Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi Allahın Əqdəs Validəsinin Göylərə Götürülməsi  

Liturgiya oxunuşları: 15 AVQUST. Allahın Əqdəs Validəsinin Göylə

“Dirilmiş Məsihin bədəni və ruhu ilə birlikdə Öz izzətinə ucaltdığı Pak Məryəm tarixin yollarında zəvvarlıq edən övladları üçün ümid ikonası kimi parlayır. Dantenin “Cənnət” nəğməsindəki misraları necə xatırlamamaq olar? Müqəddəs Bernardın dilindən səslənən və “Bakirə Ana, Bakirə Ana, Öz Oğlunun Qız” (XXXIII, 1) sözləri ilə başlayan duada şair Məryəmi mədh edir, çünki burada, biz fanilər arasında O, “canlı ümidin çeşməsidir” (Papa XIV Leo).

Bu gün böyük sevinc günüdür: Məryəm Göylərə Götürülməsi ilə bizə səmanın həqiqi vətənimiz olduğunu söyləyir. Orada ölülər arasından dirilənlərin ilki olan dirilmiş Məsih bizi gözləyir. İmanımızın təməli məhz budur. Məryəmin Göylərə Götürülməsi bizə anlatır ki, Məryəmin həyatı kimi, bizim həyatımız da ölüm üçün deyil, Dirilmiş Olan üçün bizə bəxş edilib. İsa məhz bunun üçün aramıza gəldi, öldü və dirildi. Bu həqiqətə iman gündəlik həyatın çətinlikləri içində və ölüm qorxusu qarşısında bizə böyük ümid bəxş edir. Papa XIV Leo vurğulayır: «Nazaretli Məryəmdə bizim öz tariximiz -bütün bəşəriyyətin taleyinə daxil olmuş Kilsənin tarixi əks olunur. Həyatın Allahı, azadlığın Allahı insan bədəninə büründü və ölümə qalib gəldi. Bəli, bu gün Allahın ölümə necə qalib gəldiyini seyr edirik və O, bu qələbəni bizimlə bölüşür. Padşahlıq Ona məxsusdur, lakin hər şeyi dəyişdirməyə qadir olan məhəbbətinə “bəli” demək bizdən asılıdır. Çarmıxda İsa könüllü olaraq ölümü hakimiyyətdən məhrum edəcək həmin “bəli”ni söylədi. O hakimiyyətdən ki,  əllərimiz çarmıxa çəkiləndə, qəlblərimiz isə qorxu və etimadsızlığın əsarətində qalanda həmin  hakimiyyət hələ də özünü göstərir. Çarmıxda etimad qalib gəldi; hələ mövcud olmayanı görə bilən məhəbbət qalib gəldi; bağışlanma qalib gəldi. Məryəm də orada idi: O, Oğlu ilə vəhdətdə, Onun yanında dayanmışdı. Bu gün biz hiss edə bilərik ki, qaçmadığımız zaman Məryəm bizik; Məsihin “bəli”sinə öz “bəli”mizlə cavab verdiyimiz zaman Məryəm bizik. Dövrümüzün şəhidləri, iman və ədalətə, həlimlik və sülhə şəhadət verən insanlar vasitəsilə bu “bəli” bu gün də yaşayır və yenidən ölümə qarşı durur. Buna görə də bu sevinc günü bizi necə və kimin üçün yaşayacağımızı seçməyə çağırır».

BİRİNCİ OXUNUŞ Vəhy 11,19a; 12,1.3-6a.10ab

Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü. Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. Qadınsa çölə qaçdı. Mən göydə uca bir səsin belə dediyini eşitdim: indi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi.

Təfsir

Ruhani müəlliflər və Bibliyanın ən görkəmli şərhçiləri bu fikirdə həmrəydirlər ki, günəşə bürünmüş Qadın həm Kilsəni, həm də Bakirə Məryəmi simvolizə edir. Kilsə bizə Məsihi Yevxaristiyada bəxş edir və şər qüvvələrinə, yəni qırmızı əjdahaya qarşı mənəvi mübarizə aparmaq üçün səhraya çəkilir. Eyni zamanda bu Qadın Allahın Validəsinin də tam mənada obrazıdır: çünki O, Rəbbi həqiqətən dünyaya gətirib və bununla yanaşı, qaranlıq qüvvələrə qarşı amansız mübarizəmizdə bizə dayaq olmaq üçün bu dünyanın səhrasında bizimlə qalır. Vəhy Kitabındakı bu görüntü qucağında körpə tutan ananın bizə tanış olan həlim obrazından çox uzaqdır. Burada Qadın oda, günəşə bürünüb, doğuş sancıları içində fəryad edir. Halbuki biz bilirik ki, İsanın dünyaya gəlişi ağrısız olub, çünki Müqəddəs Məryəmin Məsihi dünyaya gətirməsi adi insan doğuşundan fərqli idi. Uşağı dünyaya gətirdikdən dərhal sonra isə Qadın səhraya, sərt və yaşamaq üçün əlverişsiz bir yerə qaçır. Bu, Mübariz Müqəddəs Məryəmin obrazıdır. Sınaq anlarında bizim məhz belə bir Məryəm obrazına ehtiyacımız var: əjdahanı sentimental nəvazişlə deyil, Allahın Əqdəs Validəsi Məryəmin qüdrətli şəfaəti  ilə məğlub etmək lazımdır.

