Axtar

Müq. Maksimilian Kolbe, keşiş və şəhid Müq. Maksimilian Kolbe, keşiş və şəhid 

Liturgiya oxunuşları: 14 AVQUST. Müq. Maksimilian Maria Kolbe

“Yaradanın ilkin niyyətində qadınla evlənib, işlər istədiyi kimi getmədikdə onu rədd edə biləcək kişi anlayışı yox idi. Xeyr: kişi və qadın nikahda bir-birini tanımağa, bir-birini tamamlamağa və bir-birinə yardım etməyə çağırılıblar. İsanın bu aydın təlimi nikahın sədaqəti nəzərdə tutan məhəbbət ittifaqı kimi ləyaqətini qoruyur. Ər-arvadın nikahda birliyini qoruyub saxlamasına imkan verən isə Məsihin lütfü ilə qüvvətlənən qarşılıqlı fədakar məhəbbətdir” (Papa Fransisk).

Müqəddəs Maksimilian Mariya Kolbe Auşvitsdə başqa bir məhbusun əvəzinə könüllü olaraq ölümü seçib öz həyatını qurban verməsi ilə tanınır. Onun bu əzablara necə dözməsi insanı heyrətləndirir: yeraltı bunkerdə həbsdə saxlanıldığı zaman belə o, ilahilər oxuyur, Rəbbi mədh edir və dərin daxili sülhünü qoruyurdu. Əlbəttə, bu sülh onun öz səylərinin nəticəsi deyil, Allahın bəxş etdiyi bir hədiyyə idi. Bu müqəddəs ölüm onun dərin və bəhrəli iman yolunun zirvəsi oldu. Maksimilian Kolbe 1894-cü il yanvarın 8-də Polşada dünyaya gəlib və vəftiz zamanı Raymund adını alıb. Erkən yaşlarından Rəbbin ardınca getmək yolunu seçərək 13 yaşında Konventual Kiçik Qardaşlar Ordeninə daxil olub, 1918-ci il aprelin 28-də isə keşiş təyin edilib. O, Müqəddəs Məryəmə dərin sədaqət bəsləyirdi və məhz bu sədaqət onu «Pak Məryəmin Cəngavərliyi» hərəkatını yaratmağa sövq etdi. 1930-cu ildə missioner kimi Şərq ölkələrinə yollandı, Hindistan, Yaponiya və Latviyada oldu. Səhhətində yaranmış ciddi problemlər səbəbindən Polşaya qayıtdıqdan sonra özünü nəşriyyat fəaliyyətinə həsr etdi. Allahın Validəsinə məhəbbəti yaymaq üçün mətbuatdan və radiodan istifadə edirdi. 1939-cu ildə müjdələmə fəaliyyəti səbəbindən nasist polisi tərəfindən həbs edilərək konsentrasiya düşərgəsinə göndərildi. Azadlığa çıxdıqdan sonra qaçqınlara, xüsusilə yəhudilərə yardım etməyə başladı. 1941-ci il fevralın 17-də yenidən həbs olundu. Bu dəfə onu Auşvits konsentrasiya düşərgəsinə göndərdilər. Burada ən ağır və alçaldıcı işləri, o cümlədən ölən məhbusların cəsədlərini daşımaq məcburiyyətində qalırdı. Onu dəfələrlə döyürdülər, lakin o, heç vaxt daxili sakitliyini itirmir və başqalarına təsəlli və dayaq olmaqdan vaz keçmirdi. Bəzən Allahın hüzuru hətta bu yer üzündəki cəhənnəmdə də mövcud olsun deyə gizlicə Müqəddəs Messanı qeyd edirdi. Bir gün məhbuslardan biri düşərgədən qaçmağa müvəffəq oldu. Buna cavab olaraq nasistlər on nəfəri seçərək yeraltı bunkerdə aclıqdan ölümə məhkum etdilər. Bu, digərlərinə «dərs» olmalı idi. Ölümə məhkum edilənlərdən biri- Frantişek Qayovniçek - göz yaşlarına boğuldu. Evdə onu ailəsi gözləyirdi: bəs onun həyat yoldaşının və üç övladının qayğısına kim qalacaqdı? Ata Kolbe mərhəmətdən hərəkətə gələrək onun yerini tutmaq üçün könüllü olaraq irəli çıxdı. Onu bunkerə saldılar. Orada ata Maksimilian məhbusların hər birini xristian kimi əbədiyyətə yola salırdı. İki həftə yeməksiz və susuz qaldıqdan sonra o və daha dörd məhkum hələ də sağ idilər; dua etməyə və Məryəmin şərəfinə ilahilər oxumağa davam edirdilər. Keşişin nur saçan çöhrəsi SS əsgərlərini heyrətə gətirmişdi: onun sirri nə idi? 1941-ci il avqustun 14-də Kolbe və onunla birlikdə qalan məhbuslar ölümcül inyeksiya ilə öldürüldülər. Sağ qalan və ailəsinin yanına qayıdan Qayovniçekin şəhadətinə görə, ata Maksimilian ona ölümcül iynəni vuran Hans Boka belə demişdi: «Siz həyatda heç nə anlamamısınız... Nifrətlə heç nəyə nail olmaq olmaz... Yaradan və quran yalnız məhəbbətdir!»

