Kardinal Pitsaballa: Müqəddəs Torpaqdakı xristianlar yorulublar, onlar sülh istəyirlər
Daniele Piççini – Assizi, İtaliya
Avqustun 6-da Papa XIV Leonun pastoral səfəri və Qlobal Dostluq və Ümid Evinin açılışı münasibətilə Assiziyə səfər edən Yerusəlimin Latın Patriarxı kardinal Pyerbattista Pitsaballa jurnalistlərlə söhbətində oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərinə də toxunub.
“Hamı seçkilərə elə baxır ki, guya onlar bütün problemləri həll edəcək. Əslində isə Yaxın Şərqin problemləri qısa müddətdə həll olunacaq məsələlər deyil. Bizə yeni simalar, yeni liderlər lazımdır. Kimin seçiləcəyinə isə seçicilər qərar verəcəklər”.
Vatican Mediaya danışan kardinal Yerusəlimdəki vəziyyəti «çox gərgin» adlandırıb. O qeyd edib ki, “hazırda nəzarətsiz bombardmanlarla müşayiət olunan açıq müharibə getməsə də, zorakılıq Qəzzada, İordan çayının Qərb sahilində, İsraildə və Fələstində insanlar arasındakı münasibətlərin əsas prizmasına çevrilib”.
– Sülh razılaşmaları və danışıqlarla bağlı ümidlərin davamlı şəkildə puça çıxması xristianlara necə təsir edir?
Hamı kimi xristianlar da yorulublar. İnsanlar artıq elan olunan, sonra isə hadisələrin gedişatı ilə təkzib edilən vədlərdən beziblər. Bu, gündəlik həyatın bir hissəsinə çevrilib. Təəssüf ki, bunun nəticəsində cəmiyyətdə getdikcə daha dərin etimadsızlıq yaranıb. İnsanlar artıq heç nəyə inanmırlar, hətta deyilən söz sonradan doğru çıxsa belə. Həqiqətən yaxşı bir hadisə baş verəndə də insanlar buna inanmaqda çətinlik çəkirlər, çünki xoş xəbərlər eşitməyə öyrəşməyiblər. Bir sözlə, vəziyyət son dərəcə ağırdır.
– Bütün bunlara baxmayaraq, ümid əlamətləri görürsünüzmü?
Bəli, ümid hələ də var. Çünki Qəzzada, İordan çayının Qərb sahilində və İsraildə özünü təhlükəyə atan çoxlu insan yaşayır. Mən mütəmadi olaraq həm gənclərlə, həm də yaşlı insanlarla, professorlarla və cəmiyyətdə müəyyən mövqeyi olan şəxslərlə görüşürəm. Onların itirəcəyi şeylər var, amma buna baxmayaraq, onlar insanları bir araya gətirməyə, başqalarını müdafiə etməyə çalışırlar. Həmin cəmiyyətin daxilində zorakılıq virusunun bütün orqanizmi məhv etməsinə imkan verməyən «müdafiə qüvvələri» hələ də mövcuddur.
– Bir neçə ay əvvəl Müqəddəs Ailə kilsəsinin İsrail raketi ilə vurulması hamını narahat etmişdi. Hazırda oradakı vəziyyət necədir?
Hazırda həmin icmada 541 nəfər yaşayır və biz onların hər birini adı ilə tanıyırıq. Onlar imkan daxilində normal həyata qayıtmağa çalışırlar. Biz məktəbi yenidən açmağa çalışırıq, tibbi mərkəz fəaliyyətə başlayıb. Orada keşişlər xidmət edir, xüsusilə uşaqlarla çalışan rahibələr çox fəaldırlar. Onlar yalnız xristian uşaqları ilə deyil, bütün uşaqlarla məşğul olurlar. Belə dağıdılmış bir mühitdə bizim əsas məqsədimiz insanlar üçün mümkün qədər sağlam və dinc həyat şəraiti yaratmaqdır.
– Hazırda sizi ən çox nə narahat edir?
Ən böyük narahatlığım budur ki, biz «nə müharibə, nə də sülh» adlandıra biləcəyimiz bu qeyri-müəyyən vəziyyətdə ilişib qala bilərik. Hamı həll yollarından danışır, amma real həllər ortaya çıxmır. Bu isə insanların qəlbində getdikcə daha dərin bir etimadsızlıq yaradır. Məncə, bu gün cəmiyyət üçün ən böyük təhlükə də məhz budur.
– Papa İtaliyadan və Avropanın müxtəlif ölkələrindən olan imanlı və imansız gənclərlə görüşəcək...
Yaşlı nəsil bizim yaddaşımızdır, gənclər isə ümidimizdir. Buna görə də gələcəyə inamla baxmalıyıq. Sabahın əsas qəhrəmanları onlar olacaq. Biz öz səhvlərimizdən nəticə çıxararaq gənclərə sərmayə qoymalıyıq ki, onlar bizdən miras aldıqlarından daha fərqli və daha yaxşı bir gələcək qura bilsinlər.
– Papa ilə görüşlərinizdə o sizə nə deyir?
Papa bizə çox yaxındır və Müqəddəs Torpaqda baş verən hər bir hadisədən yaxşı xəbərdardır. Bu, bizim üçün son dərəcə önəmlidir. O, həqiqətən bizim yanımızdadır. Papanın Müqəddəs Torpağa səfərinə gəlincə, gec-tez bu səfər mütləq baş tutacaq. Lakin bunun sülh və sabitlik şəraitində reallaşması vacibdir.
– Assizi, Papa, sülh və dinlərarası dialoq... Bu ilin oktyabrında Müqəddəs II İoann Pavelin 27 oktyabr 1986-cı ildə dünyanın müxtəlif dinlərinin nümayəndələrini Assizidə ümumdünya sülh duasına toplamasının 40 illiyi qeyd olunacaq. Bu yubiley necə xatırlanmalıdır?
Ən vacibi odur ki, bu yubiley nostalji tədbirinə çevrilməsin. Biz yalnız keçmişə deyil, gələcəyə baxmalıyıq. Son qırx il ərzində çox mühüm işlər görülüb. Lakin dünyanın müxtəlif bölgələrində, xüsusilə də Yaxın Şərqdə davam edən münaqişələr göstərir ki, indi yeni dönüş nöqtəsindəyik. Arzum budur ki, bu ildönümü yeni bir yolun - indiyədək əldə olunan bütün müsbət nəticələri qoruyub saxlayan, eyni zamanda bu gün qarşımızda duran çağırışlara cavab verən, səmimi, həqiqi və bəhrəli bir yolun başlanğıcı olsun.