Axtar

2023.08.18 Vangelo XX domenica Anno 'A' Gesù e la donna Cananèa

Liturgiya oxunuşları: 16 AVQUST. Adi Dövrün XX Rəbb günü

“Kənanlı qadın heç kimdən heç nə almaq istəmir: sadəliyinə və təvazökarlığına görə ona çox az şey kifayət edir - bir neçə qırıntı, Allah Oğlunun sadəcə bir baxışı, bir xoş sözü. İsa isə belə böyük iman qarşısında heyran qalaraq ona deyir: “Sənə istədiyin kimi olsun”. Əziz dostlar, biz də imanda böyüməyə, qəlbimizi açmağa və Allahın bəxşişini qəbul etməyə çağırılmışıq. İsa Öz şagirdlərini məhz bu yolla aparır” (XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Yeşaya 56,1.6-7

Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, salehliyim tezliklə aşkar olunacaq. Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq».

Təfsir

Xalq Babil əsarətindən qayıdıb yenidən İsraildə məskunlaşdı və həyat tədricən öz axarına düşməyə başladı. Lakin indi tamamilə yeni bir məqam meydana çıxır. Artıq yadellilər də Şənbə gününə və Qanunun digər hökmlərinə riayət etmək şərtilə məbədə daxil ola və Əhdin bir hissəsinə çevrilə bilərlər. Allah vəd edir ki, bu yadelliləri O, «sevindirəcək». Başqa bir yenilik isə məbədin artıq «dua evi» adlandırılmasıdır. Halbuki əsarətdən əvvəl məbəd haqqında təsəvvürdə onun heyvanların qurban gətirildiyi və müxtəlif dini ayinlərin icra olunduğu məkan olması daha çox ön plana çıxırdı. İndi isə yadellilər də məbədə gəlir və o, «bütün xalqlar üçün dua evi» adlandırılır. İsa da tacirləri məbəddən qovarkən bu fikri təkrar edəcək və xatırladacaq ki, Atasının Evi bazar meydanı deyil, dua yeridir. Allahın yadelliləri sevinclə doldurması birbaşa bizə də aiddir: biz cismani mənşəyimizə görə israilli deyilik, bütpərəst xalqlardan gəlmişik. Biz qədim İsrailin Qanununa deyil, dirilmiş Məsihin Bədəni olan Allahın Padşahlığına qəbul edilmişik. Əlbəttə, Müqəddəs Messanın və liturgiyanın qeyd olunması üçün məbədlərə ehtiyacımız var. Məbəddə dua edilməlidir. Orada bundan başqa hər şey yolverilməzdir.

İKİNCİ OXUNUŞ Rom 11,13-15.29-32

Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? Çünki Allahın ənamları və dəvəti geri alınmaz. Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.

Təfsir

Allah hər bir insanın xilasını istəyir və əlbəttə, Onun seçilmiş xalqı olan İsrailin övladlarının da İsada həqiqi Elçini, yeganə Məsihi, bizim uğrumuzda insan olmuş Allahın Özünü tanımalarını istəyir. Bu an mütləq gələcək: bu barədə əvvəlcədən xəbər verilib, Müqəddəs Yazı isə yalan söyləmir. Biz ümidlə o günü gözləyirik ki, yəhudi din müəllimləri və bütün İsrail xalqı İsanı Məsih kimi tanıyacaq. Bu hadisə bütün dünya üçün o qədər tarixi və həlledici əhəmiyyət daşıyacaq ki, özü ilə «ölülər arasından həyat» gətirəcək. Bəs bu qeyri-adi ifadə nə deməkdir? Şərhçilərin əksəriyyəti hesab edir ki, burada ümumi dirilmədən və Son Məhkəmədən söhbət gedir: İsrail İsanı Məsih kimi qəbul etdikdə bu dünyanın sonu gələcək. Digər şərhçilər isə bunun yer üzündə həyatın böyük yenilənməsini, Yeşaya peyğəmbərin öncədən xəbər verdiklərinin həyata keçməsini - bütün xalqların İsanı yeganə Rəbb kimi ümumdünya miqyasında və açıq şəkildə tanımasını ifadə etdiyini düşünürlər. Bu isə digər dinlər dövrünün başa çatması və dünyanın fiziki sonu gəlməzdən əvvəl İsanın yeganə Xilaskar, Kainatın Padşahı və Çobanı kimi hökmranlığının bərqərar olması deməkdir.

İNCİL Matta 15,21-28

İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.

Təfsir

Həyat Çörəyi hər kəs üçün nəzərdə tutulub: İsa əvvəlcə İsrail evinin həlak olmuş qoyunlarının yanına gəldi ki, daha sonra bütün bəşəriyyətin sərvətinə çevrilsin. Yadelli qadının imanı xilasa aparan yolu ilk dəfə açır; onun vəziyyətində bu xilas qızının iblisdən azad olunmasında özünü göstərir. Bu hadisə peyğəmbərcəsinə, mənşəyindən asılı olmayaraq, Məsihə iman edən bütün xalqların əbədi xilasını əvvəlcədən göstərir. Peter və digər həvarilər üçün bunu qəbul etmək asan deyildi. Çünki onlar özlərini İlahi lütfün müstəsna qoruyucuları hesab edir və bütpərəstlərin bu lütfdən kənarda qaldığını düşünürdülər. Lakin Məsihdə artıq nə bütpərəst, nə də yəhudi vardır və bugünkü İncil hadisəsi bu ümumbəşəriliyin ilk gözlə görünən təzahürüdür. Və vəhyin bu öncədən işarəsini biz sadə xalqdan olan cəsarətli bir anaya və onun imanına borcluyuq. Allahın Qulu don Divo Barsotti yazır: «Bütün bəşəriyyətin vəhdətinin başlanğıcı insana yad olmayan, əksinə, Özü İnsan və Məsih olmuş Allahdır. Dünya isə Məsihi yalnız Kilsə vasitəsilə tanıyır; Katolik Kilsəsi yalnız yer üzünün ayrı-ayrı xalqlarına və ya tarixin müəyyən dövrlərinə bağlanmadan bütün bəşəriyyəti əhatə etməyə çağırılıb. Onun müstəsnalığı məhz ümumbəşəriliyinin (katolikliyinin) həqiqiliyinin birbaşa sübutudur».

15 avqust 2026, 13:41