Axtar

2019.09.19 Protezione degli oceani, pesci, mare, ecologia, salvaguardia pianeta Terra, tutela ambiente

Liturgiya oxunuşları: 30 İYUL. Adi Dövrün XVII həftəsinin cümə axşamı

“Allah insana çox aydın bir göstəriş verir: əgər yaşamaq, həyatdan həqiqi sevinc almaq istəyirsənsə, yadda saxla ki, sən məxluqsan, xeyirlə şəri müəyyən edən meyar sən deyilsən. Unutma ki, verdiyin hər bir qərarın həm sənin özün, həm başqaları, həm də bütün dünya üçün nəticələri olacaq (Yar 2,16-17). Sən Yer üzünü ecazkar bir bağa da çevirə bilərsən, ölüm səhrasına da. Bu, insanın öyrənməli olduğu ən əsas həqiqətdir" (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ  Yer 18,1-6

Rəbdən Yeremyaya bu söz nazil oldu: «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi. Mənə yenə Rəbbin sözü nazil oldu: «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli.

Təfsir

Çox vaxt əməllə təsdiqlənən nəsihət insan yaddaşında daha dərindən iz buraxır. Simvolik bir hərəkət özündə bir mesaj daşıyır: insan həmin mənzərəni hər dəfə xatırlayanda, onun həyatı üçün mənasını da yada salır. Məhz buna görə də Yezekel və Yeremya peyğəmbərlər Allahın əmri ilə digər peyğəmbərlərdən daha çox simvolik hərəkətlərdən istifadə edirdilər. Dulusçu haqqında verilən nümunə olduqca aydındır. Əgər hazırladığı qab qüsurlu alınarsa, dulusçu gil hələ yumşaq ikən onu yenidən yoğurur və daha mükəmməl bir qab düzəldir. Allah da bizimlə eyni cür davranır. Biz Ondan uzaqlaşsaq belə, O, bizi kamilləşdirən işini dayandırmır və Öz əlləri ilə formalaşdırmağa davam edir. Lakin bu həqiqət başqa bir çağırışı da ehtiva edir: biz Allahın üzərimizdə işləməsinə mane olmamalıyıq. Gil itaətkardır, yumşaqdır və ustanın əllərinə müqavimət göstərmir. Təsəvvür edin ki, gil bərkiyər və ya dulusçu ona forma verərkən müqavimət göstərməyə başlayardı. Belə olsaydı, ondan heç vaxt gözəl bir qab alınmazdı. Gəlin Müqəddəs Ruha imkan verək ki, bizdə Allahın nəzərdə tutduğu o kamil surəti formalaşdırsın. Kilsə dövründə bu kamillik «Məsihə bənzəmək» adlanır. Həvari Paul da bunu belə ifadə edir: «Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm» (Qal 4,19).

İNCİL Matta 13,47-53

Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq». İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.

Təfsir

İlahiyyatçı  - Müqəddəs Yazını araşdıran alimdir. Yəhudi ənənəsində o, Allahın Qanununu izah edən və xalqın gündəlik həyatında yaranan sualları Müqəddəs Yazılar əsasında cavablandıran əsas şəxs idi. Çünki məhz Müqəddəs Yazılarda Allahın hökm edən səsi eşidilir. Lakin indi Allahın Kəlamı dünyaya gəlib, bədən alıb insan olub. Buna görə də bütün Müqəddəs Yazılar artıq Onun İlahi Təcəssümü işığında başa düşülür və öz tam mənasını qazanır. Məsihi qəbul etmiş ilahi qanun müəllimi iman həqiqətlərini əvvəlki kimi Əhdi-Ətiqin xəzinəsindən götürməyə davam edir, lakin artıq hər bir sözü dirilmiş Məsihin İlahi Vəhyinin nuru ilə işıqlandırır. Beləcə, hər şey öz son və kamil mənasını tapır. Elə buna görə də biz Müqəddəs Messada Əhdi-Ətiqdən oxumağa davam edirik. Lakin onu Məsihin gəlişinə hazırlıq kimi oxuyur və şərh edirik. Çünki hər şey haqqında son və qəti Kəlam məhz Odur. Bu günün ilahi qanun müəllimləri keşişlərimizdir. Eyni zamanda, evimizdə Müqəddəs Kitabı oxuduğumuz zaman hər birimiz müəyyən mənada bu xidmətə qoşuluruq. Buna görə də Müqəddəs Yazını oxumazdan və oradan «həm köhnəni, həm də yenini» çıxarmağa çalışmazdan əvvəl Müqəddəs Ruha dua etmək həmişə faydalıdır. Beləcə, Müqəddəs Yazını öz şəxsi mülahizələrimizə görə deyil, bu sözləri ilhamlandırmış Müqəddəs Ruhun iradəsinə uyğun şəkildə anlaya və şərh edə bilərik.

29 iyul 2026, 19:36