BİRİNCİ OXUNUŞ  Yez 16,1-15.60.63

Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,  Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli. Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin. Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın. Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim. Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin. Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun. Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim. Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm. Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım. Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. “Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin. Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam. Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».

Təfsir

Bu, Yezekel peyğəmbərin kitabındakı ən sərt mətnlərdən biridir. İsrail doğulduğu anda çöllüyə atılmış və orada böyüməyə tərk edilmiş bir qıza bənzədilir. Sonra o, gənclik çağına çatdıqda Rəbb onun gözəlliyinə yaraşacaq şəkildə onu ən gözəl zinətlərlə bəzəyir. Bu obraz İsrailin digər xalqlar arasından xüsusi şəkildə seçilməsini və ona üstünlük verilməsini ifadə edir. Allahın lütfü sayəsində İsrail adlı bu qız hamıdan gözəl olur və böyük bir missiya üçün hazırlanır. Lakin bir gün güzgüdə özünə baxan gənc qadın sanki başını itirir: qürurlanır, gözəlliyinin öz məziyyətlərindən qaynaqlandığına inanmağa başlayır, Allahdan uzaqlaşır, natəmizlik və zina günahına düşür. Bu isə məcazi mənada yad məbudları qəbul etməyi, Allahın Qanununu və Onunla bağlanmış əhdi unutmağı ifadə edir. Bütün bunlara baxmayaraq, Allah yeni bir əhd və yeni bir qanun – Öz qanı ilə möhürlənmiş və əbədi olan Məsihin qanununu vəd edir. Bu mətn hər birimizin həyatına da çox gözəl şəkildə tətbiq oluna bilər: Müqəddəs Yevxaristiyada biz də həmin qız kimi Məsihin xidmətləri sayəsində «gözəlləşirik». Lakin bu bizə özümüzü ucaltmaq üçün deyil, özümüzü başqalarına bəxş etmək üçün verilir.

İNCİL Matta 19,3-12

Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?» İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir». Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər. Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin»

Təfsir

Nikah pozulmazdır, çünki iki nəfər «bir bədən» olduqda əvvəlki vəziyyətə qayıtmaq artıq mümkün deyil. Bu birlik bölünməzdir, çünki ona Allah Özü daxil olur və kişi ilə qadını bir-birinə bağlayan «bağ» Müqəddəs Ruh olur. Bu, stəkana yarı su, yarı şərab tökməyə bənzəyir: onlar bir dəfə qarışdıqdan sonra artıq həmin qarışığı yenidən əvvəlki suya və şəraba ayırmaq mümkün deyil. Beləliklə, xristian nikahı özlüyündə insanı müqəddəsləşdirən bir qüvvə daşıyır: nikahı imanla yaşamaq müqəddəsliyə aparan yoldur, çünki onun daxilində Müqəddəs Ruh fəaliyyət göstərir. İsa sözlərinin sonunda isə yeni bir məqama toxunur: elə insanlar var ki, özlərinə həyat yoldaşı tapa bilmədikləri üçün deyil, öz «yarlarını» dirilmiş Məsihdə tapdıqları üçün nikaha daxil olmurlar. Özünü bəkarət həyatına həsr edən insan da, keşiş kimi, sadəcə evlənməmiş bir şəxs deyil: o, yer üzündəki bu sirli həyat tərzi ilə əbədiyyətdə Cənnətdəki bütün ruhların qisməti olacaq halı əvvəlcədən göstərir. Göylərdəki müqəddəslər Rəbbə o qədər dərindən qovuşublar ki, sanki Onunla «nikahda» yaşayır, Onunla bir bədən təşkil edir və bütünlüklə Ona məxsus olurlar. Həqiqətən də, İncilin başqa bir yerində İsa Cənnətdə insanların nə evləndiyini, nə də ərə getdiyini söyləyir (Luka 20,35), çünki ruhlar artıq Onunla birləşiblər! Burada, yer üzündə isə özlərini Allaha həsr edərək bəkarət içində yaşayanlar hamımızı gözləyən həmin son və əbədi halın canlı nişanəsinə çevrilirlər.

14 avqust 2026, 06:39