Liturgiya oxunuşları: 31 İYUL. Müq. İqnatiy Loyola, keşiş
Müqəddəs İqnatiy Loyola deyirdi: «Bir çox insanlar demək olar ki, yalnız adı ilə xristiandırlar. Halbuki onlar Allahın iradəsinə və Onun lütfünün fəaliyyətinə müqavimət göstərməsəydilər, müqəddəs ola bilərdilər. Çox az adam anlayır ki, əgər Allaha mane olmasa, O ondan necə bir insan yarada bilər.» İqnatiy özü də həyatını tamamilə Allahın ixtiyarına verdi. Onun həyatında dönüş nöqtəsi 1521-ci il mayın 20-də, fransızların Pamplona qalasını mühasirəyə alması zamanı top mərmisinin qəlpəsi ilə ağır yaralanması oldu. 1491-ci ildə Basklar ölkəsinin Aspetia şəhərində dünyaya gələn İqnati ailənin kiçik oğullarından biri idi. O, cəngavər olmağı arzulayırdı və Kastiliya sarayında xidmət etməyə başlamışdı. Saray həyatı onda nəcib davranış qaydaları və döyüşçü xarakteri formalaşdırmışdı. Lakin aldığı yara onun həyatının istiqamətini tamamilə dəyişdirdi. Uzun sürən sağalma dövründə o, «Qızıl Əfsanə» və «Məsihin həyatı» kitablarını oxudu. Bu kitablar onu dərin bir həqiqətə gətirdi: xidmət edilməyə layiq olan yeganə Rəbb İsa Məsihdir. Müqəddəs Torpağa ziyarətə getmək qərarına gələn İqnatiy yolüstü Monserrat ziyarətgahında dayanaraq iffət andı verdi, zəngin geyimlərini çıxarıb kasıb paltarları geyindi. Müqəddəs Torpağa çatdıqdan sonra ömrünün sonuna qədər orada qalmaq istədi. Lakin fransiskanların rəhbəri onun ilahiyyat biliyini hələ kifayət qədər yetkin hesab etmədiyi üçün buna icazə vermədi. İqnatiy Avropaya qayıtdı və təhsilini davam etdirdi. Parisdə o, sonradan ilk həmməsləkləri olacaq gənclərlə tanış oldu və onlarla birlikdə yoxsulluq andı verdi. Onlar yenidən Müqəddəs Torpağa getməyi planlaşdırsalar da, bu niyyət baş tutmadı. Bundan sonra İqnatiн və yoldaşları özlərini tamamilə Papanın ixtiyarına verdilər. Papa onlara belə dedi: «Nə üçün Yerusəlimə getmək istəyirsiniz? Kilsədə bəhrə vermək üçün İtaliya da gözəl bir Yerusəlimdir.» 1538-ci ildə Papa III Pavel İsa Cəmiyyətini kanonik şəkildə təsdiq etdi. Sonralar yezuitlər adı ilə tanınacaq bu dini icmanın əsas xüsusiyyəti güclü missioner ruhu idi. Onun üzvləri əvvəlcə Avropaya, sonra Asiyaya və dünyanın müxtəlif ölkələrinə göndərildilər ki, Müjdəni bütün xalqlara çatdırsınlar. Papanın itaətinə sadiq qalaraq Müqəddəs İqnatiy özü Romada qaldı. O, İsa Cəmiyyətinin fəaliyyətini əlaqələndirir, yoxsullara, yetimlərə və xəstələrə xidmət edirdi. Buna görə də onu «Romanın həvarisi» adlandırırdılar. O, gecə cəmi dörd saat yatırdı. Qaraciyər sirrozu və öd daşı xəstəliyinin yaratdığı ağır əzablara baxmayaraq, son nəfəsinə qədər xidmətini davam etdirdi. Nəhayət, 1556-cı il iyulun 31-də Romadakı sadə hücrəsində Rəbbə qovuşdu.
BİRİNCİ OXUNUŞ Yer 26,1-9
Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu: «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə. Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”. Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız, dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm». Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi. Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən. Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.
