Liturgiya oxunuşları: 12 AVQUST. Adi Dövrün XIX həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Yez 9,1-7;10,18-22
Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim. Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı. İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy». Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı. Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı. Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi. Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi.
Təfsir
Yezekel peyğəmbərin kitabından bu parça insanı heyrətləndirir: Allah Öz məbədini tərk edir! Məbəd təqdis edilərkən hamı Allahın buludunun – Onun izzətinin – enərək orada qərar tutduğunu görmüşdü (1 Pad 8, 10). İndi isə Rəbb məbədi tərk edir. Bunun səbəbi bugünkü oxunuşa daxil edilməyən, lakin onun ardınca gələn ayədə açıqlanır: «İsrail və Yəhuda nəslinin təqsiri həddindən artıq böyükdür» (Yez 9, 9). Deməli, Allah şüurlu və inadkar günahın hökm sürdüyü yerdə qala bilməz. O, Özünü qalmağa məcbur etmir, çünki məhəbbət münasibətlərin və dostluğun qorunması üçün qarşı tərəfdən də xoş niyyət tələb edir. Yezekelin təsvir etdiyi allahsızların məhvi onların öz seçimlərinin nəticəsindən başqa bir şey deyil. Alınlarına «tau» işarəsi qoyulmuş günahsızlar isə sağ qalırlar. Bu təlim bu gün də necə aktual səslənir! Faciə və ya cinayət baş verdikdən sonra tez-tez belə bir sual eşidirik: «Bəs Allah haradadır? O, harada idi?» O, bizim Ona verdiyimiz yerdə idi. Əgər biz Onu məktəblərimizdən, iş yerlərimizdən, evlərimizdən, ictimai həyatımızdan və söhbətlərimizdən uzaqlaşdırırıqsa, O sadəcə geri çəkilir. Onu yenidən dərhal bizə yaxınlaşdıran isə yalnız səmimi tövbə, peşman və təvazökar qəlb, paklıq və xoş niyyətdir.
İNCİL Matta 18,15-20
Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et. Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
Təfsir
İki və ya üç nəfər İsanın adı ilə bir yerə toplaşarsa, O da onların arasındadır. Dirilmiş Məsihin hüzuru insanlar arasında dərhal birlik yaradır. O, onların dualarını məmnuniyyətlə dinləyir və diləklərini yerinə yetirir, çünki onlar Məsihlə birlikdə vahid bir Bədən təşkil edirlər. Əgər aralarında düşmənçilik və ixtilaf varsa, bunlara son qoyulmalıdır. Çünki Allah bilərəkdən münaqişəni davam etdirən, bir-birini görmək istəməyən, yaxınlarına dözə bilməyən, ayrı-ayrı qruplaşmalar yaradaraq parçalanmaya səbəb olan və dedi-qodularla bu qarşıdurmanı daha da alovlandıran insanların arasında məskən sala bilməz. Bizim vəzifəmiz düşmənçiliyin sona çatmasına çalışmaq və buna səbəb olanları barışığa çağırmaqdır. Bu isə heç də asan vəzifə deyil! Çox güman ki, bizi rədd edəcək və İncilin sözlərini xatırladacaqlar: «Əvvəl öz gözündəki tiri gör, sonra mənim gözümdəki çöpü çıxarmağa çalış!» (müq. et. Matta 7, 3-5). Belə halda cavab vermək olar ki, həmin İncil parçasında İsa insanı əvvəlcə öz gözündəki tiri çıxarmağa məhz ona görə çağırır ki, bundan sonra qardaşının gözündəki çöpü necə çıxarmağı daha aydın görə bilsin. Deməli, çöpü yenə də çıxarmaq lazımdır. Və yalnız gözlərimizdəki tirlərdən və çöplərdən azad olduqdan sonra bərpa edilmiş birliyin sevincində bir-birimizi sevərək Rəbbə dua edə və pak qəlblə, yekdilliklə Ondan dilədiklərimizi ala bilərik.