Liturgiya oxunuşları: 29 İYUL. Müq. Marta, Məryəm və Lazar
Betaniyada yaşayan iki bacı və bir qardaşın – Marta, Məryəm və Lazarın – İsa ilə tamamilə xüsusi münasibəti var idi. Bu münasibətin təməlində həm dərin iman, həm də səmimi insani dostluq dayanırdı. Yerusəlimdən bir neçə kilometr aralı yerləşən Betaniya kəndindəki bu evdə Rəbb İsa ailə istiliyini, Martanın, Məryəmin və Lazarın dostluğunu yaşayırdı. Elə buna görə də Yəhyanın Müjdəsində xüsusi olaraq vurğulanır ki, İsa onları sevirdi. O, tez-tez onların evində qonaq olur, süfrələrini bölüşürdü. Yəhyanın Müjdəsi Lazarın dirildilməsindən sonra təşəkkür əlaməti olaraq təşkil edilən şam yeməyini də təsvir edir. Papa Fransisk bu səhnə üzərində düşünərək qeyd edirdi ki, Marta və Məryəm İsanı müxtəlif yollarla qəbul edirdilər. Məryəm Onun ayaqları yanında oturaraq sözünə qulaq asırdı, Marta isə xidmət qayğıları ilə məşğul olurdu. Lakin bu iki yanaşmanı bir-birinə qarşı qoymaq olmaz. Əksinə, onlar heç vaxt ayrılmamalı, insanın həyatında dərin vəhdət təşkil etməlidirlər. Qardaş naminə konkret əmələ çevrilməyən dua səmərəsiz və natamamdır. Eyni zamanda insan yalnız fəaliyyətlə məşğul olarsa, həyatının mərkəzində Məsihə ayrılan yeri itirmək təhlükəsi ilə üzləşər. Müjdələr həmçinin Lazarın dirildilməsindən bəhs edir. İsa ona uca səslə müraciət edir: «Lazar, çıx bayıra!» (Yəh 11, 43). Lazar dərhal bu çağırışa cavab verir:«Ölmüş adam əl-ayağı kəfənlə sarınmış, üzü də yaylıqla bağlanmış halda çölə çıxdı» (Yəh 11, 44). Bütün bunlar, hər şeydən əvvəl, Martanın imanının bəhrəsi idi. O, artıq Lazarın öldüyü və dəfn edildiyi halda belə, ümidsiz görünən vəziyyətdə ümid etməyə davam edirdi. Marta qəti əmin idi ki, İsa üçün mümkünsüz heç nə yoxdur. Beləliklə, Məryəm bizə İsanı Onun sözünə qulaq asaraq qəbul etməyi öyrədir. Marta İsanı əməli xidmət və gözlərin görə bilmədiyini görən sarsılmaz imanla qəbul etməyin nümunəsini göstərir. Lazar isə Rəbbin çağırışına dərhal və tərəddüd etmədən cavab verməyin örnəyidir.
BİRİNCİ OXUNUŞ 1 Yəhya 4,7-16
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq.
Təfsir
2021-ci ildə liturgik təqvimə daxil edilən bu xatirə günü ilə Kilsə Lazarın, Martanın və Məryəmin Yer üzündəki həyatı zamanı Rəbb İsa Məsihə göstərdikləri məhəbbəti və dostluğu ehtiramla yad edir. Biz düşünməməliyik ki, İsa Allah olduğu üçün Özü ilə tamamilə kifayətlənən bir Varlıq idi və insanların Ona olan sevgisi və ya nifrəti Onun üçün heç bir əhəmiyyət daşımırdı. Belə düşünən insan sanki Rəbbin hisslərinin olmadığını, Onun sadəcə «insanabənzər», lakin həqiqi insan olmadığını təsəvvür edir. Halbuki bu, həqiqətə uyğun deyil. İsa fariseylərin və başqa insanların Onu rədd etməsindən əzab çəkirdi. Eyni zamanda, Onu qəbul edənlərin və sevənlərin məhəbbətindən sevinc və təsəlli tapırdı. Məryəm Anadan sonra Onu ən çox sevən insanlar arasında məhz Lazar, Marta və Məryəm xüsusi yer tuturlar. Rəbb Yəhudeyaya, Yerusəlim ətrafına gəldikdə, onlar Öz evlərinin qapısını və ürəklərini Ona açır, səmimi qonaqpərvərlik göstərirdilər. Bu gün oxunan Yəhyanın Məktubundan olan parçanın də təriflədiyi məhz budur: qardaş sevgisi, saf, tamamilə təmənnasız, xidmət ruhu ilə dolu və insana təsəlli verən məhəbbət. Bu, ən dərin mənada insani məhəbbətdir. Əgər insanlar bir-birlərini belə sevə bilsəydilər, dünya artıq indidən Cənnətin astanasına çevrilərdi. Gəlin, bu gün Lazar, Marta və Məryəmə Rəbb İsaya göstərdikləri məhəbbətə görə minnətdarlığımızı bildirək və imkanımız çatdığı qədər onların nümunəsini həyatımızda yaşamağa çalışaq.
İNCİL Yəhya 11,19-27
Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». İsa ona «qardaşın diriləcək» dedi. Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».
Təfsir
İncildə İsa Məsih haqqında söylənmiş ən uca iman etiraflarından biri məhz Martanın dilindən səslənir: «ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən » (Yəh 11, 27). İlk baxışdan elə görünür ki, bu üç bacı-qardaş arasında Marta kölgədə qalmalı idi. Məryəm Rəbbin ayaqları önündə oturub Onun sözünü diqqətlə dinləyən şagirddir. Lazar ölülər arasından dirildilmiş, Allahın qüdrətinin canlı əlamətidir. Marta isə süfrə hazırlayan, qonağa xidmət göstərən ev sahibəsidir və sanki diqqət mərkəzindən uzaqda qalır. Lakin görünür ki, onun imanı son dərəcə möhkəm və sarsılmaz idi. Çünki o, heç bir tərəddüd etmədən İsanın Məsih olduğunu bəyan edir. Bəzən bizi ən çox məhz böyük görünməyən insanlar heyrətləndirirlər. Axı nə Məryəm, nə də Lazar Müjdədə Rəbb İsaya belə möhtəşəm iman etirafı söyləmirlər. Məhz Marta, qardaşının məzarı önündə, İsanın «Mənə iman edən heç vaxt ölməyəcək» sözlərini eşitdikdən sonra bu sarsılmaz etirafı edir. Beləcə, göz önündə ən az görünən insan birdən-birə hadisələrin mərkəzinə çıxır. O göstərir ki, Martanın mətbəxdəki səssiz xidməti sadəcə görünməyən zəhmət deyildi. Bu xidmət onun imanının yetişdiyi, Allah həqiqətlərinin dərinləşdiyi bir məktəbə çevrilmişdi. Məryəm bizə Rəbbi dinləməyi öyrədir. Lazar ölüm üzərində Məsihin qələbəsinin canlı şahididir. Marta isə böyük və sarsılmaz imanın sahibi olan xidmətçi ev sahibəsinin nümunəsidir.