Təfsir
Yeremyanın dövründə Şilo məbədində baş vermiş hadisəni xatırlatmaq xalq üçün son dərəcə sarsıdıcı idi. Yerusəlimdən təxminən qırx kilometr aralıda yerləşən Şilo uzun müddət Rəbbin Əhd Sandığının saxlanıldığı yer olmuşdu. Yerusəlim məbədi tikilənədək Allahın müqəddəs hüzurunun rəmzi məhz burada qorunurdu. Əhd Sandığına kahin Eli nəzarət edirdi. Lakin filiştlilərlə döyüş zamanı israillilər ağır məğlubiyyətə uğradılar. Bunun əsas səbəbi Elinin iki oğlunun günahlı həyatı və Allah qarşısındakı sədaqətsizliyi idi. Nəticədə filiştlilər Əhd Sandığını ələ keçirərək öz düşərgələrinə apardılar. Bu, İsrail tarixinin ən böyük rüsvayçılıqlarından biri idi. Allahın Əhd Sandığı bütpərəstlərin əlinə keçmişdi. Bütün xalq bu hadisəni dərin utanc hissi ilə xatırlayırdı. Filiştlilər Sandığı cəmi altı ay saxladıqdan sonra geri qaytarsalar da (bax: **1 Şam. 6:1**), həmin alçaldıcı hadisə xalqın yaddaşından heç vaxt silinmədi. Buna görə də Yeremya xəbərdarlıq edəndə ki, xalq peyğəmbərləri rədd etməkdən əl çəkməsə və bütün qəlbi ilə Allaha qayıtmasa, Şiloda baş verən faciə yenidən təkrarlanacaq, kahinlər qəzəbə gəldilər. Halbuki onlar peyğəmbərə qarşı çıxmaq əvəzinə, sinələrinə döyüb tövbə etməli, öz sədaqətlərini yenidən Allaha həsr etdiklərini göstərməli idilər.
İNCİL Matta 13,54-58
Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
Təfsir
Bugünkü birinci oxunuşda Allah xalqını məzəmmət edir. Çünki O, peyğəmbərlərini onlara dönə-dönə, yorulmadan və böyük səbirlə göndərsə də, onlar bu elçilərə qulaq asmırlar. Müjdədə isə İsa Özünü yeni Peyğəmbər kimi təqdim edir. O, Nazaretə gəlir, sinaqoqda Yeşaya peyğəmbərin kitabından bir parçanı oxuyur və bəyan edir ki, əsrlər əvvəl söylənmiş bu sözlər həmin gün, məhz Onun şəxsində yerinə yetmişdir. Lakin insanların reaksiyası Yeremyaya qarşı çıxan qədim israillilərin davranışından heç nə ilə fərqlənmirdi. Onlar eşitdikləri həqiqəti qəbul etmək əvəzinə, İsanın mənşəyini müzakirə etməyə başladılar. «Bu dülgər deyilmi?» – deyə soruşurdular. Onların düşüncəsinə görə, sadə bir dülgər nə peyğəmbər, nə də Allah tərəfindən göndərilmiş bir şəxs ola bilərdi. Bir məsəl var: «Eşitmək istəməyən qədər kar insan yoxdur».Bu söz bugünkü Müjdəyə tam uyğundur. Allahın Kəlamı azaddır və həmişə azad qalır. Onu qəbul edən insan yeni bir yaradılışa çevrilir. Lakin Allahın yeni vəhyinə qəlbini bağlayan kəs Məsihin gətirdiyi yeniliyin xaricində qalır. Məhz buna görə İncil deyir: «İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı». Səbəb Onun qüdrətinin az olması deyildi. Sadəcə, onlar Ona iman etmirdilər və belə bir qəlbdə hətta möcüzələr belə bəhrə verməzdi. Bununla belə, İsa Nazaretdə yenə də bəzi möcüzələr göstərdi. Bu isə onu göstərir ki, həmin şəhərdə elə insanlar da var idi ki, İsanı uzun illər sadə bir dülgər kimi tanımalarına baxmayaraq, Onun Məsih olduğuna iman gətirdilər.