti və bizim Allaha olan məhəbbətimiz məhz bu tam qarşılıqlı mənsubiyyət deməkdir.

İNCİL Matta 22,1-14

İsa yenə onlara məsəllərlə xitab edərək dedi: «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».

Təfsir

Dəvət olunanlardan bəzilərinin ziyafətə gəlmək istəməməsi və buna verdikləri reaksiya həddindən artıq sərt görünür. Bəziləri laqeydlik və etinasızlıq göstərərək öz işlərinin dalınca gedirlər, digərləri isə dəvəti xatırlatmağa gələn qulları hətta öldürürlər. Bunlar özlərini Allahın yerinə qoyan, dünyaya özləri hökm etmək istəyən və buna görə də başqa hökmdarlara, padşah oğullarına və buna bənzər heç bir hakimiyyətə dözməyən insanlardır. Onlar şeytanın səhrada İsaya təklif etdiyi sınaqlara – şəhvətə, şöhrətpərəstliyə və təkəbbürə – təslim olanlardır. Dəvəti qəbul edənlər isə padşahın varlığından və onun oğlunun toyundan belə xəbərsiz idilər. Bunlar öz təqsirləri olmadan həqiqətdən xəbərsiz yaşayan bütpərəstlərdir. Onlar dəvəti qəbul edir və sevinclə padşahla birlikdə bayram etməyə gedirlər. Toy məclisinə daxil olduqda isə artıq bütpərəstlikdən çıxıb məsihi olurlar, çünki Bəy onlara Özünü tanıdır və onlar sevincə qərq olurlar. Lakin toy ziyafətinə dəvəti qəbul etdikdən sonra yenə də bütpərəst olaraq qalmaq istəyirsənsə, Bəylə maraqlanmadan yalnız yemək xatirinə gəlir və sadəcə Onun hesabına doymaq istəyirsənsə, səni oradan çıxarıb digərlərinin yanına göndərmələri tamamilə ədalətlidir. Sən Kilsəyə dəvət olunursan, lakin orada yalnız o zaman qala bilərsən ki, məhəbbətin toy libasına bürünüb Bəylə birlikdə bayram etmək istəyəsən.

20 avqust 2026, 11:08