Axtar

2020.08.29 Gesu e giovane ricco

Liturgiya oxunuşları: 17 AVQUST. Adi Dövrün XX həftəsinin bazar ertəsi

“İsa Allaha və insana olan həqiqi məhəbbətin vəhyidir: özünü bəxş edən, lakin sahib olmağa çalışmayan; bağışlayan, lakin əvəzində heç nə tələb etməyən; köməyə gələn və heç vaxt tərk etməyən. Dünyanın Xilaskarı İsanın nümunəsi ilə biz də, xüsusilə məyusluğa qapılanlara və imanını itirənlərə təsəlli və ümid bəxş etməyə çağırılmışıq” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ  Yez 24,15-24

Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə. İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə». Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz. Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.

Təfsir

Yerusəlim artıq tamamilə imansızlığa və şər əməllərə qərq olub: şəhər mühasirəyə alınacaq, dağıdılacaq, sakinləri isə yad diyarlara sürgün ediləcəklər. Bütün bunlar hələ qarşıda baş verməlidir. Ola bilsin, kimsə belə müqəddəs və əzəmətli bir şəhərin süqutunu mümkünsüz sayaraq buna inanmır. Lakin hər şey indi peyğəmbərin öz həyatında baş verdiyi kimi gerçəkləşəcək: o, bir anın içində özü üçün ən əziz olanı itirir. Dərin məhəbbət bəslədiyi həyat yoldaşı qəflətən vəfat edir və Yezekelə hər hansı yas mərasimi keçirmək qadağan olunur: bunun üçün sadəcə vaxt yoxdur. İsrail də eyni şəkildə çox qısa bir zamanda ən qiymətli xəzinəsindən  - məbəddən məhrum olacaq. Lakin xalqın nə bu itkini yas tutmağa, nə də tövbə etməyə vaxtı qalacaq, çünki insanlar zorla doğma torpaqlarından qoparılaraq uzaq diyarlara əsir aparılacaqlar. Bunlar son dərəcə kəskin və dərin rəmzi məna daşıyan hadisələrdir və bir daha Allahla İsrail arasındakı münasibətin nikaha bənzədiyini göstərir. Huşə peyğəmbərin kitabında qarşımızda xəyanətkar bir qadın obrazı vardı; burada isə sevilən, ideal bir həyat yoldaşı görürük və o, ölür. Bu, öz sədaqətsizliyi üzündən məzara enən bütün xalqın ölümünü ifadə edir. Sonralar xalq yenidən dirçələcək, lakin bunun üçün əvvəlcə uzun bir sürgün dövründən keçməsi lazım gələcək.

İNCİL Matta 19,16-22

Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”». Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm, daha nəyim çatışmır?» İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti çox idi.

Təfsir

Gənc hiss edir ki, onun həyatında nəsə çatışmır. O, Qanunun bütün tələblərini qüsursuz şəkildə yerinə yetirirdi və əgər qəlbində kamilliyə can atmaq, daha böyük bir şeyə qovuşmaq yanğısı olmasaydı, Müəllimə sual verməyə də gəlməzdi. Onun hər şeyi var idi, amma xoşbəxt deyildi. O anlayır ki, qaydaların quru şəkildə yerinə yetirilməsinin arxasında hansısa sirr gizlənməlidir: qəlbi isidən, insana ruh yüksəkliyi verən və həyatına məna bəxş edən daha böyük bir həqiqət. Bu məna formal göstərişlərdən deyil, sonsuzluqdan qaynaqlanır. Bu gəncin məhəbbətə ehtiyacı var. O, bundan daha azı ilə kifayətlənmək istəmir. İsa da ona sirri açır: məhəbbətə sərhəd qoymağa çalışan insan məhəbbətin nə olduğunu bilmir. Sərhədləri aşmaq – artıq məhdud və qeyri-kamil olan özün üçün deyil, Şəxsiyyət, Bağışlanma və Əbədi Həyat olan Allah üçün yaşamaq deməkdir. Və bu Allah indi onun qarşısında dayanıb; onunla danışan məhz Odur. Böyük qərardan cəmi bir addım uzaqda olan gənc birdən-birə müsbət və mənfi tərəfləri ölçüb-biçməyə, suallar verməyə, hesab aparmağa başlayır. Həlledici səhv də elə budur! Allah Özünü bəxş edərkən heç bir sərhəd tanımır və Onun təbiəti insan hesablamalarının bütün dar çərçivələrini aşır. Özünü bütünlüklə Məsihə etibar etmək üçün isə müqəddəs bir çılğınlığın cəsarəti və sonsuzluğa səmimi bir yanğı lazımdır.

17 avqust 2026, 12:14