İKİNCİ OXUNUŞ 1 Kor 15,20-26

Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. Aradan götürüləcək son düşmən isə ölümdür.

Təfsir

Korinfli imanlılara Birinci Məktubun məşhur 15-ci fəslində Müqəddəs Paul ölüm və bu dünyadan köçdükdən sonra bizi nələrin gözlədiyi haqqında düşünür. Bugünkü parçadan ölüm «düşmən» adlandırılır. Çünki ölüm günahın nəticəsidir, günahdan doğan hər şey isə bizə qarşı çıxır. Lakin bizə xəbər verilir ki, ölüm «məhv ediləcək», yəni tamamilə aradan qaldırılacaq. Ondan yalnız bir növ «zahiri qabıq» - mövcudluğuna son qoyaraq torpaqda bioloji elementlərə parçalanacaq bədən qalacaq. Əsl ölüm isə - insanın öz «mən»inin Allahdan qəti şəkildə ayrılması - artıq yoxdur, çünki dirilmiş Məsihdə yalnız həyat var. Əgər biz Məsihə məxsusuqsa, artıq indidən Onun dirilməsinə şərik oluruq. Buna görə də bioloji ölüm bizi qorxutmamalıdır; qorxmalı olduğumuz şey ruhun ölümüdür, çünki onun nəticəsi geri dönməzdir. Bakirə Məryəm bu böyük qələbənin nişanəsini bizə göstərir: Onun Göylərə Götürülməsi haqqında doqma Allah tərəfindən xilas edilənlərin də eyni aqibətə qovuşacağına təminat verir. Onlar izzətlənmiş bədəndə Cənnətdə yaşayacaqlar.

İNCİL Luka 1,39-56

O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!» Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir! Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü, ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökmdarları taxtlarından endirdi, məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola saldı. Rəbb qulu İsrailin imdadına çatdı, ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik mərhəmət göstərməyi yada saldı». Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.

Təfsir

Məryəm sonradan liturgiyaya Magnificat - Məryəmin Mədh İlahisi adı ilə daxil olmuş bu nəğməni sevinc içində söyləyərkən, yer üzündəki həyatının sonunun digər insanlarınkından fərqli olacağını və Onun Göylərə götürüləcəyini hələ bilmirdi. Lakin bu ilahidə O bəyan edir ki, bundan sonra bütün nəsillər Onu bəxtiyar sayacaqlar. Bu sözlərdə artıq gələcəkdə baş verəcək həmin böyük hadisənin öncədən işarəsini görmək mümkündür. Məryəm bəxtiyardır, çünki Allahın Anası olub.  Bu, bənzəri olmayan və insan ağlının təsəvvür edə bilməyəcəyi bir hadisədir. Lakin O həm də ona görə bəxtiyardır ki, bədəni çürüməyə məruz qalmadı. Ölümün bədəni dağıtmasını dadmamaq necə də böyük bir bəxtiyarlıqdır! Adəm və Həvva da günah etməsəydilər, onların aqibəti belə olmalı idi. «Qadir Olan mənim üçün böyük işlər etdi». Bu sözləri də Müqəddəs Məryəmin Göylərə Götürülməsi sirrinin işığında oxumaq olar. Müqəddəs Kilsə bizə hər gün Axşam Duası zamanı bu ilahi ilə dua etməyi tövsiyə edir ki, Allahın Əqdəs Validəsinin yanımızda olduğunu daim xatırlayaq. Biz Onun sevincini təkrar yaşayır, ölüm üzərində qələbəsini tərənnüm edir və bəxtiyarlıq ilahisini oxuyuruq. Əgər qəlbimizi dərin kədər və ya ölüm qorxusu bürüyərsə, Axşam Duasında bu ilahiyə üz tutaq və Allah üçün əbədi olaraq diri qalan Məryəmdən heç vaxt uzaqlaşmayaq.

14 avqust 2026, 19:48