Axtar

2021.09.09 Vino

Liturgiya oxunuşları: 19 AVQUST. Adi Dövrün XX həftəsinin çərşənbəsi

“Üzüm bağındakı işçilər haqqında məsəl ümidlə doludur, çünki burada həyatına məna vermək istəyənləri axtarmaq üçün dəfələrlə yola çıxan bir bağ sahibindən bəhs edilir. O, hətta iş gününün artıq demək olar ki, başa çatdığı «on birinci saatda» belə çıxır və yəqin ki, artıq bütün ümidlərini itirmiş insanları işə götürür. İş gününün cəmi bir saatı qalmış işçi tutmağın nə mənası var? Bununla belə, məna həmişə var, çünki Allah bizim həyatımızı sevir” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ  Yez 34,1-11

Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi? Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız. Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz. Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu. Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”. Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın. Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi – bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın. Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”. Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam.

 Təfsir

Tanınmış peyğəmbərlik mətnində öz vəzifələrinə səhlənkar yanaşan çobanların sərt şəkildə məzəmmət edilməsindən sonra gələcək Çoban haqqında vəd verilir. O, Öz sürüsünün yolgöstərəni olacaq və bu Çoban Allahın Özüdür! Bunu həmin fəslin 23-cü ayəsi də təsdiqləyir: «Onların üzərinə bir çoban qoyacağam və o, onları otaracaq». Burada tək bir Çobandan, konkret bir Şəxsdən bəhs olunur. İsa Özü haqqında deyəcək ki, O, Yaxşı Çobandır - qoyunlarını otlaqlara aparan, onların qayğısına qalan, onları bəsləyən, qoruyan və onlar uğrunda Öz həyatını verən həqiqi və saleh Çoban. Bununla belə, bu gün də öz missiyalarını layiqincə yerinə yetirməyən «pis çobanlara» – Allahın xidmətçilərinə rast gəlmək mümkündür. Belə hallarda bizim vəzifəmiz onlara kömək etməkdir. Bunu həvarilərin nümunəsində də görürük: İncil onların nöqsanlarını bizdən gizlətmir, eyni zamanda Yəhuda İskaryot istisna olmaqla, onların hamısının nəinki yaxşılığa doğru dəyişdiyini, hətta sonda Rəbb uğrunda öz həyatlarını verdiyini göstərir. Bu nisbət heyrətamiz dərəcədə yüksəkdir: on iki həvaridən on biri, yəni təxminən 92 faiz. Gəlin nəzərlərimizi müqəddəsliyə çatanlara yönəldək və öz dualarımızla, dəstəyimizlə çobanlarımızın da mənəvi kamilliyə doğru irəliləməsinə yardım etməyə çalışaq.

İNCİL Matta 20,1-16a

Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.  Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. Onlar da bağa getdilər. Altıncı† və doqquzuncu saat‡ radələrində yenə çıxıb belə etdi. On birinci saat§ radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».

Təfsir

İlk saatdan işləməyə başlayanlar qızmar günəş altında taqətdən düşsələr də, mühüm bir üstünlüyə malik idilər: onlar bütün günü xeyirxah Sahibin etibarlı himayəsi altında keçirmişdilər. Əmək insanı ucaldır və vicdanla çalışan insan özünü məsuliyyətli bir şəxsiyyət kimi gerçəkləşdirir. Sonuncu saatda çağırılanları isə heç nədə qınamaq olmaz: onlar bütün günü gözləsələr də, heç kim onları işə götürməmişdi. Onlar işləmək istəyirdilər, tənbəl deyildilər, sadəcə iş tapa bilmirdilər. Uzun saatları ümid içində, eyni zamanda axşamadək heç kimin onları işə çağırmamasından doğan kədərlə keçirmişdilər; bu isə o demək idi ki, həmin gün ailələri ac qala bilərdi. Beləliklə, hər kəsin şükür etmək üçün bir səbəbi var. Lakin sonuncuların minnətdarlığı daha böyük olacaq, çünki cəmi bir saatlıq əməyin qarşılığında aldıqları mükafat son dərəcə böyükdür. Səmavi Padşahlıq da beləcə sədaqətli zəhmət və etibar vasitəsilə əldə edilir. Tövbə edən quldur həyatı boyunca İsa ilə heç vaxt qarşılaşmamışdı. O, İsanı yalnız ömrünün son anında tanıdı, lakin imanı ilə Cənnətin qapısını özünə açdı və bir anda qatı günahkardan müqəddəsə aparan yolu keçdi. İsa çağıranda tərəddüd etmədən getmək lazımdır – günün hansı saatı olursa-olsun. Çünki bütün mükafat elə bu cavabın özündə gizlidir: «Bəli, ya Rəbb, gəlirəm»; «Padşahlığına gələndə məni yada sal».

18 avqust 2026, 13:32