Liturgiya oxunuşları: 11 AVQUST. Müq. Klara, bakirə
Assizili Fransisk İncil yoxsulluğu yolunu seçdiyi ildə Klaranın cəmi 12 yaşı var idi. Yeddi il sonra, Palma Rəbb gününün axşamı o, gizlicə ata evini tərk edərək Portsionkulaya yollandı. Orada Fransisk öz rahib qardaşları ilə birlikdə onu gözləyirdi. «Klara, sən nə istəyirsən?» – deyə Fransisk ondan soruşdu. «Allahı», – Klara tərəddüd etmədən cavab verdi. O zaman Fransisk onun Allaha məxsusluğunun əlaməti olaraq saçlarını kəsdi. Klara ipək libaslarını çıxarıb qaba yundan hazırlanmış sərt rahib geyimini əyninə keçirdi və əbədi olaraq Məsihin gəlini oldu. Klara 1194-cü il iyulun 16-da Assizidə zadəgan və varlı Offreduççi ailəsində dünyaya gəlmişdi. Onu zorla evə qaytarmağa çalışan qohumlarından qorunmaq üçün iki benediktin qadın monastırında sığınacaq axtarmağa məcbur oldu. Nəhayət, San-Damiano monastırında məskunlaşdı. Tezliklə başqa qadınlar, o cümlədən bacısı və anası da ona qoşuldular. Beləcə, sonralar “klarissalar” adlandırılacaq rahibə ordeninin əsası qoyuldu. Fransisk özünün «yoxsul xanımlar» adlandırdığı bu qadınların son dərəcə yoxsul həyat sürərkən ən zəruri ehtiyaclarından məhrum qalmamalarına şəxsən qayğı göstərirdi. Fransiskin nümunəsini izləmək üçün Klara və onun bacıları mütləq yoxsulluq içində yaşamaq «imtiyazını» əldə etdilər. Bu imtiyaz 1253-cü ildə Papa IV İnnokentinin təntənəli bullası ilə rəsmən təsdiq olundu. Lakin onların həyatı nə qədər sərt zahidliklə səciyyələnsə də, Klara Praqalı Aqnesə yazdığı məktubunda belə deyirdi: «Bədənimiz tuncdan, gücümüz isə qranitdən deyil... Buna görə Rəbb naminə səndən xahiş və rica edirəm: eşitdiyimə görə başladığın həddindən artıq ağır və gücünü aşan zahidlikdə müdrik ölçünü qoru».Monastır həyatının mərkəzində Yevxaristiya dayanırdı. İki dəfə Assizi imperator II Fridrixin ordusu tərəfindən talan edilmək təhlükəsi ilə üzləşmişdi; onun qoşununda sarasinlər də var idi. Həmin vaxt xəstə olan Klaranı əlində Əqdəs Ənamların olduğu monstransiya ilə monastırın divarları önünə gətirdilər. Bunu görən qoşun geri çəkildi. Klara 1253-cü il avqustun 11-də özünün qələmə aldığı Orden Nizamnaməsini sinəsinə sıxaraq vəfat etdi. Onun kanonizasiyası (müqəddəs elan edilməsi) haqqında bullada deyilir: «Bu çırağın nuru necə də parlaq, bu işıq mənbəyinin şəfəqi necə də güclüdür!.. Klara özünü gizlətdi, lakin onun həyatı hamıya aşkar oldu. Klara susurdu, lakin onun şöhrəti bütün dünyaya uca səslə car çəkirdi».
BİRİNCİ OXUNUŞ Yez 2,8-3,4
Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye». Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var. O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı. O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə». Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi. Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu. O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə.
Təfsir
Yediyimiz qida orqanizmimiz tərəfindən mənimsənilir və «bədənimizin bir hissəsinə» çevrilir: qida dəyişərək bizə qarışır və biz məhz onun sayəsində yaşayırıq. Kağız tumarını yemək rəmzi mənada onun üzərində yazılmış sözləri öz daxilimizə o qədər dərindən qəbul etmək deməkdir ki, həmin sözlər artıq bizim öz həyatımıza çevrilir, biz onlarla bütövlüklə eyniləşirik. Sanki bir şəhadər veririk: bu sözlər olmadan artıq yaşamaq mümkün deyil. Fani bədənimiz məzara endikdə artıq maddi qida ilə bəslənməyəcəyik. Lakin ruhumuz Allahın Kəlamı ilə qidalanmayıbsa, onu öz həyatına çevirməyibsə, əbədi məhv olmaq təhlükəsi ilə üz-üzə qala bilərik. Beləliklə, Allahın Kəlamını dadan peyğəmbər özü də canlı sözə, bir növ canlı Müqəddəs Kitaba çevrilir. Bu həqiqət bu gün də öz aktuallığını qoruyur. Biz Allahın Kəlamını oxuduqda və ya Müqəddəs Messada onu dinləyib mənimsədikdə, Kəlam bizim öz həyatımıza çevrilir. Biz onun şirinliyini dadır, eyni zamanda yalnız görüntülərlə yaşayan dünyanın acılığını və vahiməli boşluğunu hiss edirik. Beləcə, oxuduğumuz və ya eşitdiyimiz həmin Kəlam artıq yalnız qarşımızda duran bir mətn olaraq qalmır: o, daxilimizdə yaşayır və biz özümüz həmin Kəlamın canlı ifadəsinə çevrilirik.
İNCİL Matta 18,1-5.10.12-14
Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?» İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür. Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi? Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər. Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
Təfsir
Bugünkü İncildə bir-birindən fərqli iki nəsihət yer alır. Birinci nəsihətdə İsa həqiqi böyüklük haqqında təsəvvürümüzü tamamilə dəyişir. Biz məsul vəzifələrdə, adətən, mühüm mövqe tutan və səriştəli insanları görməyə alışmışıq. Onları hakimiyyət sahibləri hesab edirik, halbuki mənəvi baxımdan onların həyatı heç də həmişə nümunəvi olmaya bilər. Allahın Padşahlığında isə həqiqi böyüklük hər şeyə ehtiyac duyan, etibar edən, atasının köməyini qəbul edən və özünün xəyali üstünlükləri ilə öyünməyən uşağın zəifliyində təzahür edir. İkinci nəsihətdə yolunu azmış qoyunu tərk etməyən çobanın qayğısını görürük. Düşünə bilərik: qalan doxsan doqquz qoyun yanımızdadırsa, nə üçün risk edib uzaqlara gedərək bircə qoyunu axtarmaq lazımdır? Lakin çoban onu tapana qədər axtarmağa davam edir. Bu iki nəsihəti bir-birinə bağlayan məqam itmiş qoyun haqqında məsəlin son sözləridir: «Göylərdəki Atanız bu kiçiklərdən birinin belə həlak olmasını istəmir». Uşaq mahiyyət etibarilə kiçik və zəifdir. İtmiş qoyun isə bütün sürü ilə müqayisədə cəmi bir qoyundur. Lakin Allahın qarşısında heç kim əhəmiyyətsiz deyil: çobana əmanət edilmiş hər kəs eyni dərəcədə dəyərlidir. İncil bizə öyrədir ki, başqa insanlar bizə nə qədər zəif və əhəmiyyətsiz görünsələr də, onların hər birində insan şəxsiyyətinin mütləq ləyaqətini görmək və ona hörmət etmək lazımdır.