Liturgiya oxunuşları: 28 İYUL. Adi Dövrün XVII həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yer 14,17-22
Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım ağır bir yara aldı, şiddətli bir zərbə yedi. Çölə çıxıram, qılıncla öldürülənləri görürəm, şəhərə girirəm, aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də bixəbər olaraq ölkəni dolaşır. Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, ancaq dəhşət gəlir. Ya Rəbb, pisliyimizi, atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik. Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal. Millətlərin bütləri arasında yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin.”
Təfsir
Peyğəmbər xalqın günahını təvazökarlıqla etiraf edir və onun acı nəticələrinə yas tutur. Biz də günaha düşəndə Allah qarşısında məhz belə davranmalıyıq. Elə bir günah yoxdur ki, Allah onu bağışlaya bilməsin. Lakin Onun bağışlamasını qəbul etmək üçün əvvəlcə günahımızı etiraf etməliyik. İsrail xalqının tarixində bu məsələ hər şeydən əvvəl dini məna daşıyırdı. Boş bütlər xalqın ardınca getdiyi, qəbul etdiyi saxta allahlar idi. Onlar həqiqi Ata olan Allahdan üz döndərərək ümidlərini bütlərə bağlamışdılar. Bu parçanı bu günümüzə də tətbiq etmək olar, əgər müasir bütlərin həm qlobal, həm də şəxsi həyatımızdakı yerinə diqqət yetirsək. Bəs bizim bütlərimiz nədir? Onlar bütün ümidimizi bağladığımız, maddi, psixoloji və ya mənəvi ehtiyaclarımızı təmin edəcəyinə tam etibar etdiyimiz hər bir reallıq və ya vəziyyətdir. Zaman keçdikcə onlar əvəzolunmaz və mütləq dəyərə çevrilərək Allahın yerini tutmağa başlayırlar. Müasir cəmiyyətdə bunun nəticəsi bəlkə də müharibə və ya aclıq deyil, lakin daha tanış bəlalar - kədər, depressiya, narahatlıq və daxili boşluqdur. Çünki bütlər insanı nə xilas edir, nə şəfa verir, nə də ona həqiqi həyat bəxş edir. Yer üzünün nemətləri özlüyündə pis deyil. Onlar Allahın bizə bəxş etdiyi hədiyyələrdir. Lakin bütün bu nemətlər bizi yeganə həqiqi Xeyirə - Allahın Özünə yönəltməlidir.
İNCİL Matta 13,36-43
O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
Təfsir
Rəbb İsa bu hissədə dövrün sonu və imanımızın dəyişməz həqiqətlərindən biri olan Son Məhkəmə haqqında açıq şəkildə danışır. Biz bunu hər bazar günü İman Simvolunda etiraf edirik: «Yenidən izzət içində gələcək, diriləri və ölüləri mühakimə edəcək.» Salehləri əbədi mükafat, qanunsuzluq edənləri isə od kürəsi gözləyir. Məsihin Məhkəməsi tam ədalətli olacaq, çünki Allah Öz mahiyyətinə görə ədalətlidir. İnsan sonda özü olmaq istədiyi şəxsə çevriləcək. Çünki məhəbbət yalnız azadlıq şəraitində mümkündür. İnsan ya mərhəmət yolunu, ya da şər yolunu seçə bilər. İnsanın böyüklüyü də məhz bundadır. Bizi heyvanlardan və cansız varlıqlardan fərqləndirən də budur. Allahın surətində və bənzərində yaradıldığımız üçün Onun azadlığında da iştirak edirik. Biz mələklər kimi də ola bilərik, cinlər kimi də. Seçim bizim öz əlimizdədir. Bu dünyada yaşadığımız müddətdə istiqamətimizi dəyişmək imkanımız həmişə var. Həyatımızda nə qədər səhv etmiş olsaq da, tövbə, bağışlanma və Müqəddəs Ruhun yeniləyici fəaliyyəti hər bir insan üçün açıqdır. Lakin bu dünyadan köçdükdən sonra insan ürəyinin həyatı boyu seçdiyi yerdə əbədi qalacaq. Çünki İncilin başqa bir yerində Rəbb belə buyurur: «Xəzinən haradadırsa, ürəyin də orada olacaq» (Matta 6, 21).