2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 18 AVQUST. Adi Dövrün XX həftəsinin çərşənbə axşamı

“İsa Öz şagirdlərinə həyatın əsas qaydasını açıqlayır: “Siz əvvəlcə Allahın Padşahlığını axtarın” (Matta 6,33). Bu, İsanın Dağüstü Vəzdə bəyan etdiyi yolu həyata keçirmək, yəni heç vaxt məyus etməyən Allaha etibar etmək deməkdir. Hətta bir çox dostlarımız və ya dost hesab etdiyimiz insanlar bizi məyus etsələr belə, Allah bizi heç vaxt məyus etməz!” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ  Yez 28,1-10

Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, ancaq sən Allah deyil, insansan. Bax sən Danieldən daha müdriksən, heç kəs öz sirrini səndən gizlədə bilməz. Müdrikliyin və ağlınla özünə sərvət yığdın, xəzinələrinə qızıl-gümüş topladın. Ticarətdə çox bacarıqlı olduğun üçün öz sərvətini artırdın. Var-dövlətin çoxalanda özünə qürrələndin”. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın, Mən də yadelliləri, ən rəhmsiz millətləri üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə qılınc çəkib əzəmətini murdarlayacaq. Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda dəhşətli bir ölümlə məhv olacaqsan. Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində sən Allah deyil, insansan. Yadellilərin əlində sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir».

Təfsir

Yezekel peyğəmbərin kitabında bütpərəst xalqlara qarşı yönəlmiş peyğəmbərliklərə həsr olunan geniş bir bölmə var. Seçilmiş xalqın cəzalandırılacağını, daha sonra isə xilas ediləcəyini əvvəlcədən bildirən peyğəmbər, itaətsiz övladını islah etmək istəyən sevən ata kimi, Allahın adından digər xalqlara da müraciət edir. İsrailin şimalında onunla həmsərhəd olan Sur şəhərinə sadə, lakin sərt bir xəbərdarlıq ünvanlanır: onun hökmdarı öz qüdrətinin hüdudsuzluğu düşüncəsinə qapılıb, sadəcə fani bir insan olduğunu unudaraq istədiyi hər şeyi etməyə haqqı olduğunu düşünür. Bu, hakimiyyət sahiblərinin əzəli sınağıdır: güc onların əlində cəmləşdikcə özlərini tanrı hesab etməyə başlayırlar. Halbuki ali hakimiyyət son nəticədə yalnız göyləri və yeri yaradan, bütün mövcudatın Sahibi olan Allaha məxsusdur. Dünyəvi nemətlər insanlara verilib, lakin onlar yuxarıdan bəxş edilənlərin yalnız müdrik və təvazökar idarəçiləri olmalıdırlar. Əgər insan bu nemətlərdən yalnız öz mənafeyi və istəkləri naminə istədiyi kimi istifadə edə biləcəyini düşünərsə, onu qaçılmaz süqut gözləyir. Bu qayda hakimiyyətin hər bir formasına, hətta kiçik məsələlərdə daşıdığımız şəxsi məsuliyyətə də aiddir. Hakimiyyət həmişə xidmətdir, çünki o, insana başqalarının rifahı naminə verilir. Gəlin bu mühüm dərsi daim xatırlayaq.

İNCİL Matta 19,23-30

İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?»  İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür». Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.

Təfsir

Bugünkü İncil parçasında iki cür insan qarşımıza çıxır: hər şeyi özünə götürüb başqalarına heç nə verməyənlər və sahib olduqları hər şeyi yaxınları ilə bölüşənlər. Bəzi monastırlarda, xüsusilə xristian Şərqində, rahib vəfat etdikdən sonra qardaşlar onun hücrəsinə girib əşyalarını yığışdırırlar. Rahib sağ ikən heç kimin onun hücrəsinə daxil olmasına icazə verilmədiyi üçün orada nə ilə qarşılaşacaqlarını heç kim bilmir. Çox vaxt isə orada demək olar ki, heç nə tapılmır: sadə qatlanan çarpayı, balaca masa, köhnəlmiş paltarlar – vəssalam. Bu, həyatı boyu əlinə keçən hər şeyi başqalarına verən rahibin hücrəsidir. Bunun tam əksinə olaraq, bir neçə onillik bundan əvvəl tanınmış Asiya diktatorlarından birinin həyat yoldaşının dolablarında dörd minə yaxın cüt ayaqqabı aşkar edilmişdi. Bu ayaqqabılar onun zəngin Qərb ölkələrinə səfərləri zamanı dəbdəbəli mağazalardan alınmışdı. Lakin insan ölüb əbədiyyətə köçəndə bütün bu ayaqqabıları yer üzündə qoyub getməli olur. Yaxınımıza kömək etmək naminə özümüzü məhrum etdiyimiz şeyləri isə əbədiyyətdə yüzqat artıqlaması ilə yenidən əldə edəcəyik. Hansı tərəfdə olmaq istədiyimizi özümüz seçməliyik. İndi hər kəs deyəcək: «Rahibin tərəfində!» Əla, bu, tamamilə mümkündür. Amma unutmayın: ortada qalmaq olmaz. Çünki «həm sizinkilərə, həm bizimikilərə xidmət etmək» vərdişinin Səmavi Padşahlıqda heç bir yeri yoxdur.

17 avqust 2026, 21:09