Axtar

Müq. Lavrentiy, diakon və şəhid Müq. Lavrentiy, diakon və şəhid 

Liturgiya oxunuşları: 10 AVQUST. Müq. Lavrentiy, diakon

“İsa - Allahdan gələn buğda dənəsidir. O, yerə düşür, ölümlə əzilir, parçalanır. Məhz bunun sayəsində O açılır və dünyanın ucsuz-bucaqsız genişliklərində bəhrə verə bilir.” (Papa XVI Benedikt).

Lavrentiy əslən İspaniyadan idi. Onu Romaya Papa II Sikst çağırmış və daha sonra arxidiakon təyin etmişdi. Lavrentinin vəzifəsi şəhərin müxtəlif bölgələrində keşişlərə həvari fəaliyyəti və mərhəmət işlərində kömək edən xidmətçilərə rəhbərlik etmək, Yevxaristiyanı möminlərə çatdırmaq və yoxsullara sədəqə paylamaq idi. İmperator Valerianın təqibləri zamanı Papa II Siksti şəhid edilməyə apararkən Lavrentiy onun ardınca getmək istəyirdi. Lakin Sikst onu özü ilə getməyə deyil, fəzilətdə öz nümunəsini izləməyə çağırdı və icmanın əmlakını yoxsullara paylamağı ona tapşırdı. Çox keçmədən Lavrentiy özü də təqiblərin qurbanı oldu. Kilsənin sərvətlərinin arxidiakonun himayəsində olduğunu bilən prefekt onları təhvil verməyi əmr etdi. Həbs olunmasına qədər qalan dörd gün ərzində Lavrentiy hər şeyi satmağa və əldə olunan vəsaiti şəhərin yoxsul sakinlərinə paylamağa macal tapdı. Hakim ondan Kilsənin xəzinəsinin harada gizlədildiyini soruşduqda Lavrentiy təmkinini pozmadı. O, hakimi özü ilə gəlməyə dəvət etdi və ona, Müqəddəs Böyük Leo Papanın yazdığı kimi, “yeməyi və geyimi üçün bu əbədi sərvətləri sərf etdiyi çox böyük bir mömin yoxsullar izdihamını göstərdi; bu sərvətlər nə qədər müqəddəs məqsəd üçün sərf edilmişdisə, bir o qədər etibarlı şəkildə qorunmuşdu”. Lavrentiy yoxsulları göstərərək dedi: “Budur Kilsənin xəzinələri - tükənməyən, daim bəhrə verən və hər yerdə tapa biləcəyin xəzinələr”. Lavrentiy dərhal ölümə məhkum edildi. Onu amansız və əzablı işgəncələrə məruz qoydular. Nəhayət, hakim son dərəcə qəddar bir üsula əl ataraq onun közərmiş dəmir barmaqlıq üzərinə uzadılmasını əmr etdi. Lakin Müqəddəs Böyük Leonun sözləri ilə desək, “alov Məsihə olan məhəbbətə qalib gələ bilmədi; onun bədənini çöldən yandıran od daxilində yanan oddan daha zəif idi”. Bu, 258-ci il avqustun 10-da baş verdi

BİRİNCİ OXUNUŞ   2 Kor 9,6-10

Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, salehliyi əbədi qalar». Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq.

Təfsir

Müqəddəs Lavrentinin şəhidliyinin xatirəsi günündə Kilsə birinci oxunuş kimi Müqəddəs Paulun Korinf icmasının məsihçilərini səxavətli olmağa və ağır iqtisadi vəziyyətə düşmüş başqa bir icmaya yardım üçün ianə toplamağa çağırdığı parçanı təqdim edir. İlk baxışdan bu iki hadisə arasında heç bir əlaqə görünmür. Əslində isə belə bir əlaqə var. Şəhid hər şeyi Allahdan aldığını dərk edir. Onun xeyirxahlığına valeh olaraq əbədi olaraq Onunla yaşamaq istəyir və ölümü həyat qarşısında maneə kimi görmür. İşgəncə alətlərinin doğura biləcəyi qorxu qarşısında o, sevinclə özünü verməyə çağırıldığını hiss edir və bu daxili təkanla bir anlıq qorxuya qalib gəlir. Şəhid öz həyatını sevinclə fəda edir, çünki Allahın onu dərhal özünə qaytaracağına, özü də yüzqat artıraraq qaytaracağına möhkəm inanır. Bəs insan necə sevinclə ölə bilər? Müqəddəs Assizili Fransisk şəhid kimi ölmədi. Lakin ölüm ayağında olarkən onun təbliği sayəsində imana gəlmiş zadəgan romalı xanım Yakopanın adətən onun üçün bişirdiyi mostaççoli şirniyyatlarından gətirilməsini xahiş etdi. Qəribədir, elə deyilmi? O, sərt bir zahid kimi ölmək istəmədi. Əksinə, taqətdən düşmüş bədəni ilə yer üzündəki son gününü bayram etmək istədi.

İNCİL Yəhya 12,24-26

Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.

Təfsir

İncilin baxış bucağından insan varlığının həqiqəti tamamilə başqa cür görünür. Bizə elə gəlir ki, biz yalnız burada, yer üzündə, cismani duyğularımız - görmə, eşitmə, toxunma və s. vasitəsilə yaşayırıq; ölümdən sonra isə, bu duyğular sönəndə bizi nəyin gözlədiyini bilmirik. Ateistlər isə ümumiyyətlə heç nəyin olmadığına inanırlar. İsa üçün isə hər şey tam əksinədir: həqiqi həyat məhz ölümdən sonra başlayır, varlığımızın bu ilk mərhələsi isə bizə «ölməyi öyrənmək» üçün verilib. Bu, əlbəttə, yer üzündəki həyatımızın yalnız əzablardan ibarət olması demək deyil. Lakin ilk günahın nəticəsi olan müxtəlif sınaqları gileylənmədən qəbul etməyi öyrənməliyik. Kardinal Ancelo Komastri iki insan arasındakı məhəbbət – deməli, həm də bizim İsa ilə münasibətimiz – haqqında düşünərkən yazır: «Həqiqi məhəbbət ruhların elə bir vəhdətinə aparır ki, insanlar sanki bir şəxs imiş kimi eyni kədərləri yaşayır və eyni sevinclərə şərik olurlar. Ən başlıcası isə, həqiqi məhəbbət insanı sevdiyi şəxsin əzablarını öz üzərinə götürməyə sövq edir. Sevdiyin insanın zövq və sevinclərinə şərik olmaqdan imtina etmək olar, lakin onun əzablarına şərik olmamaq mümkün deyil». Belə yaşayan insan hər şeyi anlayıb və özünü əbədi həyata hazırlayır. İncilin son cümləsi isə insanı heyrətləndirir: «Kim Mənə xidmət edərsə, Atam ona hörmət edəcək». Bu sözlər bizə, bəlkə də, inanılması çətin olacaq qədər böyük bir vəd kimi görünür. Amma həqiqət məhz budur.

10 avqust 2026, 11:16