Liturgiya oxunuşları: 13 AVQUST. Adi Dövrün XIX həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Yez 12,1-12
Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır. Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər. Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx. Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart. Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm». Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım. Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi? Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”. Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər. Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin.
Təfsir
Əgər xalq sədaqətini qorumaq istəmirsə, əhdin yenidən nəzərdən keçirilməsi ədalətlidir. Bəs Allaha necə qayıtmaq olar? Paradoksal görünsə də, bəzən bunun üçün Ondan uzaqda olmaq lazımdır. Sürgündə yaşayan insan üçün vətən həsrəti təbiidir. Rəbb də xalqın öz evinə qayıtmaq arzusunu oyatmaq üçün bu yola əl atmalı olur. Çünki öz yurduna qayıtmaq eyni zamanda öz ənənələrinə və Allahla bağlanmış əhdə sədaqətə qayıtmaq deməkdir. Divarda açılmış yarıq obrazı isə bundan da təsirlidir: insanlar şəhərdən hətta əsas darvazalar vasitəsilə deyil, müdafiə divarında açılmış yarıqdan çıxacaqlar. Bir zamanlar onları qoruyan divar xarabalığa çevriləcək. Həqiqətən də belə olacaq: divar dağıdılacaq, xalq əsarətə düşəcək və uzaq yad ellərdə yenidən dua etməyə, ilahilər oxumağa, xəyal qurmağa və geri qayıtmağa can atmağa başlayacaq. Məhz bu qayıdış onların həqiqi tövbəsinə və Allaha dönüşünə çevriləcək. Tarixdən bilirik ki, əsarətdən sonrakı dövr heç də ideal olmayıb. Lakin indi bir həqiqət üzərində dayanaq: insan bəzən yalnız yad diyarda olarkən doğma evinə qayıtmağa nə qədər ehtiyac duyduğunu bütün dərinliyi ilə anlayır. Bu mətn bizə həqiqi məqsədimiz olan səmavi həyatı da xatırladır. Biz ona doğru irəliləyir və onu titrək ümidlə gözləyirik; necə ki, sürgündə yaşayan insanlar doğma torpaqlarına qayıdacaqları günün həsrətini çəkirlər.
İNCİL Matta 18,35-19,1
O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı. Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər. Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər». İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi.
Təfsir
Həmin gün Rəbb bu məsəli Kilsənin başçısı Peterə danışdı. Çünki sualı verən məhz o idi. Kilsənin ali rəhbəri kimi Peter mərhəmətli olmağı, hər kəsi qəbul etməyi və fariseylər kimi sərt davranmamağı öyrənməli idi. Axı Məsihin təliminin əsasında bağışlanma diləyən hər kəsi əfv edən məhəbbət dayanır. On min talant borcu olan həmin insan elə Peterin özüdür. O, bunu hələ bilmir, lakin İsa bilirdi ki, çox keçmədən həvari Onu inkar edəcək. İsadan bu qədər çox şey alan, Onunla birlikdə yaşayan, Surətinin Dəyişilməsini görən, On İki həvarinin başçısı seçilən Peter öz acı yıxılışından sonra tam bağışlanma əldə edir. Buna görə də əgər Peter ona yüz dinar borcu olan bir insanla qarşılaşarsa, mərhəmətə bürünərək onu dərhal bağışlamalıdır. Beləliklə, «qaya» bağışlanmadır; Kilsənin üzərində qurulduğu təməl günahların əfv edilməsidir. Çünki İsa Allahın Padşahlığının qapılarını üzümüzə açmaq üçün çarmıxda öldü. Kilsə dünyada məhz bu Bağışlanmanı aşkar etmək üçün mövcuddur. Sakramentlər bunun üçündür, müjdələmə də bunun üçündür: Məsihin çarmıxını dünyanın hər yerində ucaltmaq və hamı üçün həyata keçirilmiş qurtuluş əməlini aşkar şəkildə bəyan etmək.